Azərbaycan peyvəndlərin paylanmasında ədalətli bölgünü dəstəkləyir

Azərbaycan peyvəndlərin paylanmasında ədalətli bölgünü dəstəkləyir

Prezident İlham Əliyev: "Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarıdır"

Yeni növ koronavirus COVID-19 pandemiyası bəşəriyyəti narahat edən məsələ olaraq qalır. Koronavirusun dünyada vüsət almasını nəzərə alaraq hər kəs daha da məsuliyyətli olmalıdır. Təbii ki, hər an bu xəstəliyə yoluxa biləcəyimizi düşünməliyik və bunun üçün istənilən yerdə tələb olunan əməllərə riayət etməyimiz vacib məsələdir. Xüsusi olaraq vurğulayaq ki, Azərbaycan o dövlətlərdəndir ki, pandemiya başladığı və yayıldığı ilk günlərdən ölkəmizdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COVID-19 pandemiyasının geniş şəkildə insanlar arasında yayılmasının qarşısının alınması məqsədi ilə vaxtında zəruri qabaqlayıcı tədbirlər həyata keçirilməyə başladı və bu, davamlıdır. Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı videoformatda çıxışı zamanı bildirdiyi kimi, "COVID-19 pandemiyası bütün dünya üçün ciddi çətinliklər doğurmaqda davam edir. Hökumətimiz ilk günlərdən əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirir".

"PANDEMİYA İLƏ MÜBARİZƏ SAHƏSİNDƏ AZƏRBAYCANIN MÜFƏSSƏL SƏYLƏRİ BEYNƏLXALQ SƏVİYYƏDƏ QƏBUL EDİLİB"

Qısa bir zaman məsafəsində virusla mübarizə istiqamətində tədbirlər həyata keçirildi. Ölkə Prezidenti İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı təsdiq edildi. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı. Ölkəmizdə pandemiya ilə mübarizə üçün zəruri infrastruktur yaradılması, bütün texniki-təşkilati məsələlər uğurla həllini tapmış oldu. Dövlət başçısı bildirib ki, düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb və ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb: "Pandemiya ilə mübarizə sahəsində Azərbaycanın müfəssəl səyləri beynəlxalq səviyyədə qəbul edilib. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb".

"HƏR 100 NƏFƏRƏ İSTİFADƏ EDİLMİŞ VAKSİN DOZALARININ HƏCMİ 80 FAİZDƏN ARTIQDIR"

Təbii ki, COVID-19-la mübarizədə qalib gəlmək üçün virus əleyhinə peyvəndlənmə vacibdir. Bildiyimiz kimi, vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Belə ki, ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesi 2021-ci il yanvarın 18-də başlayıb. Bu proses 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası çərçivəsində aparılır. "Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndləmə kampaniyasına başlayıb", - deyən Prezident qeyd edib ki, hər 100 nəfərə istifadə edilmiş vaksin dozalarının həcmi 80 faizdən artıqdır.

Vətəndaşlar bilməlidirlər ki, peyvənd olunmaq COVID-19-dan qurtulmaq üçün yeganə çıxış yoludur. Azərbaycanda sentyabrın 30-na qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 485 min 952, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 745 min 715, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 740 min 237 nəfər təşkil edir. Vaksinasiya zamanı "CoronaVac", "Vaxzevria", "Sputnic V", "Pfizer", "Sinovac" kimi peyvəndləri istifadə edilir. Statistika göstərir ki, COVID-19 testi pozitiv olanların 90 faizindən çoxu peyvənd olunmamış şəxslərdir. Mütəxəssislərin fikrincə, elmi araşdırmaların nəticələrinə əsasən, müəyyən olunub ki, peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub.

"30-DAN ARTIQ ÖLKƏYƏ KORONAVİRUSLA MÜBARİZƏNİN DƏSTƏKLƏNMƏSİ ÜÇÜN HUMANİTAR VƏ MALİYYƏ YARDIMI ETMİŞİK"

Cənab Prezident çıxışında qeyd etdiyi kimi, düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb və ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb: "Pandemiya ilə mübarizə sahəsində Azərbaycanın müfəssəl səyləri beynəlxalq səviyyədə qəbul edilib. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb".

Dövlət başçısı Azərbaycanın bu istiqamətdəki fəaliyyəti özünün maliyyə resursları hesabına həyata keçirdiyini diqqətə çatdırıb. Onu da bildirib ki, biz, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı etmişik. Bütün bunlarla yanaşı olaraq Azərbaycan dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərib.

"DÜNYADA MÖVCUD OLAN PEYVƏND DOZALARININ 75 FAİZİNDƏN ÇOXU 10 ZƏNGİN ÖLKƏ TƏRƏFİNDƏN ALINIB"

Azərbaycan pandemiyaya qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. "Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarıdır" – deyən Cənab Prezident Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın bir sıra qlobal təşəbbüslər irəli sürdüyünü diqqətə çatdırıb: "2020-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil etmişdir. Zirvə toplantısı zamanı Mən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsini təklif etdim. Həmin təşəbbüs BMT-yə üzv olan 150-dən artıq dövlət tərəfindən dəstəkləndi və 2020-ci il 3-4 dekabr tarixlərində xüsusi sessiya baş tutdu".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə Görüşünün əsas məqsədi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birinə dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsi idi. Dövlət başçısı inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırmışdı.

Bu gün peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında "Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi" adlı qətnamə layihəsi irəli sürmüşdü. "Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını ifadə edib", - deyən Prezident qeyd edib ki, biz davam edən "peyvənd millətçiliyi" və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığımızı bir daha vurğulayırıq: "Belə hərəkətlər inkişaf etməkdə olan ölkələrin öz əhalisini qorumasını əngəlləyir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır. Bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. Cari sessiya çərçivəsində Azərbaycan BMT Baş Assambleyasında eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır."

Əlbəttə ki, bu gün ölkəmizdə peyvəndlənmə davamlı olaraq aparılır. Amma yaddan çıxarmamalıyıq ki, peyvənd vurdurduqdan sonra belə özünümühafizə qaydalarına əməl etmək vacibdir. Dövlət başçısının "Biz birlikdə güclüyük!" çağırışı pandemiyaya qarşı mübarizədə hər kəsi həmrəy olmağa səslədi və hər bir insan tələb olunan qaydalara əməl etməyə vətəndaş olaraq borcludur. Tibbi maskadan və dezinfeksiya məhlullarından istifadə etmək, sosial məsafəni qorumaq vacib şərtdir və vətəndaş məsuliyyətimizdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə