“Ölkə rəhbərinin qətiyyəti, müdrik siyasətilə bütün müddəalar həyata keçiriləcək” - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Ölkə rəhbərinin qətiyyəti, müdrik siyasətilə bütün müddəalar həyata keçiriləcək” - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Qələbəni qeyd etdiyimiz bu günlər əlbəttə ki, qürurvericidir, hər bir Azərbaycan vətəndaşı üçün unudulmazdır, əziz günlərdir və xalqımız Zəfər bayramını çox böyük əhval-ruhiyyə ilə, möhtəşəm çanfəşanlıqla, atəşfəşanlıqla qeyd elədi. Bu təbiidir, çünki, biz bu günləri 30 il gözləmişdik, 30 il torpaq həsrəti ilə, yurd-yuva arzusu ilə yaşamışdıq və torpaqlarımızın erməni faşistlərindən azad olunması bizim tariximizə qızıl hərflərlə yazılan unudulmaz bir səhifədir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, Ermənistanın baş nazirinin təslim aktina imza atmasından keçən bir ildə işğaldan azad olunmuş ərazilərdə görülən möhtəşəm işlər, həyata keçirilən tədbirlər bir daha göstərdi ki, Azərbaycan xalqı qalib xalq adına layiqdir, Azərbaycan iqtisadiyyatı güclüdür, davamlıdır, Azərbaycan Prezidenti öz sözündə qətidir, Azərbaycan Ordusu öz sərhədlərini qorumağa qadirdir və Azərbaycan xalqı çətinliklərə baxmayaraq hər bir zaman birləşməyə, həmrəylik göstərməyə, vətəni müdafiə etməyə can atır və bu yolda heç bir itgi onu öz yolundan döndərə bilməz.

“Üçtərəfli bəyanatın, Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış bu aktın tələblərinin yerinə yetirilməsi bir qanuni tələbdir, çünki, bəyanatda bu müddəalar öz əksini tapır və onun müəyyən şərtlərinin yerinə yetirilməsi bizi sevindirir. İlk növbədə həmin bəyanata əsaslanaraq üç rayon döyüşsüz Azərbaycana qaytarıldı və həmin ərazilərdən erməni silahlı birləşmələri çıxarıldı. Digər tərəfdən artıq Azərbaycan Silahlı Qüvvələri müəyyən sərhəd zonalrında yerləşdilər və torpaqlarımızın müdafiəsi üçün lazım olan mövqeyi seçdilər.

Ancaq burada əsas məsələ erməni silahlı birləşmələrinin Qarabağ ərazilərindən tamamilə çıxarılmasıdır və bu tələb bu gün tam yerinə yetirilməyib, bu təəssüf doğurur. Bu gün də Azərbaycan ərazilərində erməni silahlı qruplaşmalarına rast gəlmək mümkündür. Bu, üçtərəfli bəyanatın tələblərinə ziddir. Sərhədlərin dəqiq müəyyənləşdirilməsi prosesi də tam başa çatdırılmayıb. Çox ciddi mübahisələr var. Ermənistan tərəfi bəyanatdan irəli gələn tələblərin yerinə yetirilməsinə laqeyidlik göstərir və bir çox hallarda buna mane olur, sözsüz ki, bu da yolverilməzdir.

Zəngəzur dəhlizinin açılması üçün artıq səylər birləşdirilib. Əlbəttə ki, cənab Prezident öz çıxışlarında bir neçə dəfə bəyan edib ki, əgər sülh yolu ilə, danışıqlar yolu ilə bu dəhlizin açılması mümkün olmasa biz başqa yol seçəcəyik və mütləq bu dəhliz açılmalıdır. Bunlar əlbəttə ki, istər sərhədlərin müəyyənləşdirilməsi, istər Zəngəzur dəhlizinin açılması və silahlı qruplaşmaların ərazilərimizdən tamamilə çıxarılması çox mühüm işlərdir. Sözsüz ki, bütün bunlar onu deməyə əsas verir ki, bu gün də Ermənistan 44 günlük o döyüşlərin dərslərindən lazımi nəticə çıxarmayıb, yenə də bir çox millətçi qruplaşmalar Ermənistanda revanş götürmək, yenidən müharibəyə hazırlıq görmək arzusunda çıxışlar edirlər. Hətta son günlərdə Ermənistanda keçirilən kütləvi tədbirlərdə onlar Zəngəzur dəhlizinin açılmasının qəti əleyhidarları kimi özlərini göstərirlər, Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasına, eləcə də Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsinə maneçilik yörədirlər və bunun mümkün olmadığını dilə gətirirlər və bildirirlər ki, türklərlə onların heç bir əlaqələri ola bilməz. Bütün bunlar xoşa gəlməyən, əməkdaşlığın, qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mane olan, onu ləngidən hallardır.

Elə bilirəm ki, bu müharibənin qarşısının alınmasında vasitəçilik rolunu oynayan Rusiya bu məsələlərin həllində öz qəti sözünü deməlidir. Əgər Rusiya dövləti müharibə dövründə Ermənistanın məğlub kimi bu akta imza atmasının təşəbbüskarı olmasaydı Azərbaycan Ordusu bir neçə gün ərzində öz torpaqlarını tamamilə erməni faşistlərindən təmizləyə bilərdi. Ancaq Azərbaycan Prezidenti o dövrdə də hadisələrə humanist mövqedən qiymət verdi, üçtərəfli bəyanatın imzalanmasının təfərdarı kimi çıxış etdi və bu gün də ölkə başçımız sülhün, əminamanlığın tərəfdarı kimi çıxış edir, qarşılıqlı əməkdaşlığın tərəfdarıdır.

Üçtərəfli bəyanatın imzalanmasından keçən bir il ərzində Azərbaycan dövlətinin dünyada olan nüfuzu demək olar ki, qat-qat artıb. İşğaldan azad olunan ərazilərdə həyata keçirilən çox mühüm tədbirlər, beynəlxalq görüşlər, çəkilən yollar, salınan körpülər, tunellər, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, bir çox ölkələrin siyasi xadimlərinin, xüsusilə qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki dəfə, işğaldan sonra Qarabağa gəlməsi, Şuşada, Füzulidə, digər regionlarda olması bizim siyasi uğurlarımızdır, dünyada möhkəmlənən beynəlxalq nüfuzumuzdur. Bu gün bütün dünya demək olar ki, Azərbaycanda gedən bu quruculuq, abadlıq işlərinə böyük önəm verir, Azərbaycan Prezidentinin yürütdüyü siyasəti dəstəkləyir. Çünki, bu siyasət sülhə, əminamanlığa yönəlib və gələcək vəzifələrin həyata keçirilməsi üçün çox vacibdir.

Bu qənaətdəyəm ki, ölkə rəhbərinin qətiyyəti, onun müdrik siyasəti nəticəsində üçtərəfli bəyanatda əksini tapan bütün müddəalar tez bir zamanda həyata keçiriləcək və artıq ermənilər də bunu dərk edirlər. Düzdür, bir çox millətçilərin bəyanatları, çıxışları, məsələlərin həll olunmasını ləngitsə də artıq ağlı olan ermənilər başqa çıxış yolunun qalmadığı qənaətindədirlər. Mən əminəm ki, olkə rəhbərinin böyük siyasəti nəticəsində bu məsələlər tez bir zamanda öz həllini tapacaq. Çünki, artıq region dövlətləri də bu məsələdə maraqlıdırlar. Dünya Qafqazda sülhün, əminamanlığın bərqərar olunmasının tərəfdarıdır. Digər tərəfdən artıq dünya ölkələri Azərbaycan Prezidentinin gücünü, Azərbaycan Ordusunun qüdrətini, Azərbaycan xalqının müdrikliyini görürlər və bu amillər qarşısında heç bir qüvvə Azərbaycana yenidən təsir göstərmək, Azərbaycanı öz yolundan döndərmək iqtidarına malik deyil”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə