“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“MDB dövlət başçılarının sammitində Rusiya prezidenti V.Putin çıxışı zamanı Cənubi Qafqaz regionuna və post münaqişə dövrünə də toxunub. Eyni zamanda, o bildirib ki, “ən pis sülh müharibədən yaxşıdır”. Kapitulyasiya sənədinə imza atan Paşinyanı və Ermənistanı hazırda Rusiya tərəfi müəyyən qədər sakitləşdirmək istiqamətində addımlar atır. Bunu biz Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi səviyyəsində keçirilən görüşlərdə və təmaslarda müşahidə edirik”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, ən yaxşı sülhə nail olmaq üçün, ilk növbədə, 10 noyabr və 11 yanvar tarixində imzalanmış üçtərəfli birgə bəyanatları icra etmək lazımdır: “Bu xüsusda 10 noyabr tarixində imzalanmış birgə bəyanatın 4-cü maddəsi tam həcmdə icra olunmalıdır. Yəni, Ermənistanın silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazilərini tərk etməlidir. Amma bu prosesi biz müşahidə etmirik, demək olar ki, bu proses getmir. Digər tərəfdən 9-cu maddə icra olunmalıdır və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə təmin olunmalı, Zəngəzur dəhlizi işə salınmalıdır. Yaxşı sülh tezisinə çatmaq üçün həm də tərəflər arasında etimad atmosferi müəyyənləşdirilməlidir. Biz həm də bunun üçün ATƏT-in Minsk Qrupunun dirildilməsi təşəbbüslərini görürük, artıq xarici işlər nazirləri səviyyəsində görüş də keçirilib. Ehtimal olunur ki, dövlət liderləri səviyyəsində də görüş üçün müəyyən baza formalaşdırılsın və bunun üçün artıq müəyyən addımlar da var. Bütün bu kompleks məsələlər həll olunarsa, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər. Artıq bizim ehtimal etdiyimiz yaxşı sülh üçün addımlar atılar. Lakin hazırda biz bunu qəti şəkildə bildirə bilmərik və Putinin də dediyi kimi, müharibə yoxdur və bunun olmaması, “yaxşı müharibədəndisə, pis sülhü” özü ilə bərabər gətirir. Lakin çalışmaq lazımdır ki, yaxşı sülh formalaşsın”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə