"Bu iqtisadi yüksəlişin də mərkəzində Azərbaycan və Türkiyə olacaq" - DEPUTAT ŞƏRH EDİLDİ

"Bu iqtisadi yüksəlişin də mərkəzində Azərbaycan və Türkiyə olacaq" - DEPUTAT ŞƏRH EDİLDİ

“Azərbaycan xalqının bayram günləri çoxdur. Hesab edirəm ki, bu bayramların içərisində xüsusi yer tutan bütün xalqın böyük coşqu ilə qeyd etdiyi 8 noyabr – Zəfər günüdür. Məhz bu bayram Azərbaycan xalqının 30 illik həsrətinə son qoymuş günlə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı bir yumruq kimi birləşərək, müzəffər Azərbaycan Ordusunun qalibiyyətli hücum əməliyyatını təmin edərək 30 illik işağala son qoymuş oldu: “Erməni işğalçıları darmadağın olundu, Azərbaycanın ərazi bütövlüyü təmin olundu və Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı bütün ərazilərimizdə dalğalanmaqdadır. Təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda hakimiyyətsizlik hökm sürürdü. Hakimiyyətdə xalqın inandığı, güvəndiyi lbir lider yox idi. Məhz bu hərc-mərcliyin və lidersizliyin səbəbi ilə torpaqlarımız işğal olundu. Azərbaycan xalqı çox haqlı olaraq o zaman Naxçıvanda yaşayan Ümummilli Lider Heydər Əliyevi hakimiyyətə təkidlə dəvət etdi və 1993-cü ilin 15 iyun tarixində Ümummilli Lider Azərbaycanda hakimiyyəti öz üzərinə götürərək Azərbaycanın müstəqil dövlətçiliyin əsasını qurmuş oldu. Biz 44 günlük müharibənin qələbə zəfərini ən azı 27 il yol gedərək əldə etdik. Ümummilli Liderin başlatdığı işləri cənab Prezident İlham Əliyev 2003-cü ildən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirərək müasir Azərbaycan Ordusunu qurdu və Azərbaycan gəncliyini yetişdirdi. Məhz ordunun maddi-texniki bazası ilə yanaşı bizim qalibiyyətimizin əsas səbəbi döyüş ruhu olan gənclərimizin, hərbiçilərimizin yetişməsi idi. Ali Baş Komandanın səyləri nəticəsində bizim ordumuz bu gün dünyanın ilk 50 ən güclü ordusu sırasındadır. Biz torpaqlarımızı işğaldan azad edərək dünyaya bir çox həqiqətləri bəyan etmiş olduq”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq-abadlıq işləri görülür, infrastruktur layihələri həyata keçirilir: “Artıq Şuşanı yenidən qurmağa başlamışıq. Ağdamın, Füzulinin, Zəngilanın, Cəbrayılın baş planları hazırdır. 8 noyabr qələbəsi şübhəsiz ki, bizim tariximizin ən şərəfli günü olmaqla yanaşı, həm də bölgəyə davamlı sülh, əmin-amanlıq, ədalət və əməkdaşlıq gətirən bir gün kimi tariximizdə qalacaqdır. Zəngəzur dəlizi işə düşəndən sonra kommunikasiyalar açılacaq. Bölgədə böyük bir iqtisadi yüksəliş başlayacaq və bu iqtisadi yüksəlişin də mərkəzində Azərbaycan və Türkiyə olacaqdır. Bölgənin bütövlükdə ab-havası dəyişəcək. Türkiyənin regiona nüfuz etməsi və regionun iqtisadi-siyasi həyatında daha fəal iştirak etməsi bölgədə əmin-amalığı və tarazlığı da bərpa etmiş olacaq”.

Arzu Quurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə