Putin-Paşinyan görüşündə daha hansı məsələlər MÜZAKİRƏ EDİLDİ? - QHT RƏSMİSİNİN MÖVQEYİ

Putin-Paşinyan görüşündə daha hansı məsələlər MÜZAKİRƏ EDİLDİ? - QHT RƏSMİSİNİN MÖVQEYİ

“Dünən Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüş rəsmi və qeyri-rəsmi şəraitdə keçirilib. Görüşdə əsasən Rusiya-Ermənistan münasibətləri, regiondakı vəziyyət müzakirə predmeti olub”. Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqlarının Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, regionla bağlı məsələlərdə müzakirə, əldə olunmuş razılaşmanın davam etdirilməsi və regiondakı vəziyyətin stabilləşməsi istiqamətində fikir mübadiləsi aparılıb: “Hesab edirəm ki, Vladimir Putin 9 noyabr 2020-ci il sazişinin razılaşmasının bəndlərinin icrası ilə bağlı Paşinyanla bir daha müzakirələr aparıb. Rusiyanın mövqeyi budur ki, əldə olunmuş razılaşmanın bütün şərtləri icra olunsun. Amma bilmədiyimiz Paşinyan tərəfindən bəzi məsələlər var ki, o, bu razılaşmalarda müəyyən müddəaları dəyişmək istəyi ilə artıq öz fikrini həm ATƏT-in Minsk qrupuna, həm də Rusiyaya çatdırıb. Çünki o, Qarabağın status məsələsi kimi sərsəm fikri ortaya atır, sərhədlərin delimitasiya və demarkasiya prosesində ləng addımlar atmağa üstünlük verir. Amma görünən odur ki, Rusiya bu məsələlərdə öz mövqeyində qalır”.

Çingiz Qənizadə sözlərinə davam edərək həmçinin qeyd edib ki, Paşinyan və Putinin görüşü əslində mətbuata verildiyi kimi çox da ciddi olmayan və qısa zaman kəsiyində baş tutan səfər olsa da, əslində Putin bir daha regionda baş verən proseslərin Ermənistan tərəfindən tezləşdirilməsi üçün, xüsusilə də Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar atılması ilə bağlı öz sözünü Paşinyana verib: “Artıq bilirik ki, Azərbaycanla Ermənistan arasında hava məkanı açılıb. Zəngəzurun açılması ilə bağlı, bununla yanaşı həmçinin dəmir və avtomobil yolunun açılması, kommunikasiya əlaqələrinin açılması və digər məsələlərin həlli istiqamətində də tövsiyələr olub. Ümid edirəm ki, bu görüşün nəticələri uğurlu olacaq. Bu gün regionda Ermənistanın mövqeyini dəyişə biləcək və Ermənistanın hansı addımları atacağını diqtə edən yeganə qüvvə Rusiyadır. Bu baxımdan elə hesab edirəm ki, Paşinyanın Moskvaya çağırılması və qısa zaman kəsiyində görüşün keçirilməsi yenə də regiondakı məsələlərin sürətləndirilməsi və sabitliyin əldə olunmasına xidmət edən bir məqamdır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə