YAP Suraxanı rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı yaradılıb

YAP Suraxanı rayon təşkilatının Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı ASC-də ərazi ilk partiya təşkilatı yaradılıb. Suraxanı rayon təşkilatının sədrinin və nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqda, ƏPT-nin sədri və sədr müavininin seçilməsi məsələsi müzakirə olunub. Yığıncağı giriş sözü ilə açan Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı ASC-nin baş direktoru Rəşad Daşdəmirov qonaqları salamlayaraq, bildirib ki, YAP-ın ölkə miqyasında fəaliyyəti dövlətimizin inkişafına səbəb olub. O qeyd edib ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı ASC-nin sıralarında çoxlu sayda YAP üzvü fəaliyyət göstərməkdədir. Eyni zamanda, partiya üzvü olmayan, lakin onun siyasətini dəstəkləyən əməkdaşlar mövcuddur. Bu səbəbdən, YAP Suraxanı rayon təşkilatının nəzdində Hövsan qəsəbəsi Şakir Ziyadov küçəsi 1 ünvanında yerləşən ərazi partiya təşkilatının yaradılması məqsədilə müraciət ediblər. Müraciətlərinə müsbət cavab verildiyi üçün Rəşad Daşdəmirov öz minnətdarlığını bildirib.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı ASC-də fəaliyyət göstərən əməkdaşların hər birinə bu cür mütərrəqi təşəbbüs üçün öz dərin minnətdarlığını bildirib. O, qeyd edib ki, YAP sıralarında dövlətinə və xalqına sadiq vətəndaşlar fəaliyyət göstərməkdədirlər. Cənab Prezidentin YAP Sədri kimi də fəaliyyətinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini deyən Vüqar Seyidov YAP üzvü olmağın həm fəxarətli, həm də məsuliyyətli olduğunu ifadə edib. Rayon təşkilatının sədri VII qurultayından bu günə qədər görülmüş işlər, aparılan islahatlar və YAP-ın Sədri Cənab İlham Əliyevin partiya qarşısında qoyduğu hədəflər haqqında ətraflı məlumat verib. Daha sonra YAP-a yeni daxil olan üzvlərlə ölkədəki ictimai-siyasi vəziyyət, Vətən müharibəsində əldə olunmuş möhtəbər Qələbə haqqında fikir mübadiləsi aparılıb, partiya üzvlərini maraqlandıran suallar cavablandırılıb. YAP Suraxanı rayon təşkilatı Hövsan qəsəbəsi Şakir Ziyadov küçəsi 1 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri və sədr müavininin seçilməsi məsələsi müzakirə edilərək, qərar qəbul edilib. ƏPT-nin üzvlərinin səs verməsi nəticəsində sədr Rəşad Rasim oğlu Daşdəmirov, sədr müavini Hüseynov Əlimirzə Akif oğlu seçiliblər. ƏPT-nin iclası ilə bağlı protokol tərtib edilib.

V.Seyidov Hövsan qəsəbəsi Şakir Ziyadov küçəsi 1 ünvanında yerləşən ərazi partiya təşkilatına gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı öz tövsiyələrini verib, ƏPT-nin fəaliyyətində uğurlar diləyib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə