Sosial media və dezinformasiya ilə mübarizə mövzusunda təlim keçirilib

Türk Şurasının İstanbulda keçirilən mediaforumu çərçivəsində iştirakçılara "Türk dünyasında sosial media və dezinformasiya ilə mübarizə" mövzusunda təlim keçirilib. SİA xəbər verir ki, təlimdə Türkiyənin bir sıra universitetlərinin müəllimləri sosial medianın insanlar üzərindəki təsiri, bunun qarşısının alınmasının yolları kimi mövzuları müzakirəyə çıxarıblar.

Sosial medianın bütün dünya, xüsusilə türk dünyası üçün böyük problemlər yaratdığını vurğulayan çıxışçılar heç bir nəzarətin olmadığı sosial media platformalarında islamofobiya, türkfobiya kimi bir sıra faktorlarla qarşılaşıldığını qeyd ediblər.

Bildirilib ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bir paylaşımı sosial mediadan silinib. Burada təbii ki, sual yaranır: "Nə üçün hansısa erməni nazir və ya Ermənistanın başqa bir dövlət xadiminin deyil, məhz azərbaycanlı nazirin paylaşımı silinir?". Bu, sosial media şirkətlərinin tərəfsiz olmadığının bariz nümunələrindən biridir.

Qeyd olunub ki, sosial mediadakı mövcud natarazlıq bəzi ölkələrdə siyasi tarazlığın dəyişdirilməsinə də böyük təsir göstərir. Bu, özünü xüsusilə seçkilər dövründə büruzə verir. Bəzi insanların seçimlərinə təsir edə biləcək paylaşımlar sadəcə dövlətlər üçün deyil, ailələr, cəmiyyətlər üçün də böyük təhlükə mənbəyidir. Manipulyasiya və insanlar üzərində böyük təsiri olan sosial media internet texnologiyası sahəsindəki vasitələrin təkmilləşdirilməsi sahəsində daha geniş cəmiyyəti əhatə edir. Sosial media vasitəsilə yayılan rəqəmsal faşizm, təhrif edilmiş həqiqətlərin təbliği getdikcə daha geniş vüsət alır.

Təlimdə sosial medianın dövlətlər və cəmiyyətlər üçün yaratdığı digər problemlərdən bəhs olunub, dezinformasiya ilə mübarizə vasitələri və yolları barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...