"Xalqla heç vaxt zor dili ilə danışmaq olmaz" - SƏDR MÜAVİNİ AÇIQLADI

"Azərbaycanın hər qarış torpağının azad edilməsində bizim qəhrəman əsgərlərimizin xüsusi xidmətləri var. Biz onlara hər daim minnətdar olmalıyıq". Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.

Onun sözlərinə görə, torpaqlarımızı azad edərkən nə ordumuz, nə də siyasi qüvvələr qisasçılıq nöqteyi-nəzərdən məsələyə yanaşmadı.

Mütəllim Rəhimli bu barədə fikirlərini belə izah edib: "Biz öz ləyaqətimizi, xalqımızın ləyaqətini özünə qaytarmaq üçün mücadilə apardıq və işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün vuruşduq. Bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı öz torpaqlarını heç kimə verə bilməz. Bizim yeganə əzmimiz bundan ibarət idi. Dünya anlamalıdır ki, Azərbaycan xalqı ilə heç vaxt zor dili ilə danışmaq olmaz. Hesab edirəm ki, qaytarılan hər torpaq Azərbaycan xalqının özünə qaytarılmasını təmin edib. Zəngilan da daxil olmaqla bütün azad edilmiş torpaqlar Azərbaycan xalqının qürurunun ona qaytarılmasını təmin edib. Bu da Azərbaycan ordusunun gücü sayəsində baş verib".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə