“Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri də iştirak ediblər” - ÖZƏL-MÜNASİBƏT

“2020-ci ilin sentyabr və noyabr ayında baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının həyatında və tarixində çox mühüm bir hadisədir. O baxımdan ki, Azərbaycan dövləti və xalqı özünün suverenliyini bərpa edib və 30 il ərzində işğal altında saxlanmış torpaqlarını geri qaytarıb. Amma bu söhbət təkcə 30 il müddətindən getmir. 44 günlük müharibə nəyinki 30 ildə baş vermiş ədalətsizliyi aradan qaldırdı, eyni zamanda, son iki yüz il ərzində baş verən neqativ prosesləri geri çevirdi”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli bildirib.

Onun sözlərinə görə, ermənilər Cənubi Qafqaz regionuna gəldikləri gündən yəni, 1800-cı illərdən başlayaraq burada tarixi hadisələri tamamilə əks istiqamətə yönləndiriblər: “Onlar burada yerləşməkdən ötrü Azərbaycanın torpaqlarını hissə-hissə mərhələ-mərhələ ələ keçiriblər. Bütövlükdə götürəndə Ermənistan dövləti özü Azərbaycanın tarixi torpaqlarında yerləşir və tarixi torpaqların ələ keçirilməsi nəticəsində qurulmuş bir dövlətdir. Məsələ ordadır ki, iki yüz il ərzində ermənilərin bu işğalçı prosesləri heç vaxt geri keçirilməyib və həmişə onlar “nailiyyətlər” qazana-qazana gəliblər. Son iki yüz il ərzində ilk dəfə idi ki, Azərbaycan xalqı toparlanıb və ermənilərin mənfur siyasətinin geri çevirib, öz torpaqlarını erməni işğalından azad edib. İki yüz il idi ki, ermənilər Azərbaycan torpaqları hissə-hissə zəbt ediblər, işğal edilər bu torpaqlarda dövlət qurublar, amma heç vaxt onlara indiki kimi layiqli cavab verilməmişdi”.

M.Ələsgərli onu da bildirib ki, bunu 30 il ərzində baş vermiş hadisələrin geri çevrilməsi deyil, həm də iki yüz il ərzindəki prosesin geri çevrilməsi kimi dəyərləndirmək olar: "Bu baxımdan çox böyük hadisədir. Məsələ ordadır ki, 44 günlük müharibə təkcə Azərbaycan xalqı üçün əhəmiyyətli deyil, eyni zamanda Azərbaycan dövlətinin yerləşdiyi regiondakı situasiyanı tamamilə fərqli bir istiqamətə dəyişib. Əgər diqqət yetirsək görərik ki, regionda olan dövlətlərin çoxları münaqişəli vəziyyətdədir. əksəriyyəti separatizmdən əziyyət çəkir və əksəriyyətinin müəyyən bir hissələri qopardılıb və separatçı qüvvələr tərəfindən işğal altına alınıb. Moldovaya, Ukraynaya, Gürcüstana və digər dövlətlərə baxsaq görərik ki, onlar da Azərbaycan kimi bənzər vəziyyətdə yaşayırlar. Amma bunların arasında ilk dəfə idi ki, Azərbaycan məhz toparlanaraq ayağa qalxaraq bu cür separatçıları və onların arxasında dayanan dövlətləri məğlubiyyətə uğratdı, onlar üzərində qələbə çaldı. Hesab edirik ki, regionda digər dövlətlərə də qalibiyyətin yolunu göstərmiş oldu. Bütövlükdə regionda gedən prosesləri geri çevirmiş oldu. Özünü qalib dövlət obrazını yaradaraq başqa separatizmdən əziyyət çəkən digər dövlətlərə də nümunə göstərmiş oldu. Sevindirici haldır ki, bu zəfərin qazanılmasında bütün Azərbaycan xalqı kimi Azərbaycan jurnalistləri də iştirak ediblər. Onlar həm informasiya savaşında mübarizə aparıblar. Eyni zamanda, bizim 30-a yaxın həmkarımız silaha sarılaraq döyüş bölgəsində olub, düşmənə qarşı mərdliklə vuruşublar. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan tərəfindən də layiqincə qiymətləndiriliblər. Bütün Azərbaycan xalqını təbrik edirəm zəfərimiz uğurlu olsun və davamlı olsun”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə