“Bu zəfər bizim xalqımızın başını ucaltdı” - POLİTOLOQ AÇIQLADI

“Bu zəfər bizim xalqımızın başını ucaltdı” - POLİTOLOQ AÇIQLADI

“Bu gün bu qələbəni bizə gətirən Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi və Azərbaycan xalqını Zəfər günü münasibətilə təbrik edirəm. Zəfər günü Azərbaycana ilk növbədə tarixi həqiqəti bərpa etdi. Son 200 ildə Çar imperiyasının bayrağı altında Qərbi Azərbaycana və Qarabağa yerləşdirilmiş ermənilər Azərbaycana qarşı hər cür terror ediblər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, bizim torpaqlarımızda bir dövlət qurmuşdular və ikinci bir dövləti də qurmaq istəyirdilər: “44 günlük qələbəmiz ilə bu mif dağıdıldı. Azərbaycan 200 ildən sonra ilk dəfə olaraq öz ərazilərinin böyük bir hissəsini geri qaytara bildi. İkincisi Azərbaycan ermənilər və onları dəstəkləyən bütün dövlətlərin, beynəlxalq güclərin qarşısına çıxaraq öz gücünü göstərdi. Üçüncüsü Qafqazda yeni bir dönəm başladı. Yəni Azərbaycan dünyada ilk dəfə olaraq münaqişəni öz gücü ilə həll etdi və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Dördüncüsü isə xalq-ordu-iqtidar birliyini bərpa etdik. Bunlarla yanaşı Azərbaycan ilk dəfə olaraq dünya standartları səviyyəsində yaratdığı ordu ilə dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdı”.

Cümşüd Nuriyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan dünya tarixinə pilotsuz uçuş aparatları ilə müharibə aparmaq taktikasını yenilədi: “21-ci əsrdə dağlıq ərazidə ordu ilə texnikanın birgə vəhdətini təşkil etməyi bacardı. Bu böyük bacarıqdır. Bunun mənəvi tərəfləri də var. Birincisi bu qələbə Azərbaycanın bir növ genetik kodunu dəyişdirdi. Yəni bizim genetik yaddaşımızda olan tarixi şəxsiyyətlərin qazandırdığı qələbəni bir daha bizə təkrar elətdirdi. Yəni bu günə qədər Azərbaycan tarixində Şah İsmayıl Xətaidən sonrakı dövrdə İlham Əliyev ilk dəfə olaraq Azərbaycanı bütövləşdirdi. Bu zəfər bizim xalqımızın başını ucaltdı. Müharibə bölgəsindən kənarda olan rayon və şəhərlərimiz şəhid verdi. Evlər, mülklər dağıldı. Amma heç kim evini tərk etmədi. Heç kim dağılmış evinə, mülkünə görə dövləti ittiham etmədi. Dövlət həmin insanlara sahib çıxdı. Gəncə, Goranboy, Tərtər, Bərdə, Ağdam, Füzuli, Beyləqan rayonlarının insanları həqiqətən də qəhrəman insanlardır. Məhz onların qəhrəmanlığı Azərbaycan Ordusuna, Azərbaycan əsgərlərinə böyük bir mənəvi dayaq oldu. Xalq-ordu-Prezident birliyi Azərbaycanın qələbəsinə gətirib çıxartdı. Mən bütün xalqımıza göz aydınlığı verirəm. Fəxr edirəm ki, bizim bu cür Ali Baş Komandanımız və müzəffər ordumuz var”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə