Yeni reallıqlardan doğan rezonans və etiraflar - TƏHLİL

Yeni reallıqlardan doğan rezonans və etiraflar - TƏHLİL

Ermənistanın 3-4 il müddətinə işğal etdiyi və qanunsuz olaraq 30 il müddətində işğalda saxladığı Azərbaycan torpaqları işğalçı tərəfin növbəti təxribatlarına cavab olaraq, əks hücum olaraq başladılan və cəmi 44 gün davam edən müharibə nəticəsində Ali Baş Komandanın rəhbərliyi, xalqımızın birliyi, həmrəyliyi ilə hərbçilərimiz, ordumuz tərəfindən geri alındı və bununla da artıq ölkəmiz regionda yeni reallıqlar yaratdı. İşğalçı ölkənin istəklərinə, arzularına 44 günlük müharibə ilə son qoyuldu və bölgədə vəziyyət tamamilə dəyişdi. Qarabağ probleminə son qoyuldu, erməni separatçıları tərəfindən 30 il işğal altında saxlanılan torpaqlarımız işğaldan azad olundu və həmin ərazilərdə artıq yenidənqurma, bərpa, abadlığ işlərinə başlanılıb, infrastruktur layihələri həyata keçirilir, bir sözlə həmin ərazilər Azərbaycanın nəzarəti altındadır. Artıq Azərbaycan qalib ölkə statusuna malikdir və başqa statusdan da söhbət belə gedə bilməz. Bir sözlə, bölgədə yeni reallıqlar yaranıb və bunun da bütün dünya şahididir.

Məsələ burasındadır ki, Azərbaycan qalib ölkə olmasının fonunda yenə də müharibə səhifəsinin qapadılmasının tərəfdarıdır. Ölkəmiz yenə də düşmənçiliyə son qoyulmasını istədiyini bəyan edir. Azərbaycan sülhün təmin olunması və əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı çağırışlar və təşəbbüslərlə çıxış edir. Xatırladığımız kimi, hələ ikinci Qarabağ müharibəsindən öncə də biz işğal edilən torpaqlarımızın dinc yolla, müharibə, savaş olmadan qaytarılmasının tərəfdarı, sülhün tərəfdarı olduğumuzu bildirmişdik, elə indi də sülhün tərəfdarıyıq. Yəni, bu, məhz Azərbaycanın dəyişməz mövqeyidir.

Bəllidir ki, Azərbaycanın regionda funksionallığını artırması regionda baş verən son məlum proseslərdən kənarda qalan qüvvələrin maraqlarına uyğun deyil. Bölgənin təhlükəsizliyi baxımından Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlığının həlledici amilə çevrilməsinə görə bu qüvvələrin narahatlığı da başadüşüləndir. Bir növ, yeni reallıqlar, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar rezonans doğurub desək, yanılmarıq. Çünki, sual oluna bilər ki, indi, yəni Qarabağla bağlı məsələ həll olunandan sonra, artıq Qarabağ problemi deyilən bir problem olmadığı bir zamanda həmsədrlər niyə ortalığa düşüb nə isə etmək, hansısa müdaxilə etmək istəyirlər? Bu müdaxilə üçün onların məgər 30 ilə yaxın müddətdə vaxtları olmayıbmı? Yoxsa, bir zamanlar Qarabağ məsələsinin həllinə fokuslanmalı olan ATƏT-in Minsk Qrupuna 30 il ərzində şərait yaradılmırdımı? Bu qrup niyə bu zamana qədər bu qədər maraqlı deyildi bölgədəki vəziyyətlə bağlı? Cavab çox sadədir və bəllidir ki, bölgənin bundan əvvəlki vəziyyəti onları qane edirmiş və problemin hələ də davam etməsində maraqlı idilərmiş.

Əlbəttə ki, Qarabağ məsələsini bayraq edərək bölgəyə səfərlər edən, əllərində nəzarət mexanizmi kimi bir rıçaq olduğunu zənn edənlərin, xəyal edənlərin cəmi 44 gün ərzində xəyallarına son qoyuldu və indi onların çaxnaşmaları, narahatlıqları anlaşılandır. Amma onlar bunu başa düşməlidirlər və hətta başa düşməyə də başlayıblar ki, mövcud reallıqlar onların maraqlarına uyğun olmasa da, nə qədər narahat olsalar da, bunu açıq şəkildə ifadə etsələr də reallığı dəyişmək iqtidarında deyillər. Məsələn, proseslərdən kənarda qalan ATƏT-in Minsk Qrupunun Amerika, Fransa kimi həmsədr ölkələri bu gün guya aktivlik nümayiş etdirməyə, məsələyə müdaxilə etməyə cəhd göstərsələr də layiqli cavablarını alırlar. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev dünyanın sayılıb-seçilən mətbuat səhifələrinə müsahibələrində heç bir qüvvənin bölgədə mövcud reallığı, Azərbaycanın yatadığı yeni reallığı dəyişə bilmək iqtidarında olmadığını bəyan edib və qətiyyətli mövqeyini bildirib.

Əsl reallıq, məhz bugünkü reallıq isə daha çox ondan ibarətdir ki, rəsmi İrəvan işğal faktının Ermənistanın inkişafına nə dərəcədə mənfi təsir etdiyini dərk etmək məcburiyyətindədir və dərk edir də. Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan informasiyalardan da görürük ki, bu reallığın, daha dəqiq desək, işğal faktının Ermənistanı nəinki inkişafdan məhrum etdiyinin, bu işğalçı ölkəni iflic vəziyyətinə gətirdiyinin, Azərbaycanın isə durmadan, davamlı və sürətli inkişafının etiraf edilməsinə istər siyasi istiblişmentin ritorikasında, istərsə də ayrı-ayrı siyasi şərhçilərin açıqlamalarında tez-tez rast gəlinir. Çünki, özləri də başa düşmək məcburiyyətindədirlər ki, ölkələri siyasi, iqtisadi, sosial kataklizmlərdən çıxa bilmir və ikinci Qarabağ müharibəsi Ermənistandakı böhranı daha da dərinləşdirib. Bu işğalçı ölkə cəmi 44 gün ərzində hərbi qüvvələrini, texnikalarını, böyük həcmdə resurslarını itirib, böyük miqdarda maddi itgilərlə üzləşib. Əbəs yerə deyil ki, ikinci Qarabağ müharibəsindən sonra Ermənistanın maddi sıxıntısı dəfələrlə artıb və səfalət, gərginlik də buna münasib şəkildə çoxalıb. Yəni, bunu etiraf etməkdən boyun qaçırmağın da faydası yoxdur.
Hazırda Ermənistan hakimiyyəti hətta torpaqların Azərbaycana vaxtında qaytarılmamasını ciddi siyasi səhv kimi etiraf etməkdən belə çəkinmir. Ermənistanın baş nazirinin özünün belə etiraflarının dəfələrlə şahidi olmuşuq. Sonuncu dəfə belə etirafları baş nazir Nikol Paşinyan Litvada səfərdə olarkən erməni icması ilə görüşdə edib.

“Anlamaq lazımdır ki, müharibəyə yol verməməyin yeganə şərti ərazilərin qaytarılması olub. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalı idik. Ən azı 5 rayonu. Digər 2 rayon məsələsi başqadır. Əslində isə, gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq”, deyə Ermənistanın baş naziri işğalçı ölkənin yanlış, səhv addım atdığını etiraf edib.

Beynəlxalq ictimaiyyətə tarixi Azərbaycan şəhəri olan Şuşanı, erməni şəhəri kimi tanıtmağa çalışan Ermənistan 30 illik işğal dövründə burada törətdiyi vandallıqlarla bu şəhərə olan əsl münasibətini sübut edib, bütün dünyaya göstərib. İndi bunu, bu reallığı gizlədə bilməyən ermənilərin etiraflardan başqa çarəsi qalmayıb. Şəhərdə bircə dənə bina belə tikməyən ermənilər oradakı tikililəri də dağıdıblar, şəhəri viran qoyublar. Şuşa şəhərində 30 il ərzində bir dənə də olsa tikinti, yaxud abadlıq işi görülməyib və bu da təbii ki, səbəbsiz deyildi. Görünür, ermənilər bu şəhəri əsl sahiblərinə qaytarmalı olacaqlarını, əslində subliminal olsa da qəbul ediblər. Yəni, əslində yaxşı biliblər ki, bu şəhərin işğalı ilə Azərbaycan barışmayacaq və bu şəhər bu zamana qədər onlara məxsus olmadığı kimi, bundan sonra da onlara qalmayacaq. Elə buna görə də bir dənə də olsa tikinti, bərpa işi görülməyib. Bu faktı da erməni baş nazir dəfələrlə etiraf edib və ən son etirafını yenə də Litvada səfərdə olarkən erməni icması qarşısında edib.

“Bu gün Şuşa haqqında bu qədər danışırlar. Bəs bu 30 ildə Şuşada neçə yaşayış evi tikilib? Heç bir. Bəs niyə? Kimsə heç soruşmur ki, niyə tikilməyib. Nədir bunun səbəbi? Məntiq nədir ki, tikilməyib? Pulları olmayıb? Cavab məncə aydındır”, deyə erməni baş nazir həqiqətən tarixi bir etiraf edib.

Ola bilsin ki, bu gün Ermənistanda revanşizm dəb halını ala bilər və kimlərsə özlərini revanşist olaraq qəhrəman kimi qələmə verməyə çalışa bilərlər. Amma, onlar da etiraf etməlidirlər və edəcəklər ki, revanşdan dəm vurmaqdansa bir il bundan qabaq Qarabağa gedib erməni hərbçilərinə yardımçı ola, ən azından qaçmaq üçün kömək edə bilərdilər. Halbuki, indi özlərini dırnaqarası qəhrəman kimi qələmə vermək istəyən revanşistlər həmin o müharibə dönəmində qaçıb gizlənmişdilər. Hətta Qarabağ ərazisində məskunlaşanları belə İrəvanda sığınacaq tapırdılar. Müharibə qurtarandan sonra bu adamlar qəhrəmana çevrildilər, yoxsa dırnaqarası “igid” olduqlarını müharibə bitəndən, ölkə başçıları kapitulyasiya sənədi imzaladıqdan sonra başa düşüblər? Bəs başa düşməyiblər ki, əsl reallıq ondan ibarətdir ki, onların heç bir perspektivləri yoxdur? Yəqin ki, bu reallığı da tamamilə məhv olandan sonra başa düşəcəklər və etiraf edəcəklər.

Azərbaycanın hal-hazırda mövqeyi çox güclüdür və bunu ermənilərin, ermənipərəstlərin, hətta qeyd etdiyimiz kimi, proseslərdən kənarda qalan qüvvələrin belə etiraf etmələrindən başqa çarələri yoxdur. Ən böyük reallığın biri də məhz budur və bu reallıq da fərqli bir rezonans doğurmaqla yanaşı etiraf da olunur. Etiraf olunur ki, Azərbaycan işğalçı ölkədən fərqli olaraq inkişafa, tərəqqiyə üstünlük verib, güclü dövlətə çevrilib. Bu gün Azərbaycan da, onun mövqeyi də ona görə güclüdür ki, ölkəmiz tarixi ədalətə və bu ədalətdən doğan entuziazma söykənir.

İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə