Zərdabda 27 sentyabr "Anım günü" ilə əlaqədar tədbirlər keçirildi FOTOLAR

27 sentyabr "Anım günü" ilə əlaqədar Zərdab rayonunda keçirilən silsilə tədbirlər bu gün də davam etdirilib. Əvvəlcə rayon rəhbərliyi, millət vəkili Jalə Əliyeva, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının bir qrup fəal üzvləri, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları, hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən Zərdab şəhərindəki Şəhidlərin xatirə parkında tikilib istifadəyə verilmiş abidə ziyarət olunmuş, önünə gül-çiçək dəstələri qoyulub. Sonra abidə önündə anım mərasimi keçirilib.

Anım mərasimində çıxış edən Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə 44 günlük Vətən müharibəsi haqqında məlumat verib, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdığını diqqətə çatdırıb.

Qeyd olunmuşdur ki, Vətən müharibəsində böyük, tarixi qələbənin qazanılmasına Zərdab rayonu da öz töhfəsini vermişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisində qismən səfərbərlik elan etməsi barədə sərəncamına uyğun olaraq rayonumuzun 452 nəfər sakini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsində qeydiyyatdan keçərək Vətən müharibəsinə yola düşmüşlər. Bütün istiqamətlərdə gedən döyüşlərdə gənclərimiz böyük qəhrəmanlıq və şücaət nümayiş etdirmişlər. Bu müharibədə rayonumuz 8 şəhid vermiş, yüzlərlə yaralananlarımız olmuşdur. Azərbaycan Prezidentinin Sərəncamı ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərmiş yüzlərlə Zərdablı Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif edilmişlər. Şəhidlərimizin adı əbədiləşdirilərək küçələrə adları verilmiş, xatirələrinə abidələr ucaldılmış, bulaqlar tikilmiş və bu istiqamətdə işlər bu gün də davam etdirilir. Gəlmə kəndində şəhidlərin dəfn olunduğu məzarlıq yenidən qurulmuş, Şəhidlərin xatirə parkında 125 şəhidimizin fotoşəkilləri həkk olunmuş xatirə abidəsi quraşdırılmışdır.

Mərasimdə milli məclisin deputatı Jalə Əliyeva çıxış edərək bildirmişdir ki, düz bir il öncə, 27 sentyabr 2020-ci il tarixində təcavüzkar və işğalçı Ermənistanın növbəti qanlı təxribatı və fitnəkarlığına cavab olaraq, Ali Baş Komandan Cənab İlham Əliyev səhər saatlarında Rəşadətli Azərbaycan Ordusuna, Silahlı Qüvvələrimizə bütün cəbhə boyu əks-hücum, əks-həmlə əməliyyatına başlamaq, “Döyüş, vur!” əmri verdi. 27 sentyabr 2020-ci il tarixə İkinci Vətən Müharibəsinin başlanması, Böyük Qələbə və Tarixi Zəfərə gedən yol kimi düşdü. Müharibənin elə ilk saatlarında Azərbaycan Prezidenti Azərbaycan Televiziyası (AzTV) vasitəsilə Azərbaycan xalqına tarixi müraciətini etdi. Ölkə Prezidenti birmənalı və qətiyyətli şəkildə mövqeyini ifadə etdi ki, biz haqq yolundayıq, bizim işimiz haqq işidir, biz zəfər çalacağıq! Prezident İlham Əliyevin tarixi müraciətindən bir neçə saat sonra yüzlərlə, minlərlə, on minlərlə Azərbaycan gənci, Vətən sevdalıları valideynləri ilə birlikdə Səfərbərlik xidmətlərinə axışdılar, ata-analar öz övladlarını sevinc göz yaşlarıyla, dualarıyla Vətənin, Qarabağın müdafiəsinə uğurladılar, yola saldılar.

Millət vəkili qeyd etmişdir ki, Azərbaycan xalqı düşmən üzərində Tarixi Qələbə və müqəddəs Zəfərini qazandı, onu qarşısında diz çökdürdü, təslim etdi. Lakin heç bir Zəfər, heç bir Qələbə itkilərsiz, qansız, Şəhidlərsiz başa gəlmir. Biz 44 gündə minlərlə Şəhid verdik, minlərlə, on minlərlə Vətən sevdalımız Vətən yolunda sağlamlıqlarından keçdi, əlil, qazi oldu. Hər birinə borcluyuq, hər birinə minnətdarıq. Nə etsək də, onların borcunu ödəyə bilmərik və bilməyəcəyik. Müzəffər, Qalib Ali Baş Komandanımız başda olmaqla, hər birinin qarşısında dərin ehtiram və hörmətlə baş əyirik.Onlar bizim Fəxrimiz, Qürurumuz, Dik duruşumuz, Şanımız-Şöhrətimiz, Baş tacımızdırlar!

Anım mərasimində şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları çıxış edərək şəhidlərin xatirəsinə göstərilən bu böyük diqqət və qayğıya görə Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.Sonra Gəlmə kənd qəbiristanlığında dəfn edilmiş şəhidlərin məzarları ziyarət olunmuşdur. Saat 12:00-da rayon ərazisində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rayon ərazisində şəhidlərin xatirəsinə ağacəkmə kampaniyası təşkil edilmiş, 500-dən çox müxtəlif növ ağaclar əkilmişdir. Daha sonra Zərdab rayonundan olan şəhidlərin ailələri ziyarət olunmuşdur.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...