"Forumun kifayət qədər böyük əhəmiyyəti var" - ŞƏRH EDİLDİ

"Forumun kifayət qədər böyük əhəmiyyəti var" - ŞƏRH EDİLDİ

“Bakı Forumu dünyada cərəyan edən vacib prosesləri müzakirə etmək üçün mühüm beynəlxalq platformadır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə 4-6 noyabr tarixlərində keçiriləcək Bakı Forumu haqqında danışarkən deyib.

O sözlərinə davam edərək bunları deyib: “Nizami Gəncəvi Beynəlxalq Mərkəz Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən 30 sentyabr 2012-ci ildə Gəncə şəhərində keçirilmiş dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirində təsis edilmişdir. Azərbaycan Prezidentinin dəstəyi ilə Mərkəz Bakı şəhərində yerləşməklə fəaliyyətini davam etdirən müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçıları və nüfuzlu beynəlxalq ekspertləri öz ətrafında birləşdirir.

Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 2 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 görkəmli şəxslərin üzvü olduğu Beynəlxalq Mərkəz 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. 2013-cü ildən bu günədək artıq 7 Qlobal Bakı Forumu və 42 yüksək səviyyəli toplantı keçirilib. Bu il mayın 20-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirəsi keçirilmişdi.

4-6 noyabr tarixlərində keçiriləcək növbəti Bakı Forumu isə müzakirə olunacaq məsələlər baxımından olduqca zəngin və əhatəlidir. Belə ki, forumda müxtəlif panellərdə "COVID-19-dan sonra yeni dünya nizami", "Yeni Dünya İqtisadiyyatı", "Səhiyyə və əhalinin vaksinasiyası", "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" və digər mövzular müzakirə olunacaq".

Politoloq həmçinin açıqlamasında bunu da qeyd edib: "Mövzulardan da göründüyü kimi Forumun kifayət qədər böyük əhəmiyyəti var və özündə təkcə Azərbaycanı deyil bütün dünyanı düşündürən məsələləri ehtiva edir. Ümumiyyətlə qeyd edim ki, Bakı Forumu dünyada cərəyan edən vacib prosesləri müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevrilib. Çünki Forumda dünyanın nəhəng intellektual potensialı cəmləşib. Yuxarıda da qeyd etdiyim kimi qurumun üzvləri ölkələrinə, yaxud beynəlxalq təşkilatlara uzun illər rəhbərlik etmiş məşhur dünya siyasətçiləridir. Belə zəngin təcrübənin bir araya toplanması heç şübhəsiz ki, aparılan müzakirələrin də əhəmiyyətini artırır və müzakirə olunan məsələlərlə bağlı müəyyən bir yol xəritəsinin meydana gəlməsinə şərait yaradır.

Bu baxımdan bu dəfəki Forum da bizə həm Azərbaycanın Covid-19-la bağlı aparılan mübarizə ilə bağlı, həm dünyada mövcud olan “vaksin millətçiliyi”, həm iqtisadi münasibətlər, həm də postmüharibə dövründə regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, ermənilərin vandallığı və bunun mənəvi, hüquqi nəticələri barədə dolğun məlumatları dünya birliyinə çatdırmaq imkanı verəcək.

Təbii ki, indi Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların bərpası, ərazi bütövlüyünün tanınması istiqamətində aparılan danışıqlar prosesində dünya siyasətçilərinin də nəzərinə dolğun informasiyaları çatdırmaq çox önəmlidir. Bu baxımdan hesab edirəm ki, Forum bir daha sübut edəcək ki, bu gün Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan regionda və bütün dünyada sülhün və ədalətin bərqərar olunmasına çalışır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə