"Müharibədə heç kimin marağı yoxdur" - DEPUTAT MÖVQE BİLDİRDİ

"Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupun iclasının keçirilməsi hər üç ölkə üçün də lazımlıdır. Bu səpkidə görüşlərə çox ehtiyac var. Çünki son zamanlar Ermənistan tərəfindən ritorika dəyişilib. Paşinyanın özü və digər Ermənistandakı siyasi cəhətdən aktiv adamlar qeyd edirlər ki, bəli, biz Azərbaycan ilə bütün bu yolların açılmasına, Zəngəzur dəhlizinin açılmasına razıyıq. Bu fikirlər var. İndi nə qədər sözləri ilə əməlləri üst-üstə düşəcək Allah bilir". Bunu SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, Rusiyanın marağı burada odur ki, Rusiya qarant durub. Yəni, 10 noyabr sazişi ki vardı, orada birmənalı qeyd olunmuşdu ki, bütün bu yollar açılmalıdır. Burada əslində, daha çox ermənilərin marağı var. Ona görə ki, onların iqtisadiyyatı artıq boğulur. Onlar normal formada inkişaf edə bilmir. İnkişafdan da söhbət getmir. Onlar səviyyəsini saxlaya bilmir. Rusiyanın digər bir marağı ondan ibarətdir ki, onun da burada iqtisadi mənada uduşları olacaq. Bu təbii haldır. O cümlədən Azərbaycan da iqtisadi cəhətdən udacaq. Ataların gözəl bir məsəli var, "avazın yaxşı gəlir, oxuduğun Quran olsa".

Rüfət Quliyev bu haqda fikirlərini belə izah edib: "İndi Ermənistan kommunikasiyaların, yolların açılması addımlarını nə qədər cəsarətlə atacaq hələ məlum deyil. Biz isə hazırıq. Rusiya tərəfindən də bir neçə dəfə müsbət fikirlər söylənib ki, bu yollar, kommunikasiyalar açılmalıdır. Ermənistan bunu etməlidir. İndi burada başqa məsələ var, əgər ermənilər desə ki, siz infrastruktur layihələrini, yəni yolların çəkilməsi, dəmiryolunun çəkilməsi işini başlayın, biz sonra bu məsələyə qayıdarıq". Xeyr, bu olmayacaq. Biz çox gözəl şərtlər qoymuşuq. Bu üçtərəfli sazişdə də var. Yəni, delimitasiya, demarkasiya, bir də Azərbaycanla sülh müqaviləsi bağlanmalıdır. Azərbaycanın sərhədləri tanınmalıdır. Bundan sonra Azərbaycan kifayət qədər tezliklə bütün bu məsələləri həyata keçirəcək. Bax şərtlərimiz bunlardır.

Təbii ki, Zəngəzur dəhlizi birmənalı olaraq açılmalıdır. Açılmadısa, yenə də baxırıq 10 noyabrdakı sazişə orada maddə var ki, bu dəhliz açılmalıdır. Onda biz deyəcəyik ki, bu Laçın dəhlizini bunlar üçün niyə açmışıq? Biz humanist addımımızı atdıq. Bunlar isə bir il keçməyinə baxmayaraq heç bir addım atmayıb. Bu ciddi sual doğurur. Tək Azərbaycan tərəfindən yox, Rusiya, Türkiyə, Pakistan, bütün dünya buna qarşı maraqlıdır. Maraqlanırlar ki, müharibə bitib. Bu söz verilib. Müharibədə də heç kimin marağı yoxdur. Yalnız ola bilər ki, Ermənistandakı revanşist qüvvələr bunda maraqlı olsun".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə