"10 noyabr tarixli bəyanatla Azərbaycan dünya tarixinə düşdü" - EKSPERT RƏYİ
“10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasına gətirib çıxaran yol 44 günlük Vətən müharibəsi ilə kifayətlənmir desək, heç də yanılmarıq. Belə ki, Ermənistanın cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət, Azərbaycan xalqının əzmi, Şanlı Azərbaycan Ordusunun qüdrəti sayəsində diz çökdürülüb kapitulyasiya aktına imza atması istiqamətində illər ərzində hər bir cinahda əməli işlər həyata keçirildi. Əsas səbəb Ermənistanın işğal siyasəti, bu işğalı rəsmiləşdirən BMT TŞ-nin dörd qətnaməsinin icra edilməməsi, ATƏT-in Minsk qrupunun birmənalı olaraq fəaliyyətsizliyi, bunlar azmış kimi müharibə getdiyi zaman Ermənistanın bütün müharibə qanunlarını heçə sayaraq Gəncə, Bərdə, Tərtər terrorunu törətməsi və daha neçə-neçə haqsız, qeyri-qanuni addımları idi. Mahiyyət etibarilə Ermənistanın bütün bu davranışlarının nəticəsi olaraq Azərbaycan onu kapitulyasiya aktına imza atmağa məcbur etdi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspertin sözlərinə görə, illər ərzində Azərbaycan xalqı bir an belə öz torpaqlarını unutmadı: “Cənab Prezident İlham Əliyev ən ali kürsülərdən Azərbaycan həqiqətlərini dünyanın nəzərinə çatdırır, nüfuzlu konfranslarda, görüşlərdə, panellərdə Ermənistanın əsassız arqumentlərini tarixi faktlara və beynəlxalq hüquqa söykənərək çürüdür, nəticə etibarilə bütün dünyaya Qarabağın məhz Azərbaycana məxsus olması faktını yorulmadan, usanmadan, qətiyyətlə çatdırırdı. “Yalan ayaq, tutar yeriməz”. 44 gün ərzində Azərbaycan dövləti, xalqı və ordusu birləşərək o qədər möhtəşəm və nəticəyönümlü bir iş ərsəyə gətirdi ki, biz Ermənistanın yalanlarına ayaq tutmağa belə icazə vermədik. Döyüş cəbhəsində, diplomatik masada, informasiya məkanında dinindən, dilindən, etnik mənşəyindən, sosial kateqoriyasından asılı olmadan hər kəs bu qələbəni yaşamaq üçün gecə-gündüz çalışırdı. Nəhayət, Şuşanın işğaldan azad olunması ilə düşmən ağ bayraq qaldırıb, təslim olmağa məcbur qaldı. Bu, cənab Prezident İlham Əliyevin məntiqli diplomatiyasının, düşünülmüş siyasətinin, Vətən, torpaq sevdasının, yorulmaz fəaliyyətinin nəticəsi idi. Dövlət başçımız elə bir incə siyasət yürütdü ki, Kəlbəcər, Ağdam, Laçın bir güllə belə atılmadan, bir şəhid belə verilmədən düşmən tapdağından azad olundu. Bu amilin özü cənab İlham Əliyevin Prezident kimi xalqına, Ali Baş Komandan kimi əsgər və zabitinə verdiyi dəyəri idi ki, biz insan itkisi olmadan bu nəticəni əldə edək. Məhz bu amilin özü xalq tərəfindən də böyük sevinclə qarşılandı, olduqca təqdir olundu”.
Ş.Həsənova vurğulayıb ki, 10 noyabr tarixli bəyanat sadəcə işğal siyasətinə son qoyan bir sənəd deyil, bu tarixi sənəd həm də Zəngəzur dəhlizinin açılmasına şərait yaradan, vaxtilə türk dünyası arasında süni əngəllərin qurulmasına hesablanmış addımların bu gün aradan qaldırılmasıdır: “Əsas məsələ ondan ibarətdir ki, bu bəyanat birmənalı olaraq Ermənistanın kapitulyasiyasıdır. Bu mühüm sənədlə bütün dünya sadəcə Azərbaycanı qalib, Ermənistanı isə məğlub ölkə kimi tanımadı. Sənəd eyni zamanda yalan faktlar, arqumentlər, işğal siyasəti üzərində qurulan bir siyasət üzərində təntənə ilə zəfər çalmağın, tarixi faktların yerini tapmasının, haqqın və ədalətin bərqərar olunması istiqamətində dünyanın hərb və siyasi tarixində mühüm bir presedent kimi çıxış edir. Bununla da Azərbaycan öz adını dünyanın siyasi, diplomatiya, hərb tarixinə yazdırdı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB