“İki qardaş, dost dövlət daim birgədir” -MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr tarixində Azərbaycana səfərinin xüsusi mənası var və 8 noyabr Vətən müharibəsində Azərbaycan əsgərinin qalib gəldiyi, torpaqlarımızın işğaldan azad edildiyi bir gündür. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili vurğulayıb ki, ilk dəfə olaraq biz Zəfər Bayramını qeyd edəcəyik və belə bir gündə dost, qardaş Türkiyə rəhbərinin Azərbaycanda səfərdə olması Türkiyənin Azərbaycanla dostluğa verdiyi qiymət, Azərbaycanın uğurlarına sevinməsi və bundan sonra da daim Azərbaycanla bir olmasının nümunəsidir.

“Türkiyə prezidentinin səfərinin həmçinin, çox böyük bir proqramı olacağı gözlənilir. Bu proqramın içərisində xüsusi diqqətə çəkən Füzuli aeroportunun artıq fəaliyyətə başlaması üçün açılışının edilməsidir. Türkiyə rəhbəri ilə birlikdə bu açılışın edilməsi Füzuli aeroportunun gələcəyinə, onun təkcə Azərbaycanın deyil, regionun və dünyanın çox işlək aeroportlarından biri olmağına bir işarədir.

Füzuli aeroportunun ilk növbədə Azərbaycan daxili və Türkiyədən gələn təyyarələr üçün, gələcəkdə isə onun adına uyğun olaraq, beynəlxalq bir aeroport olacağı gözlənilir. Türkiyə həm aeroport tikintisində, həm torpaqlarımız işğaldan azad edildikdən sonra torpaqların minalardan təmizlənməsi, komunikasiyaların qurulması və bərpa işlərində Azərbaycana yaxından kömək edir. Türkiyənin iri şirkətləri Azərbaycanın işğaldan azad olunan torpaqlarında müəssisələrin qurulmasında, sosial obyektlərin tikilməsində yaxından iştirak edirlər və Türkiyə rəhbərinin bu məsələlərə önəm verdiyi bir daha özünü göstərir.

Eyni zamanda gələcək planlarla bağlı iki dövlət rəhbərlərinin danışıqlar aparacağı, onların fikir mübadiləsi edərək, ümumi nəticəyə gələcəyi də gözlənilir. İki qardaş, dost dövlət daim birgədirlər, problemlərini birgə həll edirlər, bir çox məsələlərdə resurslarını birləşdirirlər və bundan sonra da daim Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanında olacaqdır”, deyə millət vəkili Aydın Mirzəzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə