"Bu birlik harda olarsa orada qələbə olar" - HÜQUQ MÜDAFİƏÇİSİ AÇIQLADI

"Bu birlik harda olarsa orada qələbə olar" - HÜQUQ MÜDAFİƏÇİSİ AÇIQLADI

"Dünən Azərbaycanda fəaliyyət göstərən 43 partiyanın sədrləri və üzvləri eyni zamanda siyasi şərhçi və politoloqlardan ibarət 55 nəfərlik nümayəndə heyəti Şuşaya yola düşdük". Bunu SİA-ya açıqlamasında hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, bu görüşün iştirakçısı Prezident Administrasiyası idi. Nümayəndə heyətinə rəhbərliyi şəxsən Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev etdi.

Çingiz Qənizadə bu barədə fikirlərini belə izah edib: "Biz dünən müqəddəs torpaqlarımızı ziyarət etdik. Şuşanı boz gördükdə, təbii ki, qəlbimizdən müəyyən acı hisslər keçdi. Ona görə ki, nə vaxtsa ermənilər bu şəhərə “əl gəzdirib”, dağıdıblar, bərbad vəziyyətə salıblar. Amma digər tərəfdən qəlbimizdə qürur hissi keçirirdik ki, Şuşanın hər yanında quruculuq, abadlıq işləri aparılır. Güclü, qüdrətli Azərbaycan ordusu Şuşanın ən sıldırımlı yerlərində dayanıb şəhərimizi qoruyur. Səfər barəsində danışmazdan əvvəl demək istəyirəm ki, cənab İlham Əliyevin 2018-ci ildə yenidən Prezident seçilməsindən sonra başladılan islahatların tərkib hissəsi olaraq bir şöbə yaradıldı. Şöbəyə rəhbər kimi Ədalət Vəliyev təyin olundu. Şöbə Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi adlandırıldı. Bu cənab Prezidentin uzaqgörən siyasəti idi. Yəni ölkədə dağınıq vəziyyətdə olan siyasi partiyalar arasındakı əlaqə sanki yavaş-yavaş formalaşmağa başladı. Ölkədə yeni siyasi birliyin yaranması üçün işlər görülməyə başladı. Ədalət Vəliyev bu işin öhdəsindən gəlməyi kifayət qədər bacardı. Hazırda bu siyasi partiyalar arasında anlaşma var.

Hətta mən deyərdim ki, 2020-ci ilin sentyabrın 27-də başlamış olduğumuz azadlıq müharibəsi zamanı ilk olaraq siyasi partiyalar arasında bir bəyanatın verilməsi, Ali Baş Komandanın ətrafında iqtidarkı-müxalifətli hamının birləşməsi bu şöbənin fəaliyyətinin və hörmətli Prezidentin uzaqgörən siyasətinin nəticəsi idi. Partiyaların nümayəndələri arasında mən bir politoloq və siyasi şərhçi, həm də bir hüquq müdafiəçisi kimi iştirak etdim. Bu zaman partiya nümayəndələri arasında normal münasibətin yarandığının şahidi oldum. Əvvəllər onlar bit-birələri barədə bəyanatla çıxış edirdilər və şəxsiyyətləri barədə qeyri-etik ifadələr işlədirdilər. Amma dünənki səfər zamanı vahid, sanki bir-birini anlamağa çalışan, lazım gələrsə fikirlərini etik formada və sivil qaydada bir-birinə çatdırmağa çalışan siyasi partiya nümayəndələrini gördük. Burada Administrasiyanın işi böyükdür. Administrasiya qarışıq və bir-birinə qarşı bəyanatla çıxış edən partiya nümayəndələrini bir masa ətrafında birləşdirməyi bacardı. Bu konfiqurasiya uzağa hesablanmış bir siyasətdir. Və bu siyasətin nəticəsində yaranan birlik mən əminliklə deyə bilərəm ki, Azərbaycan xalqının işıqlı gələcəyinə, Azərbaycan dövlətinin uğurlu inkişafına hesablanmış bir siyasətdir. Şuşada olanda mən gördüm ki, bizim qələbəmizin qazanılmasında müzəffər Ali Baş Komandanımız və ordumuzla yanaşı, bu partiyaların birliyi də rol oynayıb. Allah bu birliyimizi əlimizdən almasın. Hesab edirəm ki, bu birlik harda olarsa orada qələbə olar".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə