Qubadlının işğaldan azad edilməsi ilə Zəfər sədaları səslənməyə başladı ŞƏRH

27 sentyabr 2020-ci il tarixində mənfur düşmənin növbəti dəfə təxribatlara əl ataraq bütün cəbhə boyu ağır artilleriyalardan istifadə etməsi, mülki əhalini hədəf seçməsi Azərbaycan ordusunu əks-hücum əməliyyatlarına başlamağa vadar etdi. Həmin gün Azərbaycan xalqının tarixində yeni qəhrəmanlıq səhifəsini açdı. Əks-hücum əməliyyatları ilə başlayıb, 44 gün davam edən Vətən müharibəsi adlanan bu qəhrəmanlıq səhifəsi Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, Şanlı ordumuzun gücü və şücaəti nəticəsində xalqımızın Zəfəri ilə nəticələndi. Müharibənin ilk günlərində Müzəffər Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" şüarı qələbəyə səsləyən rəhbər çağırışı oldu. Bu şüarı özünə rəhbər tutan əsgər və zabitlərimiz bir-birinin ardınca düşmən tapdağında olan torpaqlarımızı azad edir, üçrəngli müqəddəs bayrağımızı azad olunmuş torpaqlarımızda dalğalandırırdı. Müzəffər Ali Baş Komandanın haqq və ədaləti bərpa etmək üçün verdiyi əmr xalqımızın sevincinə səbəb oldu. Ordumuzun qəhrəmanlığı nəticəsində düşmən üzərində qazanılan qələbələr, xalqımızın qələbə ovqatını daha da artırdı. Xalqımız bir yumruq kimi öz liderinin ətrafında sıx birləşdi. Vətənimizin igid və cəsur oğulları düşmənlə mübarizə aparmaq üçün hərbi çağırış məntəqələrinə axınlar etdilər. Bu, əlbəttə ki, xalq-dövlət, dövlət-xalq birliyinin təcəssümü idi. Bu birlik dəmir yumruq kimi düşmənin başını əzən zərbəyə çevrildi. Bəli, bunun nəticəsi idi ki, qələbəyə doğru inamla irəliləyən əsgər və zabitlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi istehkamlarını, hərbi hissələrini, canlı qüvvəsini, döyüş texnikalarını darmadağın edərək 30 illik yurd həsrətimizə son qoydu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz haqq və ədaləti bərpa etdi. Xalqımızın bu ədalət savaşı bütün dünyanı heyrətləndirdi. Tarixi Zəfərimiz eyni zamanda, Cənab Prezidentimizin də qeyd etdiyi kimi, beynəlxalq hüquq və ədaləti bərpa etdi. Dövlətimizin təkbaşına 30 ilə yaxındır ki, yalnız kağız üzərində qalan BMT-nin 4 qətnaməsini reallaşdırması Qarabağ münaqişəsinə son qoydu, yaşadığımız bölgədə sülh və təhlükəsizliyə töhvə verdi. Əlbəttə ki, zəfər qələbəmiz əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən güclü dövlət, güclü iqtisadiyyat, güclü ordu quruculuğu siyasəti, milli birlik və döyüşçülərimizin yüksək əhval-ruhiyyəsinin nəticəsi idi. Biz əminliklə deyə bilərik ki, bu möhtəşəm qələbəni Müzəffər Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər ordumuzun qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Bundan sonra qazandığımız bu tarixi qələbə hər zaman yaddaşlarda qalacaq, gələcək nəsillərin vətənpərvər ruhda yetişməsi üçün zəmin yaradacaqdır. Bir xalqı dəfələrlə faciələrə məruz qoymaq olar, lakin bununla həmin xalqı həmişəlik məğlub etmək mümkün deyildir. Əgər o xalqın milli ruhu, vətənə olan sevgisi, milli-mənəvi dəyərləri, tarixi keçmişinə bağlılığı əbədidirsə, o xalq mütləq qalib olacaqdır. Tarixi zəfərimiz eyni zamanda xalqımızın bu dəyərlərinin sarsılmazlığının sübutu oldu. Vətən müharibəsi nəinki ölkəmizin vətəndaşlarının eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Vətən sevgisinin, milli birliyinin, vətənə sadiqliyinin simvolu oldu. Biz Şanlı ordumuzun şücaəti, qazi və şəhidlərimizin canı-qanı bahasına bizə bəxş etdiyi qürur və sevinc dolu günlər yaşayırıq. Artıq dünyanın hər yerində qürurla deyə bilərik ki, biz qalib ölkənin vətəndaşıyıq. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun işğaldan azad etdiyi ərazilərimizdən biri də Qubadlı rayonu olmuşdur. Qubadlı rayonu 25 oktyabr 2020-ci il tarixində düşmən qoşunlarında təmizləndi. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi.

Erməni vandalizmi təbii ki, Qubadlıdan da yan keçməmişdi. Tarixi-mədəni, dini abidələrimiz, yaşayış məntəqələrimiz işğal müddətində düşmən tərəfindən dağıdılaraq yararsız vəziyyətə salınmışdır. Ordumuz tərəfindən işğala son qoyulması ilə Qubadlıdakı tarixi memarlıq abidələrimiz də düşmən əsarətindən xilas oldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini memarlıq abidələrimiz kimi Qubadlıda olan abidələrimiz də bərpa olunacaq.

Zahid Cəfərov
YAP Yasamal rayon təşkilatının “Z.Xəlilov 23 (BDU)” ərazi partiya təşkilatının sədri,

Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru, Hüquq üzrə elmlər doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...