Türkiyə-Azərbaycan birliyi qardaşlığımızın ifadəsi, həmrəyliyimizin rəmzidir

Türkiyə-Azərbaycan birliyi qardaşlığımızın ifadəsi, həmrəyliyimizin rəmzidir

Bəli, bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı, sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da belə olacaq. Qələbə Zəfəri ilə - Qarabağ Azərbaycandır! Azərbaycan-Türkiyə “Bir millət, iki dövlətdir!”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək Zəfər Günü münasibətilə təbrik etməsi, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzularını çatdırması, öndərlərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci-sevincimiz, kədəri-kədərimizdir” tarixi hökmlərinin həqiqətdən qaynaqlandığını dünyaya nümayiş etdirdi. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə ali səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib. Prezident İlham Əliyev bu Qələbənin qazanılmasında Türkiyənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın dəstəyini bir daha yüksək qiymətləndirərək, xüsusi olaraq vurğulayıb ki, məhz müharibənin ilk günlərindən Türkiyə Prezidentinin qətiyyətli mövqeyi və bəyanatları bütün dünyaya göstərib ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bütün bunlar xalqımıza və Ordumuza böyük mənəvi dəstək olub. Dövlətimizin başçısı telefon söhbəti zamanı Türkiyə Prezidentinin bu yaxınlarda Füzuli və Zəngilan rayonlarına səfərinin Azərbaycan-Türkiyə qardaşlığının daha bir təzahürü olduğunu vurğulayıb.

Dövlət başçıları Qələbənin Azərbaycan-Türkiyə qardaşlığı və birliyinin növbəti bir parlaq səhifəsi olduğunu qeyd ediblər. Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə, Azərbaycan ilə Türkiyənin daim bir-birinin yanında olacaqlarına əminlik ifadə edilib.

Bütün bunlar bir daha Türkiyə-Azərbaycan birliyinin göstəricisidir. Dövlət başçımızın dediyi kimi: «Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün örnək olmalıdır. Bu gün biz real həyatda bunu göstəririk, sübut edirik və bu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaq».

Sevindirici haldır ki, tarixən, bu iki dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi, əksinə, öndərlərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci-sevincimiz, kədəri-kədərimizdir” tarixi hökmlərinin həqiqətdən qaynaqlandığını dünyaya nümayiş etdirdi. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə ali səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

“Güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”

Bəli, bu gün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olarkən dediyi kimi: “Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari - bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir. Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında Azərbaycana həmişə bütün imkanları ilə dəstək olacaqlarını bildirib: “Azərbaycan bütün dünyaya örnək olacaq bir model ilə bu bölgəni inkişaf etdirmək üçün fəaliyyətini davam etdirir”.

Təməli qoyulan layihələrin, tunellərin, avtomobil yollarının bölgədə görülən işlərin miqyasını göstərmək baxımından çox önəmli olduğunu qeyd edən Türkiyə Prezidenti deyib: “Bu fəaliyyətə liderlik edən İlham qardaşımı və əməyi keçən hər kəsi ürəkdən təbrik edirəm. Podratçı firmaları təbrik edirəm. Podratçı firmaların işi ən yüksək təqdirə layiqdir. Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməyə, bütün imkanlarımızla dəstək olacağıq”.

Oktyabrın 26-da Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın Qarabağa ikinci səfəri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etməsi, Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, Zəngilan rayonunda “Dost Aqropark”ın təməlinin qoyulması, “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olması bir daha qardaş ölkənin Azərbaycanın uğurlarını, sevincini paylaşmasınını reallığıdır. Zəngilanda keçirilmiş görüşlər zamanı bir daha dünyaya mesaj verildi ki, hər iki ölkənin liderləri öz əməli fəaliyyətləri ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirirlər. Bu gün öz liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar əldə edib, bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul edilir.

Həmçinin, tarixi hadisə kimi yaddaşlarda qalan Şuşada və Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın dövlət himnlərinin səslənməsi bir daha iki qardaş ölkənin birliyinin böyük gücə çevrildiyini nümayiş etdirməklə yanaşı, həm də qardaş Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, işğaldan azad olunmuş ərazilərə səfərləri dünyaya mesajdır. Bu mənada, Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Çünki bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, iki qardaş ölkə bir yerdədir, birliyi sarsılmazdır və əbədidir.

Bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı, sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə