"Bu bölgənin formalaşması həm də Azərbaycanın gücünü göstərir" - ŞƏRH EDİLDİ

"Bu bölgənin formalaşması həm də Azərbaycanın gücünü göstərir" - ŞƏRH EDİLDİ

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana və işğaldan azad olunmuş ərazilərimizə ikinci səfəri sözün bütün mənasında çox böyük hadisə kimi qiymətləndirilir". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, biz hal-hazırda elə bir zamanın müasirləyirik ki, çox sürətlə böyük hadisələr yaşayırıq: "Azərbaycan xalqı artıq yüz illərlə həsrət qaldığı, arzuladığı torpaqlarına artıq qovuşub. Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana budəfəki səfəri Füzuli beynəlxalq hava limanının açılış mərasimində iştirak etməsi və orada rəmzi açarların hər iki qardaş ölkənin prezidentlərinə təqdim olunması, həm də digər bir rəmzi mənanı özündə ehtiva edirdi. Bu həmin bölgələrimizin əvvəllər bağlı olmuş qapılarının artıq açılmasının, onun Azərbaycanın gücü ilə, siyasəti ilə açılmasının və həmin açarların Azərbaycan və Türkiyə dövlətlərinin əlində olması kimi başa düşmək olar. Füzuli beynəlxalq hava limanının açılışından sonra hər iki prezident mətbuata çox vacib və önəmli mesajlar verdi. Mətbuata açıqlamalarında Zəngəzur dəhlizi ilə bağlı hər iki prezident önəmli fikirlər söylədi. Artıq bu onu deməyə əsas verir ki, yaxın zamanlarda bu dəhliz həm avtomobil, həm də dəmir yolundan ibarət olacaq. Bununla yanaşı Zəngəzur dəhlizi həmçinin özündə həm türk dünyasını birləşdirmək məqsədi daşıyır".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, cənab Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanına enən ilk xarici dövlət başçısı oldu: "Türkiyə Prezidentinin hava gəmisinin həmin hava limanına enməsi bütün dünyaya göstərdi ki, bu iki dövlət sözün əsl mənasında bütün sahələrdə ən yüksək strateji əlaqələrə malik ölkələrdir. Bu yeni dünya düzəninin formalaşması, yeni çağırışlar indiyə qədər münaqişələrlə dolu olan və boz bir əraziyə çevrilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsi Azərbaycanın və onunla birlikdə olan dost ölkələrin iştirakı ilə yaxın zamanda cənnətə çevriləcək. Milyondan çox qaçqın və köçkün insanlar öz yurd-yuvalarına qayıdacaqlar. Bu bölgənin formalaşması həm də Azərbaycanın gücünü göstərir. Biz bununla bir daha bütün dünyaya bəyan edirik ki, Azərbaycan bu gün dünyanın sayılıb-seçilən, inkişaf etmiş, güclü ölkələrindən biridir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə