"Prezidentin mesajları bəzi dairələri hədəf alır" - POLİTOLOQ ŞƏRH ETDİ
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olan zaman Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin bərpasının təməl daşını qoyublar. Azərbaycan Prezidenti eyni zamanda Füzuli-Ağdam avtomobil yolunun, Azərişıq ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin, Füzulidə ilk yaşayış binalarının, Füzuli rayonunun Dövlətyarlı kəndində yeni "ağıllı kənd"in təməllərini qoyub”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
Politoloqun sözlərinə görə, cənab Prezidentin Füzuliyə səfəri xüsusi əhəmiyyət kəsb edir: “Əvvəla, Füzulinin azad olunmasının strateji əhəmiyyəti böyük idi. Füzulidən sonra 200 illik ayrılığın simvolu olan Xudafərinin üzərində bayrağımızın dalğalanması, Zəngilan və Qubadlıya yolun açılması və İranla sərhəd xəttinin bərpa olunması bir tərəfdən torpaqlarımızın işğal faktının aradan qaldırılması, digər tərəfdən suveren ərazilərimizdə başqa dövlətlərin təxribatlarına son qoymaq üçün önəmli idi. Səfər zamanı Füzuli hava limanına baxış, bir neçə gün sonra açılışa gələcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir ildə iki dəfə bölgəyə səfəri Ankaranın Qarabağda əsas güc olduğunu göstərmək baxımından önəmli mesajlardır”.
Z.Qarayeva vurğulayıb ki, Prezident İlham Əliyev Füzuli səfəri zamanı da maraqlı nüanslara toxunaraq lazımi ünvanlara mesajlar ötürdü: ““Müstəqilliyimiz üçün qeyri-bərabər müharibəyə hazırıq” ifadəsi Azərbaycanın suverenliyinə təhdid edən dövlətin gücündən, geosiyasi çəkisindən aslı olmayaraq dəmir yumruqla qarşılaşacağı anlamına gəlir. Son təxribatları və ərazi bütövlüyümüzə gələn təhdidləri nəzərə alsaq bu mesajlar bəzi dairələri hədəf alır”.
Bütün xəbərlər Facebook səhifəmizdə