Koronavirusla vidalaşmağın ən optimal yolu - vaksinasiya TƏHLİL
“Ölkədə bu gün son sutkada koronavirus (COVID-19) əleyhinə 29 559 vaksin vurulub”. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 011, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 548 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 383 303, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 060 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 323 145 təşkil edir. Sağlamlığın təmin olunması üçün əsasən 3 əsas şərtə - tibbi maska taxmalı, məsafə saxlanılmalı və vaksiyasi olunmalıdır. Bu gün müasir texnologiyanın imkanlarından istifadə edərək qısa zaman kəsiyində vaksinlər hazırlanıb. Artıq dünyada ayrı-ayrı şirkətlərin vaksinləri hazırlanır və bu gün uğurla tətbiq olunur. Koronavirusa yoluxanların və ölənlərin sayı həddindən artıq ola bilərdi. Amma vaksinasiya bu prosesin qarşısını alır, virusun yüngül keçməsinə kömək edir. Bu uğurlu nəticə, məhz Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və onların mövcud qaydalara əməl etmələri müsbət nəticələrə gətirib çıxarıb.
Azərbaycan MDB-də “COVID-19” əleyhinə vaksinasiya səviyyəsinə görə liderdir
Son aylar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Və son həftələr ölkədə karantin müddətinin uzadılmasına ehtiyacın olması da, məhz dövlətin öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutmasının reallığının təsdiq edən amildir. Məhz bu gün Ümumdünya Səhiyyə Təşkilatı Prezident İlham Əliyevin liderliyini alqışlayır. Çünki bu, bir həqiqətdir ki, koronavirus pandemiyası başlanandan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən çox ciddi tədbirlər görülməklə yanaşı, regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.
TƏBİB-dən karantin rejimi ilə bağlı açıqlama
“Son günlər koronavirusa yoluxma sayında artım var”. Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib. O bildirib ki, bu, gözlənilən prosesdir: "Mərhələli olaraq sərtləşmə rejimindən çıxdıq. Kafe-restoranlar, məktəblər açıldı. Bu artımda hər birimizin rolu var". Professor Adil Qeybulla bildirib ki, COVID üçün istənilən əks-göstəriciləri həkim müəyyən edir, istənilən halda bunu vətəndaş müəyyən edə bilməz. O, qeyd edir əgər pasient narahatdırsa, o, peyvənd otağında təlimatlandırılır: “Astma, ağciyər xəstəlikləri, bütün bunlar hamısı peyvənd vurdurmağa göstərişdilər. Çünki onlar xəstələndikləri halda bu xəstəliyi çox ağır keçirə bilərlər. Bütövlükdə əks göstərişlər komissiya tərəfindən müəyyən edilir. Vaksindən imtina vermək üçün əsas lazımdır. Xəstəlik keçirən adam isə 6 ay müddətində vaksinasiya oluna bilməz, 6 aydan sonra oluna bilər”.
A.Qeybulla insanları bu reallıqları nəzərə almağa çağırıb: «Pandemiyanın başlanğıcında bəzi insanların sürətlə yayılan infeksiyanı «yalan», «boş şey», «insanları məhv etmək metodu» və s. kimi primitiv səviyyədə cəfəng, əsassız və məntiqsiz təbliğatlarını yada salın. Təəssüflə qeyd etmək yerinə düşərdi ki, sonradan həmin infodemiya (dezinformasiya) hörgütünün bəzi üzvləri özləri də xəstələndilər, onların içərisində həyatlarını itirənlər də az olmadı. Ona görə də qətiyyən vaksin tərəddüdünə qoşulmayın, bu kampaniyanı bilərəkdən yayan və ya səmimi yanılanların təbliğatına uymayın. Peyvənd olunun, bundan qətiyyən çəkinməyin".
Adil Allahverdiyev: “Çox da təşvişə düşəcək bir şey yoxdur, çünki “Delta” COVID-19-un mutasiyaya uğramış variantıdır”
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev bildirir ki, vaksinasiya olunmuş şəxslər karantin qaydalarına yenə də əməl etməlidirlər: «Son vaxtlar xüsusilə İngiltərədə COVID-19-un “Delta” variantına aid olan AY.4.2 ştammı aşkarlandı. “Delta ştammı”nın 45-ə yaxın alt tipi var, bunlardan biri AY.4.2-dir. “Delta ştammı”nda hansı xüsusiyyətlər varsa, bu mutasiyada da eyni xüsusiyyətləri görürük. Buna görə çox da təşvişə düşəcək bir şey yoxdur, çünki “Delta” COVID-19-un mutasiyaya uğramış variantıdır. Virus mutasiyaya uğradıqca onların yoluxduruculuq qabiliyyəti də artır. COVID-19 yeni aşkarlanandakı ilə müqayisədə 50-60 dəfə sürətlə yayılmağa başlayıb. Yeni mutasiya da sürətlə yayılır. Yeni mutasiyanın sürətli yayılması ilə bağlı məlumatlar var, amma xəstəliyin ağır gedişatı və ya ölümlə nəticələnməsi ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur”.
Adil Allahverdiyevin sözlərinə görə, iki doza qəbul etmiş bəzi şəxslərə 3-cü doza vaksinin vurulmasına ehtiyac var. Çünki 5-6 aydan sonra orqanizmdə COVID-19-a qarşı meydana gəlmiş antitellərin miqdarı aşağı düşə bilər. Antitellərin miqdarı azalmasın deyə 3-cü doza vaksin vurulur. Hazırkı durumda 3-cü doza peyvəndin vurulması məqsədəuyğundur.Professor Ümumdünya Səhiyyə Təşkilatının, eyni zamanda digər səhiyyə qurumlarının da uşaqların vaksinasiyası ilə bağlı göstərişlərinə münasibətində bildirib ki, ayrı-ayrı ölkələrdə uşaqların vaksinasiyası sınaqdan keçirilib: “Uşaqların da COVID-19 əleyhinə peyvənd olunması məqsədəuyğundur, çünki uşaqlarda immun sistem böyüklərə nisbətən aktiv olmaya bilir. Vaksinasiyanın uşaqlarda tətbiq olunduğu ölkələrdə hər hansı ciddi fəsadlar olmadığı ortaya çıxıb. Hətta uşaqlarda böyüklərə nisbətən yan təsirlər qabarıq şəkildə özünü göstərməyib. Bu, Azərbaycanın verdiyi bir qərar deyil, ÜST-ün tövsiyələrinə əsasən həyata keçirilir”.
Bir sözlə, bütün bunlar Prezident İlham Əliyevin dünya səviyyəli uzaqgörən, müdrik liderlik qabiliyyətinə malik olmasının bariz göstəricisidir.
Göründüyü kimi, Azərbaycan Prezidentinin qlobal liderlik missiyası beynəlxalq müstəvidə pandemiya ilə mübarizəyə birbaşa təkan verməyə istiqamətlənib. Bu missiya qlobal bəladan bütün ölkələrin minimum itkilərlə çıxması üçün dəqiq strategiya müəyyən edir. Ona görə də Prezident İlham Əliyevin bu istiqamətdə atdığı bütün addımlar, gördüyü işlər beynəlxalq səviyyədə təqdir olunur və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də nümunə kimi göstərilir.
Bir sözlə, koronavirusla bağlı situasiya hökumətin tam nəzarətindədir. Ola bilsin dövlət xalqın təhlükəsizliyi üçün bir qədər də zəruri və sərt addımlar atsın. Amma onu bilməliyik ki, bütün atılan addımlar Azərbaycan insanı, onun sağlamlığı və təhlükəsizliyi üçündür!
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB