"Bu region gələcəkdə turistləri qəbul edəcək" - DEPUTAT MÖVQE BİLDİRDİ
"Azərbaycan xalqı bu günlərdə 44 günlük Vətən müharibəmizin qələbə ilə nəticələnməsini, işğal olunmuş torpaqlarımızın 30 illik həsrətinə son qoyulmasının bir illiyini qeyd edir. Böyük sevinc, böyük qürur, şəhidlərimizə və qazilərimizə böyük minnətdarlıq hissi ilə bütün dünya azərbaycanlıları sevinir ki, Azərbaycan öz müstəqilliyini əldə etməsinin 30-cu il dönümündə öz ərazi bütövlüyünü bərpa etmiş oldu". Bunu SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Deputat qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı bir yumruq kimi birləşərək Azərbaycan Ordusunun fədəkar əsgər və zabitlərinin rəşadətli mübarizəsini təmin etdi. Bununla da 44 gün ərzində Azərbaycan öz gücünü, qüdrətini və mübarizliyini bütün dünyaya sübut etmiş oldu. Əlbəttə, bu qələbəyə gedən yol uzun, çətin və ağır yol idi. Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənlik ilə müəyyən etdiyi siyasi, hərbi həll yolu idi. Hələ 1994-cü ilin 12 mayında Bişkek müqaviləsi ilə o dövr üçün bizə uyğun olmayan və uğursuz müharibə şəraitindən münasibətlərin sülh platformasında həllinə keçirilməsi çox böyük ümid verirdi. O zaman inanırdıq ki, BMT-nın qəbul etdiyi qərarlar həyata keçiriləcək və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq.
Musa Quliyev bu barədə fikirlərini belə izah edib: "Ancaq bu belə olmadı. Amma Azərbaycan həmin atəşkəsdən sonrakı dövrü çox faydalı şəkildə istifadə edərək öz iqtisadi qüdrətini artırdı. Dünyada öz nüfuzunu gücləndirdi və müasir bir ordu qurdu. Cənab Prezident İlham Əliyevin fərman və sərəncamları ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi yarandı. Azərbaycan Ordusu müasir hərbi təlimlərə yiyələndi və NATO standartlarına yaxın standartlarda təşkil olundu. Ən müasir silahları aldıq. Cənab Prezidentin dəfələrlə söylədiyi kimi torpaqlarımızın işğalından sonra dünyaya gələn və o torpaqları görməyən gəncləri vətənpərvərlik ruhunda yetişdirdik. O qəhrəman əsgərlərimizin hesabına biz müharibəni qələbə ilə başa vurduq. Cənab Prezident İlham Əliyevin fəaliyyəti və xidmətləri, heç şübhəsiz ki, tarixi xidmətlərdir. Bu xidmətlər yüzilliklər və minilliklər boyu tarix kitablarında yazılacaq və öyrəniləcək xidmətlərdir.
Nəzərə alsaq ki, Nadir Şah Əfşardan sonra Azərbaycan yalnız parçalarını, torpaqlarını itirmişdisə, məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz torpaqlarını azad etmək tarixini yenidən yazdı və bu tarixi müəyyənləşdirdi. 44 günlük müharibədə cənab İlham Əliyev həm Ali Baş Komandan kimi, həm millətin Lideri kimi, həm dünya səviyyəsində tanınan və sayılan bir Lider və diplomat kimi özü də təkbaşına demək olar ki, mübarizə aparmış oldu. Ermənipərəst qüvvələrin yerində oturdulması, Azərbaycan həqiqətləri, müharibənin gedişi və Azərbaycan xalqının haqq işinin dünyaya çatdırılması həmin dövrdə cənab Prezidentin bir ordunun gördüyü işə bərabərə idi. Eyni zamanda biz bu qələbədə qardaş ölkənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın qardaş və dost yardımını da mütləq qiymətləndirməliyik. Türkiyənin siyasi və mənəvi dəstəyi hesab edirəm ki, qələbənin əldə olunmasında olduqca mühüm rol oynadı. Qələbədən sonrakı dövrdə heç şübhəsiz ki, aparılan hərbi əməliyyatların uğuru, xüsusilə Şuşanın azad edilməsi, artıq Ermənistanın kapitulasiyasına gətirib çıxardı. Beləliklə noyabrın 8-dən 9-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atdı. Beləliklə də, üçtərəfli bəyanat qəbul olundu. Bundan sonrakı dövrü artıq postmünaqişə dövrü adlandırmaq olar. Bu dövrdə Azərbaycan dövləti şəhid ailələrinə dəstək oldu və qazilərin müalicə reabilitasiyası işi həyata keçirildi. Eyni zamanda Bərdədə, Gəncədə və başqa ərazilərdə erməni terrorundan əziyyət çəkən insanların dövlət daim yanında oldu.
İşğaldan azad olunmuş ərazilərdə abadlıq, yenidənqurma işləri sürətlə aparılır. Bu region gələcəkdə dünyanın dörd bir yanından turistləri qəbul edəcək. Onlar burada Azərbaycan xalqı və onun mədəniyyəti və mətbəxi ilə tanış olacaq. Zəfər Günümüz mübarək olsun!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB