"Müstəqillik bizim ən böyük sərvətimiz, ən böyük dəyərimizdir" - POLİTOLOQ ŞƏRH ETDİ

Ümummili lider Heydər Əliyev: “Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik. Biz özümüz, öz taleyimizin sahibiyik. Bunun üçün, yalnız bunun üçün aylarla əziyyət çəkmək olar. Bunu qorumaq hər bir insanın canından da artıqdır!”

“44 günlük Vətən müharibəsi sadəcə torpaqlarımızın işğaldan azad olunması baxımından deyil, tarixi, siyasi, ideoloji, milli və mədəni baxımdan da olduqca önəmli günlər, əldə etdiyimiz qələbə isə olduqca strateji bir qələbədir. Bu Zəfər, eyni zamanda və daha önəmlisi bir xalqın yenidən özünü dərk etməsidir. Bu tarixi Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sipər olan, küllərindən yenidən doğan Azərbaycan xalqının öz tarixinə, qədim köklər üzərində qurulmuş dövlətçilik ənənələrinə, milli kimliyinə yenidən nəzər yetirməsi baxımından dəqiq və sistemli yanaşma zərurətini meydana çıxardı. “Dağlıq Qarabağ” ifadəsini siyasi leksikondan silib, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunu yaratmaqla regionun siyasi proseslərinə yön verən cənab Prezident İlham Əliyev sadəcə Azərbaycanın tarixi torpaqlarını işğaldan azad edib, regionun siyasi mənzərəsini yenidən formalaşdırmır, həm də Azərbaycan xalqına öz milli köklərinə yenidən baxmalı olduğunun zərurətini də xatırladır. Bu baxımdan da xalqa hər müraciətində tarixi torpaqlarımızın xatırladılmasının, toponimlərin məhz öz qədim adları ilə çağırılmalı olduğunun əhəmiyyətini və zərurətini dönə-dönə qeyd edir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq qeyd edib ki, Azərbaycan demokratik prinsiplərə və ənənələrin varisliyinə əsaslanaraq, azadlığın şirin nəfəsini 20-ci əsrin sonunda duymuş bir xalq, dövlət deyil, bugünkü müstəqil Azərbaycan 20-ci əsrin əvvəllərində qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir: “Milli mənsubiyyətimizi, mədəniyyətimizi, dilimizi və dinimizi unutdurmağa çalışan qüvvələr də bunu bilməlidirlər. Ürəkləri titrədən, düşməni beynəlxalq aləmdə lərzəyə gətirən əsrarəngiz himnimiz, düşməni döyüş meydanında diz çökməyə, ağ bayraq qaldırmağa vadar edən üçrəngli, ay ulduzlu, şanlı bayrağımız, dövlət, dövlətçilik atributumuz olan dövlət gerbimiz Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi dövlət rəmzləridirsə, deməli, birmənalı olaraq 1991-ci ildə bərpa etdiyimiz müstəqilliyin əsil kökü 1918-ci ilin 28 may tarixindən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranış tarixindən başlayır. Mürəkkəb coğrafi şəraitdə, siyasi maraqların toqquşan nöqtəsində yerləşən, bununla yanaşı torpaq işğalına məruz qalan Azərbaycan xalqı məhvolmağın astanasından dönərək yalnız Ümumilli lider Heydər Əliyevə inandı, güvəndi və təkidlə tələblə onu rəhbərliyə çağırdı. Məhz Ulu öndər Heydər Əliyevin tükənməz Azərbaycan sevgisi ilə xalqımız məhv olmağın astanasından döndü. Bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində Ümumilli lider Heydər Əliyev tərəfindən formalaşdırılan, cənab Prezident İlham Əliyev tərəfindən dəqiqliklə realizə edilən siyasi kurs dayanır. Biz bütün tarixi şəxsiyyətlərimizin, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü işləri, övladlarımıza, gələcək nəsillərimizə də aşılamaq kimi bir məsuliyyəti çiyinlərimizdə daşıyırıq”.

Ş.Həsənova vurğulayıb ki, Azərbaycan tarixinə sahib çıxaraq, hörmət edərək 28 May - Respublika Gününün “Müstəqillik günü”, 18-Oktyabr Dövlət Müstəqilliyi Gününün isə “Müstəqilliyin bərpası günü” adlandırılması haqqında olduqca tarixi bir qərar qəbul etdi: “Bu addım ictimaiyyət tərəfindən də olduqca böyük rəğbətlə qarşılandı. Keçmişinə hörmət edən xalqın gələcəyi parlaqdır. Atdığı hər addımda, verdiyi hər qərarda cənab Prezident İlham Əliyev də bu prinsipə sadiq qalaraq, xalqa etdiyi hər müraciətində bu məsələləri bizə xatırladır, bildirir ki, biz qədim dövlətçilik ənənələrinə, qədim köklərə malik bir xalqıq. Bu baxımdan da Azərbaycan xalqı bu cür professional və mənəvi keyfiyyətləri özündə cəmləşdirən bir Liderə duyduğu səmimi sevgisini hər fürsətdə dilə gətirir. Cənab Prezident İlham Əliyev Azərbaycan milli maraqlarını prioritet tutmaqla müstəqil siyasət yürüdür. Torpaqlarımızı işğaldan azad edən, şəhidlərimizin qanını yerdə qoymayan, cəllad Sarkisyan və Koçaryanı dizi üstə çökdürən, düşmənə imdad dilədib, kapitulyasiya aktına imza atmağa məcbur edən, Azərbaycan xalqının milli maraqlarını qoruyaraq, ləyaqətimizi uca tutub, bütün təzyiq və təhdidlərə sinəsini sipər edən Müzəffər Ali Baş Komandan, xalqın qəlbində səmimi, sonsuz sevgi qazanan, əbədi məskən salan Prezident İlham Əliyevin də bildirdiyi kimi: “Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir.” Müstəqilliyimiz, Vətənimizin ərazi bütövlüyü uğrunda düşünmədən canından keçən igid, qeyrətli Azərbaycan oğullarının qarşısında dərin hörmətlə baş əyir, əziz xatirələrini ehtiramla yad edirik. Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Üçrəngli, ay ulduzlu, Şanlı Azərbaycan bayrağı hər zaman yüksəklərdə dalğalansın!”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə