Döyüş və siyasi meydanda yazılan Zəfər tariximiz TƏHLİL

Döyüş və siyasi meydanda yazılan Zəfər tariximiz TƏHLİL

Xalqımız möhtəşəm şərəfli, qürurlu tarixi gün – 8 noyabr Zəfər günü ərəfəsindədir. "Dəmir yumruq" əməliyyatı adı ilə Azərbaycan tarixinə yazılan Vətən müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətini və Azərbaycan xalqının qələbə əzmini, birlik və həmrəyliyini bütün dünyaya göstərdi. Ölkəmizin iqtisadi qüdrətinin artması nəticəsində Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlərin reallaşdırılması bizi qələbəyə apardı. Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyan Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, döyüş qabiliyyətli silahlı qüvvələri olmayan ölkə necə texniki vasitələrə malik olsa belə, onun döyüşdə, xüsusən müharibədə, özü də belə əlverişsiz coğrafi şəraitdə qalib gəlməsi mümkün olmazdı.

Son illərdə ordu quruculuğunda əhəmiyyətli islahatların həyata keçirilməsi, bu məsələ ilə bağlı dövlət başçısı tərəfindən ardıcıl tədbirlərin reallaşması özünü 44 günlük Vətən müharibəsində büruzə verdi. Artıq bu gün ermənilərin yaratmaq istədikləri mif dağıdılıb. Ölkəmizin dinamik inkişafı, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi ölkəmizin nüfuz və mövqeyini yüksəldib. XXI əsrin müharibəsini aparmış Azərbaycanın hərbi əməliyyatlarını dünya ölkələri Böyük Britaniya, Almaniya kimi dövlətlər öyrənirlər. Bu ölkəmizin 44 günlük Vətən müharibəsində misli görünməmiş əməliyyatları uğurla yerinə yetirməsindən irəli gəlir. Müasir dövrün müharibəsini nümayiş etdirən Azərbaycan dünyanı təəccübləndirən, hərb tarixində yeni səhifə olan müharibədə Zəfər qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. "Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu"- deyə Prezident bildirmişdir. Ötən il noyabrın 8-də Şəhidlər Xiyabanını ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan edərək: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - deyə bildirməsi xalqımıza əvəzsiz sevinci yaşatmış oldu. Noyabrın 10-da isə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Azərbaycan xalqı "dəmir yumruq" əməliyyatı ilə torpaqlarını işğaldan azad etdi. Müzəffər Ali Baş Komandan tərəfindən yüksək dəqiqliklə və vaxtında edilən siyasi-diplomatik gedişlər tariximizə qələbə yazdı.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təsis edildi. Bu il xalqımız ilk dəfə olaraq bu günü qeyd edəcək.

Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərdi. Azərbaycana qarşı informasiya blokadasını yararaq, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr verdi və Azərbaycanın iradəsini ortaya qoymuş oldu. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə Azərbaycan tarixi ədaləti bərpa etdi. Əlbəttə ki, bu müsahibələrin hər biri Azərbaycanın diplomatik uğurudur.

Azərbaycan Ermənistanın belini qırmaqla torpaqlarını düşmən tapdağından azad etmiş oldu. Paytaxtımızda açılışı olan Hərbi Qənimətlər Parkı Vətən müharibəsində Ordumuzun gücünün, işğalçı Ermənistanın məğlubiyyətinin göstəricisi oldu. Ermənilərin döyüş meydanından qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasında yer alır.

Bu Qələbə yaşadığımız bölgədə sülh və təhlükəsizliyə töhfəsini verdi. Bu gün Azərbaycan xalqı böyük qələbədən sonra işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdışa başlayıb. Azərbaycan xalqı müzəffər xalq kimi bu torpaqlara qayıdır. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir. Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportunun açılışı Azərbaycandan dünyaya bir mesaj oldu. Hava Limanının Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə açılışı qardaş ölkə ilə birliyimizi, dostluğumuzu, gücümüzü bir daha göstərdi. Vətən müharibəsində Zəfərimizdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə növbəti səfəri və Füzuli Beynəlxalq Aeroportunun açılışını iki qardaş dövlətin prezidentlərinin birgə etməsi beynəlxalq aləmdə rezonansa səbəb oldu. 44 günlük Vətən müharibəsində Türkiyənin dost ölkə olaraq daim Azərbaycana böyük dəstək göstərməsi, eləcə də bu gün də quruculuq işlərində yanında olması böyük qardaşlığını təzahürüdür. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biridir. Türkiyə Prezidentinin açıq, birmənalı və sərt açıqlamaları, qardaş ölkənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Əlbəttə ki, Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada iki qardaş dövlət tərəfindən Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu. Bu günlərdə Azərbaycan və Türkiyə prezidentlərinin Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini birgə qoymaları da tarixi bir hadisə olaraq əbədiləşdi. Zəngəzur dəhlizi türk dünyasının birləşməsi, regionun təhlükəsizliyi və sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət böyük kəsb edir. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək, azad edilmiş torpaqlara həyata qayıdacaq.

Qələbəni təmin etmiş Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasəti şanlı bir tarixi salnaməni - Zəfər gününü Azərbaycan xalqına yaşatdı.

Azər SÜLEYMANOV

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə