“Zəngəzur dəhlizinin açılması xarici biznesin marağına yeni motivasiyalar verəcək” - ŞƏRH EDİLDİ
“İşğaldan azad edilmiş ərazilərimiz həm yeni quruculuq, həm də xarici investisiyalar üçün cəlbedici iqtisadi layihələrin həyata keçirildiyi zonaya çevrilməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev yorulmadan bölgəni yenidən qurur və işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməsi üçün bütün gücünü sərf edir: “Cənab Prezident İlham Əliyev Vətən müharibəsindən sonra müxtəlif tədbirlərdə dəfələrlə bəyan edib ki, işğaldan azad olunmuş ərazilərdə görüləcək bütün işlərdə dost ölkələrin şirkətləri də çalışacaq: “Onun bu çağırışı artıq reallaşır və xarici investorların da diqqətini cəlb edir. Qarabağda və Şərqi-Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatı, emal, sənaye, turizm, “yaşıl enerji” və digər layihələrin həyata keçirilməsi üçün əlverişli fürsət yaranıb. Bölgədə xarici investorlar tərəfindən biznes-planların icrası geniş müzakirə mövzusudur. Onu da qeyd etmək lazımdır ki, ötən ay cənab Prezident tərəfindən əsası qoyulan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı da xarici sərmayədarların biznes niyyətlərinin gerçəkləşməsinə dərin etimad yaradıb. Cəbrayıl rayonunda Araz İqtisadi Zonasında Rusiyanın “KamAZ” ASC şirkəti tərəfindən “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlinin qoyulması da xarici sərmayə layihəsi hesab edilə bilər. Belə böyük bir maşınqayırma sənayesinin əsasının qoyulması Cəbrayılın həm sənaye bölgəsinə çevrilməsi, həm də “Böyük Qayıdış” proqramında nəzərdə tutulan məşğulluq proqramlarının gerçəkləşməsi üçün mühüm əsaslar deməkdir. Bütün bu proseslər xarici şirkətlərin işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq layihələrinə böyük marağını daha da stimullaşdırıb. Onlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda həyata keçiriləcək layihələrdə iştirak edə biləcəklərini, tikinti, telekommunikasiya və informasiya texnologiyaları, sənaye və müasir innovasiya zonalarına daha çox maraq göstərirlər. Artıq 50-dən çox xarici şirkət işğaldan azad edilmiş ərazilərin bərpası üzrə layihələrdə iştirak etmək üçün müraciət edib. Onların sırasında Türkiyə, Rusiya, Pakistan, Macarıstan və Qazaxstan, Çin, İtaliya, İsrail, Cənubi Koreya daha çox fəallıq nümayiş etdirir. Qardaş Türkiyənin şirkətləri 8 aydan artıqdır ki, yol-nəqliyyat, infrastruktur, arqar-sənaye sektorlarında işə başlayıb”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Türkiyə şirkətləri Zəngilanda qızıl yataqlarında çalışır: “Bir neçə gün əvvəl Cənab İlham Əliyev və Tayyib Ərdoğan Şərqi-Zəngəzurda “Dost Aqropark”ın və “Ağıllı kənd” layihələrinin təməllərini qoymaqla həm də bölgənin iqtisadi potensialına beynəlxalq tərəfdaşlar üçün yaşıl işıq yandırdı, investorların üzünə qapıları açdılar. Xüsusi qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin açılması xarici biznesin marağına yeni motivasiyalar verəcək, onların bölgədə reinteqrasiyaya daha fəal qoşulmasını təşviq edəcək. Bu bölgənin beynəlxalq azad iqtisadi inkişaf və rifah zonasına çevrilməsinin təməlini atdılar. Bu bölgə Cənubi Qafqaz və Şimali Qafqaz, Asiya-Avropa regionu ölkələri arasında güclü iqtisadi mərkəz rolunu oynamaqla bütün dövlətlərin inkişafına töhfə verə bilər.
Bu yaxınlarda dərc edilən “Azərbaycanda Xarici Biznes: Biznes Mühiti Sorğusu 2021” hesabatı da təsdiq edir ki, xarici şirkətlərin böyük bir hissəsi işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq layihələrinə böyük maraq göstərirlər. Şirkətlərin 61 faizi bu layihələrdə podratçı və subpodratçı kimi çıxış etmək və ya dövlət-özəl tərəfdaşlığı çərçivəsində iştirakda maraqlıdırlar. Sorğuda iştirak edən xarici şirkətlərin 43 faizi fəaliyyət sahələri üzrə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda həyata keçiriləcək layihələrdə iştirak edə biləcəklərini, 22 faizi bu layihələrdə iştirakının mümkünlüyünü bildiriblər. Onların əksəriyyəti (17 faiz) tikinti, telekommunikasiya və informasiya texnologiyaları sahələrinə daha çox maraq göstərirlər. Noyabrın 14-17-də Bakıda keçiriləcək 25-ci Beynəlxalq Biznes Forumunda da nüfuzlu xarici şirkətlərin nümayəndələri Azərbaycanın investisiya imkanları barədə geniş müzakirələr aparacaqlar, yeni sərmayə proqrmalarının həyata keçirilməsi üçün müvafiq qitisadi qurumlarla əməkdaşlığın perspektivlərini diqqət edəcəklər. Sözsüz ki, burada əsas mövzulardan biri işğaldan azad edilmiş ərazilərin investisiya imkanları və zəngin iqtisadi resursların birgə işlənməsində Amerika, Avropa, Asiya şirkətlərinin biznes planlrının hazırlanması məzələləri də xüsusi maraq kəsb edəcək. Azərbaycan hökuməti ərazilərimizin işğaldan azad edilməsindən sonrakı bir il ərzində Qarabağ və Şəqri-Zəngəzurun iqtisadi resaursları barədə kifayət qədər geniş və hərtərəfli təqdimatlar hazırlayaraq beynəlxalq biznes icmasına təqdim edib, həmin bölgələrin əlverişli biznes və investisiya mühiti xarici investorlara tanıdılıb, artıq əksər xarici şirkətlərin bu iqtisadi rayonların zəngin sərvətləri və sərmayə iqlimi haqqında böyük təsəvvürü formalaşıb. Ona görə də, Biznes Forumda Qarabağa sərmayə qoyuluşlarına dair yeni müqavilələrin imzalanması istisna deyil.
Beləliklə, yerli və xarici investorların böyük marağında olan Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında iqtisadi layihələrin həyata keçirilməsi və ölkə iqtisadiyyatının reinteqrasiyası ölkəmizin investisiya cəlbediciliyini və rəqabət qabiliyyətini artıracaq”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB