Xudafərin - bütövlük və birliyimizin rəmzi

Tofiq Cahangirov,

YAP İdarə Heyətinin üzvü

Düz bir il əvvəl - oktyabrın 18-də rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Cəbrayıl rayonunda yerləşən tarix-memarlıq abidəsi olan Xudafərin körpüsünü işğaldan azad etdi. Bununla da 27 ildən sonra Xudafərin körpülərinin üzərində Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.

Tarix boyu Azərbaycanın quzeyi ilə güneyini birləşdirən Xudafərin körpüsü Azərbaycan xalqının mənəvi birliyinin simvoluna çevrilib. Xudafərinin azad edilməsi strateji uğur olmaqla yanaşı həm də tarixi ədalətin bərpası, xalqımızın öz mədəniyyət incilərinə sahib çıxması idi. Çünki Xudafərin tarixi-mənəvi baxımdan da müstəsna əhəmiyyətə malikdir.

Böyük strateji əhəmiyyətə malik olan Xudafərin körpüsü həm də Qarabağda gedən döyüşlərdə olduqca əhəmiyyətli məntəqələrdən biri idi. Belə ki, Xudafərin körpüsünün yaxınlığında yerləşən Xudafərin kəndi Cəbrayılın son kəndlərindəndir. Ondan sonra Zəngilan, ardınca da Qubadlı rayonu yerləşir. Bu baxımdan, Xudafərin körpüsünün azad olunması tapşırığının uğurlu icrası xüsusi əhəmiyyət kəsb edirdi. Əməliyyat planına uyğun olaraq Arazboyu istiqamətdə düşmənin mövqelərinə 12 km-dək sızma həyata keçirildi, pusqu quruldu, düşmən qüvvələri heyətimizin döyüş əzmi, peşəkar hazırlığı qarşısında tab gətirməyərək ciddi canlı qüvvə tələfatı verdi və geri çəkildi, biz həmin ərazidə yerləşən strateji yüksəkliyin ələ keçirilməsinə nail olduq.

Qeyd edək ki, iki Xudafərin körpüsü var. Belə ki, tarixən Xudafərin dərəsi Araz çayı yatağında ən əlverişli keçidlərdən biri hesab edilib. Burada genişlənən çay yatağı iri qayalıq sahələrə malikdir. Körpülərin birləşdiyi hər iki sahil, gözəl dağlıq landşaftı olan yerdir. Ayrı-ayrı dövrlərdə Xudafərin körpüləri Azərbaycan ellərinin baş köç yolunun - güneydən Arana və Qarabağa güclü mövsüm axınlarının da qovşağı olub.Tarixi mənbələrə əsasən, Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub.

Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilib. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb. İndiki 15 aşırımlı körpü XII əsrin abidəsi sayılır. Ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlı olan Xudafərin körpüləri Azərbaycan memarlıq üslubunu özündə əks etdirən dəyərli abidələrdir.

Otuz ilə yaxın idi ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan ərazilərimizdəki evlər, bağçalar, məktəblərlə yanaşı, tarixi abidələrimizin də dağılması barədə məlumatlar alırdıq. Digər milli-mənəvi dəyərə malik abidələrimiz kimi, Xudafərin körpüsündən də narahat idik. Artıq bu abidə təhlükədən qurtuldu. Xudafərin onun dəyərini bilən, tarixinin bir parçası olan övladları ilə birlikdədir.

Xudafərin körpüsü böyük strateji əhəmiyyətə malik olmaqla yanaşı, 2-ci Qarabağ üzrə gedən döyüşlərdə olduqca vacib məntəqələrdən biri idi. Belə ki, körpü yaxınlığında yerləşən Xudafərin kəndi Cəbrayılın son kəndlərindəndi, sonra, Zəngilan rayonu, ardınca da Qubadlı rayonu gəlir.

Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...