Vətən əcdadlarımızdan qalan yurd yeri, əsgər Vətən əmanətidir ANIM- ŞƏRH

Bu gün ömrü dastana dönmüş Xudayar Yusifzadənin şəhadətə qovuşmasından bir il ötür

Azərbaycanın son 30 ildə torpaqları şəhid qanı ilə suvarılıb. Şəhid qanı ilə suvarılan torpaq ən müqəddəs torpaqdır. Cadar-cadar olmuş torpaqlara nəfəs, can gəlir. Bu torpağa nə qədər şəhid qanı tökülüb. Yaşından asılı olmayaraq, bu torpaq uğurunda şəhid olub və ayaq qoyduğumuz hər qarışın müqəddəsliyini dərk etməliyik. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun rəşadətli qələbəsi şəhidlərimizin qanını yerdə qoymadı. Qisas qiyamətə qalmadı. Əlbəttə ki, canını vətən torpağının işğaldan azad olunması yolunda sipər edən vətən oğulları böyük igidlik, şücaət göstərərək, düşmənə qalib ölkənin ölümün gözünə dik baxan oğullarının vətənpərvərliyini göstərə bildilər. Hər bir insan üçün ən ali bir hissdir Vətən sevgisi, torpaq məhəbbəti. Vətənsiz millət, millətsiz isə Vətən ola bilməz. Bəli, Azərbaycanın bu torpağa, Vətənə Ana deyən övladları var. Elə 44 günlük Vətən müharibəsində şəhid olan minlərlə oğullarımız kimi. Adları dillərimizdə dastan olan igidlərimiz – şəhadətə qovuşan şəhid oğullar. Hər birinin həyatı bir hekayədir, dastandır. Qəhrəmanlıq dastanı.

Dumanlı dağların başında durdum

Dumandan özümə bir xeymə qurdum.

Keçdi xəyalımdan öz gözəl yurdum

Dumanlar başında duman göründü

Duman göründü...

Bu misralar səsləndikcə uzaq bir dünyaya boylanırsan. Sanki qeybdən gələn bir səsin sehrinə düşüb, vətən sevgisində yoğrulmuş bir dünya ilə baş-başa qalırsan - Xudayar dünyası ilə. 22 illik ömrünə bir il əvvəl ötən ilin bu günü vida deyərək, şəhid olan vətən oğlu. Şücaəti ilə adı əfsanələşdi. Belə bir Azərbaycanın qəhrəman oğlu bir neçə gün ərizində xalqının sevilən bir qəhrəmanına çevrildi. Hər kəsə nəsib olmayan şəhidlik zirvəsinə yüksəldi. "Vətən arzusuyla nəğmələr qoşdum, Tufanlar qarşımda dastana döndü", - deyə oxuyan Xudayarın od- alov, atəş içində ömrü dastana çevrildi. Şəhidliyi ömür payı olan Xudayarın döyüş yolu, göstərdiyi şücaət bu gün hər bir gəncə örnəkdir. Bu gün onun ömür yolunu vərəqləyirik: Xudayar Müslüm oğlu Yusifzadə. 15 iyul 1998-ci ildə Bərdə şəhərində dünyaya gəlib. Atası Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası - Rada Yusifzadə isə evdar xanım idi. Ailədə dörd uşaq olublar - üç qardaş və bir bacı. Tale elə gətirib ki, Xudayar Yusifzadənin doğumundan 24 gün sonra atası vəfat edib.

Xudayar Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Dövlət Təhlühəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və "gizir" hərbi rütbəsi alıb.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə rayon Hərbi Komissarlığına müraciət edib. Gözünü dünyaya açan zaman məkan olaraq ilk gördüyü Vətən torpağı olan Xudayar məqam yetişən kimi onun yolunda ölümə belə hazır olduğunu könüllü olaraq ordu sıralarına yazılmaqla göstərdi. Vətən babalarımızdan, əcdadlarımızdan bizə qalan yurd yerimizdir. Əsgər isə Vətən əmanəti, yurd əmanətidir.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edir, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif olunub. Belə ki, Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ölkəmizin hər bir yerində Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidimizin xatirəsi uca tutulur. Azərbaycanda şəhidlik hörmət və ehtiramın ən ali məqamı səviyyəsinə ucalıb. Bu gün Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində Xudayarın büstü qoyulub. İndi bu məktəbə gələn hər bir insan onun böyük bir məslək yolunda şəhid olduğunu biləcək və keçdiyi həyat yolu gələcək nəsil tərəfindən zaman-zaman öyrəniləcəkdir.

Qısa bir ömür yolunda ən ali zirvəyə yüksəldi. Şəhidlik zirvəsində xalqımız tərəfindən tanındı və sevildi. "Xudayar təsnifi" ilə fenomenə çevrildi. Sanki bu mahnıya yeni ömür caladı – şəhid Xudayar ömrü. Özü kimi mahnı da əfsanəviləşdi. Ölümündən 2 gün əvvəl Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə yazılmış mahnını ifa etdi və ona yeni bir nəfəs verdi. Elə bir nəfəs ki, hər bir zaman dilləndikcə ruhları oyadacaqdır. Sanki mahnı yenidən yazıldı və mahnının sözləri böyük bir sevgisi ilə Vətən aşiqinin dili ilə yoğruldu. Hərdən insan təəccüblənir ki, illərlə ifa olunan bu təsnifin nəyə görə məzmununa bu qədər dərindən varmırdı. Səs, ifa, görkəm və ən sonda vətənə bağlı ömrün şəhadəti "Xudayar təsnifi"ni bizlərin qəlbində əbədiləşdirdi. Mahnı oxunanda insan ruhu başqa bir dünyaya qovuşur. Mahnıya "Xudayar təsnifi"nin verilməsi vətənin şəhid oğluna olan diqqət idi. Ona olan böyük sevgi idi. Xudayar adının bir musiqidə əbədiləşməsi idi. Xudayar Yusifzadənin ifasında "Vətən yaxşıdır" təsnifi yeni oranjemanda təqdim olundu. Əlbəttə ki, bir musiqidə deyil, bütöv bir xalqın qəlbində yuva qurdu Xudayar.

Deyirlər bülbülə çəmən yaxşıdır

İnsançün laləzar vətən yaxşıdır.

Vahid, sorma vətən nədən yaxşıdır?

Adı gəlcək könlüm xəndan göründü

Xəndan göründü...

Bəli, bu gün minlərlə şəhidimiz kimi Xudayarın da ruhu şaddır, xəndandır. İşğaldan azad olunan torpaqlarımızda tökdükləri qan ilə işğalda olan torpaqlarımızı azad etdilər. Bu gün qan ilə suvarılmış torpağımızda yeni fidanlar böyüyəcək. Torpağı sevəcək və Xudayar kimi oğulların davamçıları olacaqlar. Xudayar bir evin, bir obanın deyil, Azərbaycan övladıdır. Bu gün ölümündən bir il ötür. Ruhun şad olsun, Xudayar. Allah rəhmət eləsin!

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...