Dövlət Komitəsində Zəfər Gününə həsr edilmiş videoçarxların təqdimatı olub

Noyabrın 7-də Diasporla İş üzrə Dövlət Komitəsində Zəfər Gününə həsr olunmuş videoçarxların təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə hazırlanmış videoçarxlar nümayiş olunub.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.
Sonra videoçarxlar nümayiş olunub. Videoçarxlarda 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin zəfər mesajları, azərbaycanlı gənclərin Vətən sevgisi, Azərbaycanla bağlı həqiqətlərin xarici mediada işıqlandırılması, müstəqillik tariximizin bəzi səhifələri və sair yer alıb.

Təqdimatdan sonra fikirlərini jurnalistlərlə bölüşən Fəxrəddin Manafov deyib: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkürümü bildirirəm. Otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız azad edildi. Bu, tarixi Zəfərdir. Mən yaşadığım müddətdə Vətən mövzusunda, sadəcə, 44 gün xoşbəxt olmuşam. Çünki torpaqlarımız azad edildi. Bundan gözəl nə ola bilər? Bütün xalqımız kimi, mən də çox qürurluyam”.

Xalq artisti son illərdə Azərbaycan diasporunun fəallaşdığını və xarici ölkələrdə xeyli iş gördüyünü vurğulayıb.

Qeyd edək ki, videoçarxlar 8 Noyabr - Zəfər Günündə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun sosial şəbəkə hesablarında, eləcə də mediada yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə