QƏLƏBƏNİN DADI! SİYASİ RAKURS + ÖZƏL

İlham Əliyev: “Heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik”

44 günlük Vətən müharibəsində əldə edilən zəfərimizdən sonra erməni işğalından azad edilmiş ərazilərimizdə başlayan irimiqyaslı tikinti-quruculuq və nəhəng inşaat işləri ölçüyəgəlməz səviyyədə davam etdirilməkdədir. Artıq bildiyimiz kimi, Füzulidə beynəlxalq status almış hava limanının inşası, Kəlbəcərdə dağların yarılaraq altından tunellərin tikintisi, Laçında və Zəngilanda da hava limanı layihələrinin icrası üçün vaxtın ayrılması, Şuşada, Ağdamda və s. azad olunmuş torpaqlarımızda həyata keçirilən quruculuq prosesləri həm də qısa müddət kəsiyində reallaşdırılmaqdadır.

Habelə, rayon və qəsəbələrimizdə ağıllı kənd, ağıllı şəhər texnologiyalarına hesablanmış infrastrukturlarının yaradılması gerçəkliyi də sürətlə təsdiqini tapmaqdadır. Və ən əsası – bütün bunlar bilavasitə Azərbaycan dövlətinin vəsaitləri hesabına yaradılır.

Artıq bu gün daha bir faktor da sübuta yetirilir ki, illərdir özlərini “qurucu xalq” kimi zorla dünya birliyinə sırımağa çalışan işğalçılar əslində dağıdıcı, talançı, qəsbkar və cinayətkar olduqlarını 30 il bu torpaqlarımızı işğal altında saxladıqları müddətdə sübuta yetiriblər. Bu gün azad edilmiş ərazilərimizdə gecə və gündüz, fasiləsiz olaraq həyata keçirilən inşaat işləri, eləcə də torpaqlarımızın sürətli dirçəldilməsi prosesi həm də onu isbatlayır ki, əslində, bu regionun əsas qurucu xalqı məhz Azərbaycanlılardır. Çünki bu torpaqlar bizim ana yurdumuzdur, dədə-baba ocaqlarımızdır, biz bu torpaqların həsrəti ilə yaşayaraq bu günkü günləri səbirsizliklə gözləyirdik!

Prezident İlham Əliyevin rəhbərliyi altında başladılan işlər, dünya standartlarına cavab verən texnologiyaların tətbiqi, ümumiyyətlə, müasir dünyamızın tələbinə çevrilmiş 4-cü sənaye inqilabının əməli şəkildə bu torpaqlarımızda gerçəkliyə çevrilməsi əslində işğaldan azad eidlmiş ərazilərimizə səfər edən beynəlxalq təşkilat təmsilçilərini, xarici jurnalistləri, ictimai-siyasi daximləri, səfirlik nümayəndələrini də heyran qoymaqdadır. Bəli, Azərbaycan xalqı qalib Sərkərdəsinin, Müzəffər Liderinin rəhbərliyi altında əslində mümkünsüzü mümkün etdiyini əməli şəkildə sərgiləyir.

Prezident: “Biz azad edilmiş ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik”

Oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı Prezident İlham Əliyev növbəti bəyanatları ilə əldə edilən uğurların davam etdiriləcəyini, xüsusilə işlərin hər birinin məhz Azərbaycan dövlətinin vəsaiti hesabına görüeləcəyini vurğulayıb. Belə ki, Cəbrayılın baş planının təsdiqləndiyini, vəsaitlərin ayrıldığını qeyd edən ölkə başçımız digər şəhərlərimizin – Zəngilanın, Qubadlının, Kəlbəcərin və Laçının da baş planlarının hazırlandığını bəyan edib. SİTAT: “Bütün bu işləri biz görəcəyik. Bildiyiniz kimi, heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik”.

Bəli, artıq bu torpaqlarımıza əsl insan nəfəsi, əsl həyat ab-havası geri qayıdır və bunu dövlət başçımız da öz çıxışında vurulayır: “Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Biz azad edilmiş ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik. Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir. Zəngilanda birinci kəndin inşası başa çatmaq üzrədir. Ağdam şəhərinin baş planı təsdiqləndi, işlərə start verildi. Cəbrayılın baş planı təsdiqləndi”.

Ölkə rəhbəri: “Bu işləri görmək üçün əlbəttə ki, biz uzun illər işləmişik”

Təbii ki, görülən işlərin hər birinin təməlində uzun illərin çətinlikləri, aşırımlı yolları, qətiyyət və sarsılmazlıq prinsiplərinin dayanması da kim səyə sirr deyil. Bu qətiyyətlilik prinsipiallığını izə uzaqgörən Liderimiz İlham Əliyev möhkəm iradəsinə xas olan siyasi idarəçiliyi ilə isbatlayıb.

Ulu Öndər Heydər Əliyevin ideoloji və siyasi prinsiplərinə sadiq qalaraq inkişaflı iqtisadiyyat, qüdrətli ordu və güclü dövlət faktorunu siyasi kredo kimi müəyyənləşdirən Prezident İlham Əliyev Füzulidəki çıxışında hazırda reallaşdırılan işlərin də məhz bunların sayəsində əldə olunduğunu xüsusilə vurğulayıb. SİTAT: “Bu işləri görmək üçün əlbəttə ki, biz uzun illər işləmişik. Uzun illər həm torpaqlarımızı azad etmək üçün ordumuzu gücləndirmişik, həm postmüharibə dövründə quruculuq, bərpa işlərini görmək üçün şərait yaratmışıq, imkanlar yaratmışıq - texniki imkanlar, intellektual potensial, kadr potensialı və maliyyə resursları”.

Dövlət başçısı: “Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir”

Dövlət başçımızın vurğuladığı daha bir önəmli mesajı dünyanı bürüyən koronavirus pandemiyası dövründə Azərbaycan iqtisadiyyatının dayanıqlı olması ilə bağlı fikirləridir. Məhz pandemiya böhranından sonra belə iqtisadiyyatımızın gücləndiyini bildirən Prezident İlham Əliyev vurğulayıb: “Bu gün Azərbaycan iqtisadiyyatı pandemiya böhranından sonra dirçəlir. Artıq mənə verilən məlumata görə, doqquz ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5 faiz artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb. Ancaq hər kəs bilməlidir ki, bütün bu bərpa işləri böyük vəsait tələb edir. Yenə də deyirəm, Azərbaycan heç kimdən heç bir yardım, bir qəpik də yardım almayıb və almayacaq. Bu günə qədər almayıbsa, bundan sonra da almayacaq. Bunu öz imkanlarımız çərçivəsində edəcəyik. Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir".

Məhz bu fikirlərin təhlilini apararkən, nəticələrə gəlinərkən həm də belə bir amili vurğulaya bilərik: bu gün işğaldan azad edilmiş ərazilərimizdə görükən işlər, qarşıya qoyulan məqsədlər və proqnozlaşdırılan növbəti planlar – onların hər biri bilavasitə qələbənin dadıdır, zəfərin təntənəsidir, xüsusilə də Azərbaycanın yalnız hərbi-siyasi, yaxud diplomatik deyil, həm də iqtisadi nəhənglər sırasında yer almasının bariz sübutudur!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...