Zəfərə doğru gedən tarixi yol TƏHLİL

Prezident İlham Əliyev: "Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox"

Ötən ilin sentyabrın 27-də Azərbaycan Ordusunun Qarabağda başladığı əks-hücum əməliyyatı böyük uğurlarla müşayiət olundu. 44 gün ərzində xalqımız böyük sevinc yaşadı. Elə ilk gündən başlayaraq, 27 sentyabr tarixində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndlərinin, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərinin, Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəkliklərin işğaldan azad olunması qısa bir zamanda xalqımıza böyük qələbənin sevincini yaşamaq əminliyini yaratmışdır. Belə də oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə həyata keçirməyə imkan verdi. Hər gün cəbhədən gələn qələbə xəbərlərinə insanlar susamışdılar. Bu xəbərləri illər idi ki, xalqımız gözləyirdi. Azərbaycanın Müzəfər Ordusunun düşməndən əldə etdiyi hərbi qənimətlər və ermənilərin canlı itki verməklə geriyə qaçmaları qələbə xəbərinin yaxında olduğunu təsdiqləyirdi. Azərbaycan Prezidenti İlham Əliyevin mütəmadi olaraq xalqa müraciətləri və müjdəli xəbərlər qələbə ruhunu daha da yüksəldirdi. Tərtər rayonunun Suqovuşan və Talış kəndləri, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi, Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri və digər şəhərlərin, kənd və qəsəbəlirin işğaldan azad olunması bizi Zəfərə doğru aparırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi "Twitter" səhifəsində işğaldan azad olunan ərazilərin adlarını qeyd edərək, sonda "Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" bildirməsi artıq Azərbaycanın işğala son qoyacağandan xəbər verirdi. Ötən ilin 28 oktyabr tarixində Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri. Füzuli rayonunun Mandılı kəndi, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri, Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri düşmən tapdağından azad olundu.

"BİZ NƏ QƏDƏR ÇOX MÜDAFİƏ OLUNURUQSA, DAHA ÇOX ƏRAZİLƏRİ AZAD EDİRİK"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibədə bildirdiyi kimi, "Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə, əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik".

Çox keçmir ki, Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri, Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri, Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri və onlarla belə kəndlər işğaldan azad olundu və nəhayət, 8 NOYABR tarixində Şuşa şəhəri işğaldan azad olundu. Noyabrın 8-də dövlətimizin başçısı Şəhidlər Xiyabanında Azərbaycan xalqına müraciətində bildirdi: "Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox". Bu tarixi sevinc göz yaşları ilə qarşılayan Azərbaycan xalqı həmin anları, zamanı heç zaman unutmayacaqlar.

"ERMƏNİSTAN ARTIQ ÖZ ACI MƏĞLUBİYYƏTİNİ ETİRAF EDİB, ÖZÜNÜ ALÇALDA-ALÇALDA, XALQINI TƏHQİR EDƏ-EDƏ"

"Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edildi. O cümlədən, Füzuli şəhəri, tamamilə darmadağın edilmiş, bir dənə də salamat bina qoymayıb mənfur düşmən. Cəbrayıl tamamilə dağıdılmış. Qubadlı, Zəngilan tamamilə dağıdılmış. Kəndlər, şəhərlər. Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu gün Şuşa şəhəri. Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin. Ermənistan artıq öz acı məğlubiyyətini etiraf edib, özünü alçalda-alçalda, xalqını təhqir edə-edə", - deyə Cənab Prezident bildirmişdir.

9 noyabr tarixində döyüşlər davam edirdi. Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Mirzəcamallı, Mərdinli, Qaraməmmədli, Hacılı, Saracıq kəndləri, Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar kəndləri, Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Mets, Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı kəndləri, Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri, Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, kəndləri, Bartaz qəsəbəsi, Laçın rayonunun bir neçə kəndi və digər kəndlərin işğaldan azad olunması əlbəttə ki, hələ də qızğın döyüşlərin getdiyindən və Azərbaycan ordusunun gücündən xəbər verirdi. Rəşadətli ordumuzun şücaəti, qəhrəmanların igidliyi, ərənliyi ilə əzəli torpaqlarımız işğaldan azad olundu. 10 noyabr tarixində isə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.

"SENTYABRIN 27-DƏN BU GÜNƏ QƏDƏR 300-Ə YAXIN YAŞAYIŞ MƏNTƏQƏSİNİN AZAD EDİLMƏSİ İLƏ ERMƏNİSTAN ORDUSUNUN BELİNİ QIRMIŞIQ"

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edərək, bu gün ölkəmiz üçün tarixi bir gün olduğunu bildirdi: "Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar".

Dövlət başçısı bu bəyanatın bizim şanlı qələbəmiz olduğunu vurğulamışdır: "Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur".

Dövlət başçısının bildirdiyi kimi, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub: "Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq".

Azərbaycan Ermənistanın belini qırmaqla öz torpaqları düşmən tapdağından azad olundu. Paytaxtımızda açılışı olan Hərbi Qənimətlər Parkı Vətən müharibəsində Ordumuzun gücünün, işğalçı Ermənistanın məğlubiyyətinin göstəricisi oldu. XXI əsrin müharibəsini aparan Azərbaycanın hərbi gücü, qüdrəti 44 günlük müharibə zamanında özünün göstərdi. Ermənilərin döyüş meydanından qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasında yer alır.

"BİZ NƏİNKİ XXI ƏSRİN MÜHARİBƏSİNİ NÜMAYİŞ ETDİRMİŞİK, BİZ DÜNYADA HEÇ VAXT OLMAYAN QƏLƏBƏNİ QAZANMIŞIQ"

Azərbaycan tarixi qələbəni 44 gün ərzində əldə etdi. Ali Baş Komandanın, Cənab İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi: "Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq".

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə