“Ətrafdakıları qorumaq naminə hər kəs mütləq peyvənd olunmalıdır” - ANAP SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
“Sentyabrın 29-da Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti ilə görüşdü. Son dərəcə mühüm məsələ - Suriyanın İdlib əyalətində yaranmış gərgin vəziyyət və atılacaq addımlar müzakirə olundu”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.
Onun sözlərinə görə, danışıqların çətin keçəcəyi əvvəlcədən məlum idi və gözlənildiyi kimi danışıqlar barədə heç bir məlumat verilmədi: “Əvəzində iki prezidentin “COVİD-19” əleyhinə vaksin vurdurmağın əhəmiyyəti, hansı vaksinin daha keyfiyyətli olması barədə apardığı ayaqüstü müzakirə mediada geniş yayıldı.
V.Putinin Rusiyada istehsal olunan “Sputnik-V”-ni geniş reklam etməsinə baxmayaraq Türkiyə prezidenti üçüncü vaksini vurdurduğunu və bu dəfə “Pfizer” vaksininə üstünlük verdiyini səmimi şəkildə etiraf etdi. Son dərəcə gərgin keçən danışıqlardan sonra hər iki prezident bütün dünyanın bəlasına çevrilmiş COVİD-19-a qarşı vaksin vurulmasının mühüm əhəmiyyətə malik olduğunu bir daha qeyd etməyi zəruri saydılar”.
A.Səmədov onu da bildirib ki, Azərbaycanda son günlər koronavirusa yoluxanların sayının artması pandemiyaya qarşı mübarizədə hər bir vətəndaşın sosial məsuliyyət daşıdığını bir daha gündəliyə gətirmişdir: “Bu baxımdan vaksinasiyada iştirak artıq vətəndaş məsuliyyətinin ayrılmaz göstəricisidir. Ətrafdakıları qorumaq naminə hər kəs mütləq peyvənd olunmalıdır. Unudulmamalıdır ki, yalnız bu halda orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır.
Bir daha qeyd etməliyik ki, COVİD-19 virusu bütün yaşlarda olan insanların səhhətində ciddi problemlər yarada, pandemiyanın fəsadları hər kəsə təsir edə, yaşlılarla yanaşı bu virusa gənc və sağlam insanlar da yoluxa bilər. Əksər hallarda gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Unutmamalıyıq ki, vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı onlarla, yüzlərlə insanın həyatını təhlükə altına qoya bilər. Məsuliyyətsiz davranışlar cəmiyyətin gələcəyini təhlükə altına qoyar, görülmüş işləri və sərf olunmuş milyonlarla vəsaiti heçə endirə bilər. Nəzərə alsaq ki, vaksinasiya prosesi respublikamızda bu ilin birinci rübündən başlayıb, əhalinin xeyli hissəsinə iki doza vaksin vurulub və peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsinin vaxt keçdikcə zəifləməsi təbiidir. Bu baxımdan, üçüncü, buster dozasının vurulması immuniteti yenidən gücləndirməyə və bununla da peyvəndin effektivliyini artırmağa xidmət edir.
Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir. Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir.
Bir daha xatırlatmağa ehtiyac var ki, buster peyvəndin gücləndirici dozasıdır. Koronavirusun mutasiyası nəticəsində yeni “Delta” variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3-cü peyvənd dozası – buster dozası təklif olunur. Gəlin bu mühüm kompaniyadan kənarda qalmayaq. Özümüzü, doğmalarımızı və ətrafımızda olan insanları qorumaq üçün əlimizdən gələni edək!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB