Məşhur Məmmədov: “Füzuli Beynəlxalq Hava Limanı bərpa olunan Qarabağın, Şərqi Zəngəzurun və ümumilikdə Azərbaycanın inkişafına böyük töhfəsini verəcək” RƏY

Məşhur Məmmədov: “Füzuli Beynəlxalq Hava Limanı bərpa olunan Qarabağın, Şərqi Zəngəzurun və ümumilikdə Azərbaycanın inkişafına böyük töhfəsini verəcək” RƏY

“Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa ikinci səfəri, səfərləri çərçivəsində səsləndirilən fikirlər bir daha bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, ağır və sevincli günlərdə bir-birinin yanındadır. Və ən əsası isə, bu gün Füzuli Beynəlxalq Hava Limanı bərpa olunan Qarabağın, Şərqi Zəngəzurun və ümumilikdə Azərbaycanın inkişafına böyük töhfəsini verəcək”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov bildirib.

Məşhur Məmmədov bildirib ki, qələbəmizdən bir il keçdiyi az bir müddətdə işğaldan azad olunmuş torpaqlarımızdı böyük quruculuq və bərpa işləri sürətlə davam edir: “Bu gün işğaldan azad edilmiş ərazilərdə ən müasir texnologiyaların əsasında olduqca qısa zamanda genişmiqyaslı bərpa və yenidənqurma tədbirlərinin həyata keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin, Azərbaycan dövlətinin gücünün göstəricisidir. Azərbaycan artıq 8-9 aydır ki, postmüharibə dövrünün reallıqlarını yaşamaqdadır. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı layihələrin icrası intensiv şəkildə davam etdirilir. Bu baxımdan Füzuli Beynəlxalq Hava Limanının açılması qələbəmizin davamıdır”.

Millət vəkili bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində iştirak etməsi bu hadisənin nə qədər əhəmiyyətli və tarixi xarakter daşıdığını göstərir: “Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanında olub. Bu gün qardaş ölkə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir, keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Vətən müharibəsi başlayan ilk saatlardan Türkiyə Prezidenti Azərbaycanla həmrəyliyini ifadə etdi. Bu, Azərbaycanın haqq işinə müdaxilə etmək iddiasında olan Ermənistanın havadarlarına bir mesaj idi. Qardaş ölkənin bütün dövlət strukturları Azərbaycanın Qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər, beynəlxalq təzyiqlərə baxmayaraq, qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədilər. Ötən gün baş tutan açılış mərasimində qardaş ölkənin liderinin iştirak etməsi bu həmrəyliyin məntiqi davamıdır”.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Zəngəzur dəhlizi - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu bölgə ilə yanaşı, bütün region ölkələri üçün əhəmiyyətli olacaq, iqtisadi əlaqələrin inkişafına mühüm töhfələr verməklə yanaşı, həm də bütün dünyaya nümunə olan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığı bu günümüzün reallıqlarının göstəricisidir. Və bu gün atılan hər bir addımda, irəli sürülən təşəbbüslərdə, reallığa çevrilən layihələrdə bu birliyin təzahürlərini görür və bundan qürur hissi keçiririk. 44 günlük İkinci Qarabağ savaşı bir daha iki dost, qardaş ölkənin sevincinin də, kədərinin də bir olduğunu, daim bir-birindən güc aldıqlarını nümayiş etdirdi. Azərbaycana qardaş dəstəyini göstərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsinin başlandığı ilk saatlardan dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanladı. Müzəffər Ali Baş Komandanın qətiyyəti, rəşadətli Ordumuzun gücü sayəsində 44 günlük İkinci Qarabağ müharibəsinin hər gününün tariximizə yazdığı Qələbə səhifələri Azərbaycan qədər də Türkiyəni sevindirdi. Küçə və meydanları iki dost ölkənin bayraqları bəzədi. Bu gün isə işğaldan azad edilmiş torpaqlarımızda bayraqlarımızın birgə dalğalanmasının şahidiyik. Və bu gün Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı, Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq və mətbuata birgə bəyanatları, Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, Zəngilan rayonunda “Dost Aqropark”ın təməlinin qoyulması və sair kimi tarixi hadisələr bu birliyin növbəti göstəricisidir. “Bu tarixi biz birlikdə yazırıq, necə ki, bütün dövr, müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik”, - söyləyən Azərbaycan Prezidenti təməli qoyulan Zəngəzur dəhlizinin bütün türk dünyasını birləşdirəcəyini qəti və inamlı qeyd etdi. Həmçinin Zəngəzur dəhlizinin 2023-cü ilə qədər açılışının nəzərdə tutulduğunu bildirdi. Göründüyü kimi, bütün bu uğurlu nəticə qısa zamanda görülən işlərin reallığıdır». Məşhur Məmmədov onu da bildirib ki, Füzuli Beynəlxalq Hava Limanının böyük rolu olacaq: “Ən başlıcası isə bu hava limanı Zəngəzur dəhlizinin bərpası nəinki Azərbaycanın, həmçinin regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Azərbaycan və Türkiyə liderlərinin Zəngilanda verdikləri bəyanatlar isə bir daha iki qardaş ölkənin xalqlarının sarsılmaz birliyinin real təcəssümüdür. Bir sözlə, Türkiyə Prezidentinin ölkəmizə növbəti səfəri, verilən bəyanatlar dünyaya ünvanlanan birlik və həmrəylik mesajıdır”.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə