"Belə bir görüşün keçirilməsinə olduqca böyük ehtiyac var" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

“Bu gün bölgədə müharibədən sonrakı vəziyyətin daha dayanıqlı şəkil alması üçün Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının üçtərəfli görüşü keçiriləcək”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da bu görüşdə iştirak etməsi arzuolunandır: “Təəssüf ki, Azərbaycan, Rusiya, Ermənistan dövlət başçılarının zirvə görüşünün keçiriləcəyi barədə rəsmi bir məlumat yoxdur. Amma bütün şərhlərə və rəylərə görə, belə bir görüşün keçirilməsinə olduqca böyük ehtiyac var. Birinci növbədə 10 noyabrda əldə olunmuş üçtərəfli razılaşmanın bütün maddələrinin yerinə yetirilməsi üçün daha münasib şəraitin yaradılması baxımından bu görüşə çox ehtiyac var. Çünki bəllidir ki, əldə olunmuş razılaşmaların bəzilərinin tam şəkildə həyata keçirilməsinə hələ nail olunmayıb. Hətta bəzi məqamlarda gecikmələr var. Xüsusilə də Rusiya sülhməramlılarının və Ermənistan hakimiyyətinin öz üzərinə götürdüyü öhdəliyin və məsuliyyətin heç də tam şəkildə icra edilməsindən danışmaq olmaz. Qarabağdakı sülhməramlıların öz vəzifələrini tam şəkildə icra etməsi, Qarabağdakı qanunsuz silahlı erməni dəstələrinin tərksilah edilməsi ilə bağlı hələ yerinə yetirilməmiş və Azərbaycanın haqlı narazılığına səbəb olan məqamlar var”.

Aydın Quliyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, sərhədlərin delimitasiyası ilə bağlı proses hələ tam şəkildə getmir: “Kommunikasiyaların və iqtisadi əlaqələrin bərpası ilə bağlı 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli sənədin tam şəkildə icra olunması üçün çox iş görmək lazımdır. Zəngəzur dəhlizinin açılmasına maneçilik törədən müəyyən məqamlar hələlik ortadadır. Bütün bunlara rəğmən Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının üçtərəfli görüşü zamanın tələbidir. Əgər, bu görüş baş tutarsa, ilk növbədə sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi müzairə olunmalıdır. Azərbaycan ilə Ermənistan arasında beynəlxalq qarantiya altında yekun sülh sazişinin imzalanması və həmin sazişin mətni ilə bağlı detallı müzakirələrə ehtiyac var. Çünki nə qədər ki, sülh sazişi imzalanmayıb Ermənistanda müəyyən qüvvələr siyasi spekulyasiyanı davam etdirərək gündəmi gərginləşdirməyə çalışacaqlar. Ermənistandakı revanşist qüvvələr zaman-zaman Azərbaycanın bitmiş hesab etdiyi status məsələsini gündəmə gətirməklə əslində regionda gərginliyi artırmağa çalışırlar. Buna görə də delimitasiya və demarkasiya, həm də Ermənistandakı müəyyən qüvvələrin çox fəal spekulyasiya predmetinə çevirdikləri status söhbətinin birdəfəlik gündəmdən çıxardılması üçün sülh sazişi barədə məsələnin yekun müzakirəsinə ehtiyac var”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə