Zərdab rayon Alıcanlı kəndində şəhidin anım mərasimi keçirilib ANIM

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Faiq Bayraməli oğlu Vəlizadənin il dönümü ilə əlaqədar olaraq Zərdab rayon Alıcanlı kəndində anım mərasimi keçirilib. Tədbirdə Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Pərvin Mahmudova və bir qrup fəal YAP üzvləri, rayon icra hakimiyyəti aparatının digər nümayəndələri, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, DTX-nin Zərdab rayon şöbəsinin rəisi, SHXÇDX-nin Zərdab rayon şöbəsinin rəisi, Gənclər və İdman idarəsinin rəisi və Təhsil şöbəsinin müdiri iştirak ediblər. Əvvəlcə şəhidin məzarı ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub. Daha sonra iştirakçılar şəhidin doğulub boya-başa çatığı evində olmuş, vəfatının il dönümünə həsr olunmuş mərasimdə iştirak etmiş, ailə üzvləri və yaxınları ilə görüşmüşlər. Mərasimdə qəhrəman şəhidimizin döyüş yolu barədə söhbət açılmış, valideynlərinə başsağlığı verilmişdir. RİH-nin başçısı Mərdan Camalzadə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda Faiq kimi igid əsgər və zabitlərimizin müharibə dövründə fədakarlıq göstərərək qələbəmizin əldə olunmasına öz layiqli töhfələrini verdiyini və bunun hər birimizdə sonsuz qürur hissi doğurduğunu qeyd edib. Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Zümrüd

Bütün xəbərlər Facebook səhifəmizdə