“Gələn ilin əvvəlindən Qarabağa qayıdış başlayacaq” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Gələn ilin əvvəlindən Qarabağa qayıdış başlayacaq” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Zəfər günü sözsüz ki, tariximizə qızıl həriflərlə yazılmış bir gündür. Həmin gün Azərbaycan xalqı torpaqlarını işğal etmiş erməni vandallarını ərazilərdən çıxararaq torpaq bütövlüyünü təmin etdi. Müharibənin başa çatması ilə və ermənilərin diz çökməsi ilə bölgəmizdə tamamilə yeni reallıqlar formalaşmış oldu". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bu reallıqların ən mühüm cəhəti ondan ibarət idi ki, Azərbaycan bölgənin güclü dövləti idi, amma 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bölgənin super gücünə çevrildi: "Məhz super gücə çevrilməklə Azərbaycan beynəlxalq münasibətlərdə daha dinamik və aktiv rol oynamağa şərait yaratdı. Müharibədən sonra bölgədə həmçinin yeni siyasi konfiqurasiya formalaşmağa başladı. Burada söhbət Türk qardaşımız ilə birlikdə imzaladığımız Şuşa bəyannaməsi və həmin bəyannamədən irəli gələn strateji müttəfiqlik vəzifələrinin yerinə yetirilməsi ilə bağlıdır. Söhbət birgə ordunun və birgə hərbi əməliyyatların aparılmasından gedir. Şuşa bəyannaməsinə uyğun olaraq Türkiyə ilə Azərbaycan qardaş ordu birqadaları formalaşdırılmağa başladı. Bölgədə Türkiyə ordusunun iştirakı ilə birlikdə həm quruda, həm dənizdə, həm də işğaldan azad olunmuş Laçın bölgəsində xüsusi təyinatlıların təlimləri keçirildi. Daha sonra bu prosesə digər bir qardaş ölkə Pakistanda qoşuldu. Beləliklə Azərbaycan mərkəzdə olmaqla onun sağında və solunda yeni bir siyasi güc mərkəzi, konfiqurasiyanın formalaşması prosesi getdi".

Q.Hüseynli onu da qeyd edib ki, bu gün Azərbaycan bölgədə proseslərə həlledici təsir göstərən qüdrətə malikdir: "Doğrudur hələlik ermənilərlə biz prinsipial məsələlərin bir çoxunu həll edə bilməmişik. Sərhədlərin müəyyənləşməsi, demarkasiya və delimitasiya prosesi hələlik başlanmayıb. Bölgədə kommunikasiyaların açılması ilə bağlı qərarlar verilib, eləcə də Zəngəzur dəhlizinin açılması ilə bağlı prinsipial razılaşma əldə edilib, amma hələ ki bu məsələlər müqavilə və sazişə çevrilməyib. Yəqin ki, bu proseslər Zəfər bayramından sonra daha aktiv surətdə gedəcək. Diqqəti çəkən ən mühüm cəhət ondan ibarətdir ki, azad olunmuş torpaqlarda çox böyük quruculuq və abadlıq işləri gedir. Yəni ermənilərin darmadağın etdiyi, daşı-daş üstündə qoymadığı yerləri tikir, abadlaşdırırıq. Bir sözlə, qısa müddət ərzində burada çox böyük işlər görülüb. Yəni Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Qarabağın hava qapısı açılıb, digər ərazilərdə bir çox işlər yüksək sürətlə həyata keçirilir. İnaşAllah gələn ilin əvvəlindən Qarabağa qayıdış başlayacaq. Bütün dediklərimizin hamısı başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Müzəffər ordumuzun, oğullarımızın, xalqımızın birliyi sayəsində əldə edilib. Bu böyük qələbənin nəticələrini qorumaq üçün həmişə cəmiyyətdə sabitlik və ideya siyasi birliyini qoruyub inkişaf etdirməliyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür, cansağlığı versin".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə