"Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və dönməzdir" - DEPUTAT MÖVQE BİLDİRDİ

"44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbəmizdən sonra növbəti prioritet məsələlərdən biri, əlbəttə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işləridir. Müzəffər Ali Baş Komandan hörmətli Prezident İlham Əliyevin rəbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə çox böyük işlər görülmüşdür". Bunu SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, infrastruktur bərpa olunur, nəqliyyat xətləri çəkilir, dəmiryolu xətləri çəkilir, enerji təminatı bu ilin sonuna qədər başa çatdırılacaq, içməli su təminatı bərpa olunur. Eyni zamanda ən mühüm hadisələrdən biri də cəmisi 8 ay müddətində beynəlxalq hava limanının inşa edilməsidir.

Cavid Osmanov bu barədə fikirlərini belə izah edib: "Qardaş ölkənin prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanla, hörmətli Prezidentimiz İlham Əliyev Füzuli beynəlxalq hava limanının açılışını birgə həyata keçirəcəklər. Əlbəttə ki, bu çox böyük hadisədir. Çünki qardaş Türkiyə bizim ən yaxın müttəfiqimizdir.

Azərbaycana 44 günlük Vətən müharibəsində ən böyük mənəvi, siyasi dəstəyi verən Türkiyə olub. Türkiyə prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın cənab Prezident İlham Əliyev ilə birgə Füzuli beynəlxalq hava limanının açılışında iştirak etməsi böyük tarixi hadisədir. Bu eyni zamanda bütün dünyaya mesajdır ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir və bundan sonra da bu əlaqələ qarşılıqlı inkişaf edəcək.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə