“Azərbaycanı qane edən sülh sazişinin imzalanması mümkün olacaq” ÖZƏL-MÜNASİBƏT

“MDB dövlət başçılarının sammitində V.Putin Rusiyanın aktiv iştirakı ilə Qarabağda baş verən münaqişəni dayandırmağın mümkün olduğunu xüsusi vurğuladı və bəyan etdi ki, “pis sülh uğurlu müharibədən daha yaxşıdır!”. Onun bu bəyanatı ilk növbədə Ermənistanda revanş ümidi ilə yaşayan Koçaryan-Sarksyan tərəfdarlarına ünvanlanmışdı və onlara açıq mətnlə deyilirdi ki, “Azərbaycan torpaqlarını yenidən işğal etmək “xəyallarından” nə qədər tez imtina etsəniz, bir o qədər sizinçün yaxşı olacaq! Revanş planlarınızda Rusiyanın sizin yanınızda olacağına ümid etməyin və 44 günlük hərbi əməliyyatlar zamanı düşdüyünüz vəziyyəti unutmamağa çalışın!”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, Rusiya prezidentinin verdiyi bəyanatın əsas hədəfi şübhəsiz ki, N.Paşinyan hökuməti idi: “İki gün əvvəl Moskvada üzbəüz görüşdə dediklərinin bir hissəsini bir daha təkrarlayan V.Putin əslində deyirdi ki, “erməni xalqını pis sülhə hazırla, ABŞ və Fransa rəsmilərinin verdiyi vədlərə uyub vəziyyəti daha da ağırlaşdırmağa çalışma!”.

Rusiya liderinin bəyanatı məhz bu dövrdə-Minsk qrupu həmsədrlərinin fəallaşdığı və vasitəçilik təşəbbüsünü ələ keçirməyə çalışdığı günlərdə verməsi bir daha göstərdi ki, Moskva sülh sazişinin imzalanması istiqamətində aparılan danışıqlarda təşəbbüsün ABŞ və Fransanın əlinə keçməsinə imkan verməyəcək və qısa müddətdə bu prosesin yekunlaşması, Cənubi Qafqaz regionunda sülhün təmin olunması üçün əlindən gələni edəcəkdir. V.Putinin sözləri, eyni zamanda, danışıqları Minsk qrupunun vasitəçiliyi ilə aparmağa cəhd edən N.Paşinyana növbəti xəbərdardıq- bir il əvvəl başladığı “uğurlu müharibədə” başına gələnləri, düşdüyü rəzil vəziyyəti bir daha xatırlatmaq cəhdi idi. Bu mənada Rusiya prezidentinin bəyanatı Ermənistan cəmiyyətinin “unutqan” və hələ də “bəlkə də qaytardılar” ümidi ilə yaşayan hissəsini “sakitləşdirmək” cəhdi kimi də qiymətləndirilə bilər. Güman edirəm ki, həm Prezident İlham Əliyevin mütəmadi olaraq apardığı diplomatik iş, həm də Rusiya prezidentinin Ermənistan liderinə açıq və qapalı görüşlərdə verdiyi məsləhətlər öz bəhrəsini verəcək və yaxın zamanlarda Azərbaycanı qane edən sülh sazişinin imzalanması mümkün olacaq”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə