Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb. SİA xəbər verir ki, görüşün qapalı hissəsindən əvvəl dövlət başçıları mətbuatın iştirakı ilə bəzi məsələləri qısaca müzakirə ediblər.
Putin ikitərəfli münasibətlərin müsbət inkişaf etdiyini qeyd edib.
Rusiya prezidenti "Türk Axını" qaz kəmərinin inşası ilə bağlı mövqeyinə görə türkiyəli həmkarına təşəkkürünü bildirib: "İndi Avropa qaz bazarında problemlər yaşanır. "Türk Axını" sayəsində Türkiyə özünü tam əmin hiss edir".
Onun sözlərinə görə, Rusiya və Türkiyə koronavirus pandemiyası səbəbiylə ticarət itkisini nəinki kompensasiya etdi, həm də artırdı. Rusiya prezidenti pandemiya ilə mübarizədə birgə əməkdaşlığın yaxşı inkişaf etdiyini bildirib.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində rusiyalı həmkarına turizm baxımından göstərilən dəstəyə görə minnətdarlığını bildirib: "Rusiya vətəndaşlarının, rusların bu müddətdə ölkəmizdə dincəlməyi üstün tutduqlarına görə minnətdarıq".
İki dövlətin liderləri daha bir Rusiya-Türkiyə birgə layihəsindən - Türkiyənin cənub sahillərində inşa edilən "Akkuyu AES"-dən bəhs ediblər. Cənab Ərdoğan atom elektrik stansiyasının ilk blokunun 2022-ci ildə açıla biləcəyini söyləyib: “İnşaat plana uyğun gedir. Mənə məlumat verildi ki, AES-in tikintisi müəyyən bir vaxtda başa çatacaq. İnanıram ki, gələn il bu atom elektrik stansiyasının ilk blokunu aça biləcəyik".
Putin bu ilin yanvarında Qarabağda fəaliyyətə başlayan Rusiya-Türkiyə Monitorinq Mərkəzinin uğurla həyata keçirildiyini də qeyd edib. Onun sözlərinə görə, bu təşkilat fəaliyyət göstərir və bölgədə sabitliyin ciddi zəmanətidir: “Qarabağda Rusiya-Türkiyə monitorinq mərkəzi fəal şəkildə fəaliyyət göstərir. Bu əməkdaşlıq, sabitliyin və tərəflərin barışığa yönəlmiş addımlar mövzusunda mövqelərinin razılaşdırılmasının ciddi bir təminatıdır".
Türkiyə Prezidenti hərbi sənaye kompleksində əməkdaşlıq mövzusunu qaldırıb: "Qeyd edilməli olan başqa bir məsələ, hərbi müdafiə sənayesində birgə addımlarımızdır. Bu barədə danışmağın faydalı olacağını düşünürəm. Artıq atdığımız, tamamladığımız addımlar var və bu baxımdan geriyə dönüş yoxdur".
Bundan başqa, prezidentlər Türkiyədəki koronavirus, turizm və meşə yanğınlarının idarə edilməsi mövzusuna da toxunublar.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçıları arasında aparılan danışıqlardan sonra heç bir sənəd imzalamanın planlaşdırılmadığını bildirib. Danışıqların qapalı hissəsində dövlət başçıları ikitərəfli münasibətləri, regional və beynəlxalq prosesləri müzakirə edəcəklər. Xüsusilə liderlər Suriya, Liviya və Əfqanıstandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, Türkiyə Prezidenti R.T.Ərdoğanı səfərdə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Prezident Administrasiyasının Əlaqə Ofisinin rəhbəri Fəxrəddin Altun və Prezidentin mətbuat katibi İbrahim Kalın müşayiət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB