"Bunların 44 günlük bir zaman çərçivəsinə sığışdırılması imkansız görünür" - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

"Bunların 44 günlük bir zaman çərçivəsinə sığışdırılması imkansız görünür" - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

"Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə yalnız informasiya sahəsində ölkəmizin maraqlarının qorunması istiqamətindəki fəaliyyətini göz önündən keçirsək, bütün bunların 44 günlük bir zaman çərçivəsinə sığışdırılması imkansız görünür". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, dünyanın 26 aparıcı mediasına (18 TV, 5 agentlik və 3 qəzet) müsahibə, çoxsaylı çıxışlar, bəyanatlar, ən kəskin sualların qarşısında nümayiş etdirilən təmkin və qətiyyət, Ermənistanın, erməni lobbisinin və onlardan öz maraqları üçün istifadə edənlərin uzun illərdən bəri körüklədikləri yalan və böhtanların, daşlaşmış streotiplərin tutarlı faktlarla, dəmir məntiqlə darmadağın edilməsi döyüş meydanındakı Zəfər yürüşünün informasiya məkanında inikası və təntənəsi idi.

Elçin Mirzəbəyli bu barədə fikirlərini belə izah edib: "2021-ci il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında Prezident İlham Əliyevin 4 saat ərzində 35 media qurumunun 50-dək sualına cavablarını düşünürəm hər kəs yaxşı xatırlayır. Həmin tarixdən 3 ay keçməsinə baxmayaraq, dövlətimizin başçısının nümayiş etdirdiyi yüksək intellekt, geniş dünyagörüşü, obyektiv və əsaslandırılmış baxış bucağı, regiondakı və dünyadakı reallıqların olduğu kimi, həm də cəsarətli bir şəkildə, 4 dildə ifadə olunması bu gün də peşəkar mütəxəssislər, həmçinin dünyanın müxtəlif ölkələrinin nümayəndələri olan sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə olunmaqdadır.

Prezidentin informasiya strategiyası müharibə dövründə Azərbaycan xalqının, dövlətinin öz torpaqlarını işğaldan azad etməsi, Vətən müharibəsi ilə bağlı həqiqətlər barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırmağa imkan verdiyi kimi, postmünaqişə dövründə də regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, ermənilərin vandallığı və bunun mənəvi və hüquqi nəticələri haqqında gerçəkliklərin dünyaya dolğun şəkildə çatdırılmasına əlverişli zəmin yaradır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə