Parlamentdə YAP-ın Ərazi Partiya Təşkilatının hesabat seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı üzrə “Parlament prospekti 1” Ərazi Partiya Təşkilatının videoformatda növbəti hesabat seçki yığıncağı keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, onlayn iclası açan Ərazi Partiya Təşkilatının sədri, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, gündəliyə Ərazi Partiya Təşkilatının 2017-ci ilin fevralından bu günədək fəaliyyətinə dair hesabat və Ərazi Partiya Təşkilatının sədrinin və sədr müavininin seçilməsi barədə məsələlər daxildir.

Hesabatı slaydlar formatında təqdim edən Adil Vəliyev statistik icmal, təşkilatda təmsil olunan millət vəkillərinin, qadınların və gənclərin say nisbəti, onların fəallıq əmsalı, Milli Məclisin struktur bölmələri üzrə Ərazi Partiya Təşkilatının üzvlərinin faiz indikatoru, habelə islahatlar çərçivəsində Ərazi Partiya Təşkilatının fəaliyyətinin təkmilləşdirilməsinə və səmərəliliyinin təmin edilməsinə istiqamətlənmiş yeniliklər barədə ətraflı məlumat verib.

Bildirib ki, təşkilat öz fəaliyyətini əsasən YAP-ın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət və partiya tədbirlərindəki nitqlərində səsləndirdiyi müddəaların, habelə partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurub.

Ərazi Partiya Təşkilatının sədri Adil Vəliyev diqqətə çatdırıb ki, Azərbaycan Parlamenti hazırda özünün ən gözəl, ən mükəmməl dövrəlindən birini yaşayır. Dövlətçilik ruhuna, milli ruha köklənmiş insanlardan ibarət Milli Məclis işini yüksək peşəkarlıq, mənəviyyat və şərəflə görür. Hətta pandemiyanın tüğyan etdiyi zamanlarda belə, Milli Məclisin fəaliyyətində ən kiçik axsama belə olmadı, qanunların qəbulu gecikmədi, iclaslarımız təxirə salınmadı. 44 günlük Vətən müharibəsi dövründə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədilə parlament diplomatiyası var gücü ilə işlədi, 88 ölkənin parlamentinə, 11 beynəlxalq təşkilata məktublar göndərildi, ard-arda bəyanatlar verildi.

Adil Vəliyev diqqətə çatdırıb ki, fəaliyyətimizin əsas istiqamətlərindən biri də Səbail rayon təşkilatının xətti ilə şəhid ailələrinin və qazilərimizin ziyarət edilməsi, habelə rayon təşkilatının təşkil etdiyi müxtəlif tədbirlərdə iştirak, ən əsası isə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin ictimaiyyət arasında geniş izahı və təbliği olub.

Onlayn iclasda çıxış edən Ərazi Partiya Təşkilatının üzvləri, Milli Məclisin deputatları Hikmət Məmmədov və Mixail Zabelin ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salıblar, ölkəmizin qazandığı uğurlardan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin mühüm əhəmiyyətindən danışıblar, Ərazi Partiya Təşkilatının işini yüksək qiymətləndiriblər. Hesabat səsə qoyularaq qənaətbəxş hesab edilib.

Sonra Ərazi Partiya Təşkilatı sədrinin və sədr müavininin seçilməsi məsələsinə baxılıb. Səsvermə nəticəsində Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil İsrayıl oğlu Vəliyev sədr, Milli Məclis Rəhbərliyinin Katibliyinin rəisi Teymur Aqil oğlu Tağıyev isə sədr müavini seçiliblər.

İclasda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək partiyanın fəaliyyətində tətbiq olunan yeniliklərdən danışıblar, həyata keçirilən islahatları yüksək qiymətləndiriblər. Təqdim olunan hesabatın və ərazi partiya təşkilatının fəaliyyətinin qənaətbəxş olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...