"Füzuli Hava Limanı ərazilərimizə əlçatanlığı təmin edəcək" - EKSPERT ŞƏRH ETDİ

“İşğaldan azad olunmuş torpaqlarda inşa olunacaq 3 hava limanından ilki Füzulidə tikildi. Bu ayın 26-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri onu deməyə əsas verir ki, bu günlərdə Hava limanının rəsmi olaraq açılışı olacaq. Füzuli hava limanı həm də beynəlxalq status alıb. Burada bir sual yaranır ki, işğaldan azad olunmuş torpaqlarda ilk hava limanı niyə məhz, Füzulidə tikildi?”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Çingiz Qənizadə deyib.

Politoloq əvvəla onu qeyd edib ki, Füzuli Hava Limanı Qarabağın qapısıdır: “Qarabağın digər bölgələri də Füzuliyə yaxın yerləşdiyi üçün bu ərazidən istifadə etməklə həm Qarabağın işğaldan azad olunan ərazilərinə, həm də ona yaxın digər rayonlara da səfər edən insanlar bu hava limanından istifadə edə biləcəklər. Digər əsas məqam isə Şuşaya yaxın ən əhəmiyyətli hava limanı məhz, Füzulidə inşa olunmuş hava limanıdır. Biz bilirik ki, cənab Prezidentin tapşırığı əsasında Şuşada hazırda çox böyük quruculuq, abadlıq və bərpa işləri gedir. Oktyabrın 7-də siyasi partiya rəhbərləri və aparıcı politoloqların səfərində mən də nümayəndə heyətinin tərkibində idim”.

Ç.Qənizadə vurğulayıb ki, bu səfər zamanı Şuşaya ən yaxın hava limanının Füzuli Beynəlxalq Hava Limanının olduğunu bir daha müşahidə etdik: “Şuşada aparılan abadlıq işləri çox güman ki, ən qısa zamanda yekunlaşacaq. Bura yerli və əcnəbi turistlərin səfərləri zamanı bu hava limanı çox əhəmiyyətli rol oyanayacaq. Bu hava limanı insanları Şuşaya, eyni zamanda Füzuli rayonu və onun ətrafında olan ərazilərimizə əlçatanlığı təmin edəcək. Bu hava limanının iqtisadi, siyasi bir çox mənada əhəmiyyəti böyükdür”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə