Nyu-Yorkda Zəfər Günü münasibətilə avtoyürüş keçirilib - FOTOLAR

ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər avtoyürüşü keçirilib. SİA xəbər verir ki, aksiya Amerika Azərbaycanlılarının Koordinasiya Şurası və Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə şəhərin Bruklin bölgəsində reallaşıb.

Eyyub Sultan Mədəniyyət Mərkəzinin qarşısında başlayan Zəfər yürüşü Cadman Plaza Parka qədər davam edib. Soydaşlarımızın Azərbaycan, Türkiyə və ABŞ bayraqları ilə bəzədilmiş avtomobillərini Azərbaycan həqiqətlərini əks etdirən LED ekranlı maşın müşayiət edib.
Daha sonra aksiya iştirakçıları Bruklin körpüsündən Nyu-Yorkun məşhur Uoll Strit küçəsində yerləşən Boulinq Qrin bağına yürüş ediblər. Burada keçirilən mitinqdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Zəfər Günü münasibətilə soydaşlarımızı təbrik edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi şanlı Qələbənin tarixi önəmini vurğulayıblar. Tədbirin sonunda Azərbaycanın və ABŞ-ın Dövlət himnlərinin sədaları altında iki ölkənin bayraqları ucaldılıb.

Aksiyalarda “Qarabağ Azərbaycandır!”, “Xocalıya ədalət!” “Şuşa, sən azadsan!”, “Terrora yox deyirik!”, “Erməni yalanlarına dur de!” və digər şüarlar səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə