Tahir Rzayev

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

İkinci Qarabağ müharibəsinin başladığı gündən 1 il keçir

Zəfər yoluna çıxdığımız vaxtdan - 27 sentyabr 2020 - ci ildən bir il keçir. Xalqımız həmin günü həsrətlə, səbirlə, köks ötürə - ötürə, işğal altında olan torpaqları gözü yaşlı, qəlbi niskilli düz 30 il gözləməli oldu.

Minlərlə insan torpaq, yurd - yuva dərdini özü ilə əbədi dünyaya apardı. Doğma evlərindən, torpaqlarından didərgin salınan yüz minlərlə soydaşımız ağır illərin çətinliklərinə məharətlə sinə gərərək ürəklərində daimi bir vətən, torpaq sevgisi yaşatdılar. Şəhidlərimizin ruhu rahatlıq tapmadı, əsir şəhər və kəndlərimiz boynu bükük yollara boylandılar, igid oğlanlarımızın, əyilməz əsgər və zabitlərimizin hücum edib azğın düşməni məhv edəcəkləri günü gözlədilər. Ulu Öndərimiz Heydər Əliyev düşmən üzərində qələbə qazanılacaq günün arzusunda idi. O, bu yolda bütün varlığı ilə çalışırdı, siyasi gedişlər etdi. Azərbaycanın haqq səsini bütün dünyaya çatdırsa da, təəssüflər olsun ki, bu günlərimizi - qələbə sevinclərimizi görə bilmədi. Ancaq Ümummilli Liderimiz qələbəyə, azğın düşmənin gec - tez torpaqlarımızdan çıxarılacağına inanırdı və qətiyyətlə bildirirdi ki, “biz Şuşaya gedəcəyik, Ağdam, Kəlbəcər, Zəngilan və digər ərazilərimiz düşməndən azad ediləcəkdir. Əlbəttə o bu mübarizədə özü qədər inandığı və etibar etdiyi oğlu İlham Əliyevə güvənirdi. Bu müqəddəs vəzifəni onun öhdəsinə qoyub əbədi dünyaya qovuşdu və bu gün unudulmaz rəhbərin də ruhu şaddır. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev gecəsini gündüzünə qataraq hər gün, hər an torpaqlarımızın faşistlərdən azad olunmasının yollarını arayıb axtardı. Beynəlxalq tribunalardan erməni vəhşilikləri haqqında tutarlı faktlarla bəyanatlar səsləndirdi, saysız - hesabsız görüşlər keçirdi, müsahibələr verdi və dünyaya haqqın - ədalətin üzünü, erməni faşist ideologiyasının mahiyyətini, ölkələr və xalqlar üçün təhlükəsini göstərdi. BMT Təhlükəsizlik şurasının erməni silahlı birləşmələrinin işğal etdikləri əraziləri qeyri - şərtsiz tərk etmələri haqqında qətnamələrini, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Konfransının, bəzi beynəlxalq təşkilatların qərarlarını, göstərişlərini xatırlatdı. Ermənistanın hərbi - siyasi hakimiyyətini danışıqlara, sülhə gəlməyə səslədi.

Ancaq nə Beynəlxalq təşkilatlar, nə münaqişənin nizamlanmasına bilavasitə cavabdeh olan ATƏT - in Minsk qrupu, nə də erməni təcavüzkarları bu çağırışları eşitmədilər, mühüm sənədlərə əhəmiyyət vermədilər. Əksinə bunu geri çəkilmə, qorxaqlıq, acizlik kimi qiymətləndirdilər və öz havadarlarına arxalanaraq daha da azğınlaşdılar. Sərhədlərimizdə təxribat törədildi, şəhər və kəndlərimiz vaxtaşırı atəşə tutulurdu, dinc sakinlərimiz qətlə yetirilirdi. Suyumuz zəhərləndi, ərazilərimizdə yanğınlar törədildi, hissiyatlarımıza toxunuldu, yeni torpaqlar zəbt edilməsinə cəhdlər göstərildi. 2016-cı ilin aprelində düşmənin burnu qətiyyətlə əzilib bir neçə gündə xeyli ərazilərimiz işğaldan azad olunmasına, 2018 - ci ilin iyulunda erməni faşistləri Tovuz rayonu ərazisində ağır zərbə almalarına baxmayaraq ordumuzun tutarlı əks zərbələrindən lazımi nəticə çıxarmadılar. Çox təəssüflər olsun ki, bu illərdə də beynəlxalq aləm erməni təcavüzkarlarının məkrli əməllərinə göz yumdu. ATƏT - in Minsk qrupu susdu və əksinə bir çox məsələlərdə ermənilərə dəstək verdi. Azərbaycan Prezidenti Ermənistanın yeni torpaqlar zəbt etmək fikrində olduğunu bütün dünyaya bəyan etsə də heç bir beynəlxalq təşkilat və aparıcı dövlət buna lazımi əhəmiyyət vermədi. Bu da düşmənlərimizi daha da ruhlandırdı. Onlar ərazilərimizə muzdlu quldur birləşmələri topladılar, göz görə - görə məskunlaşma həyata keçirdilər. Təbii sərvətlərimizi talamaq üçün xarici şirkətləri torpaqlarımıza cəlb etdilər. Binaları söküb apardılar, meşələrimizi qırdılar, çaylarımızın qarşısını kəsdilər, mədəni, tarixi, dini abidələrimizi, ziyarətgahlarımızı viran qoydular. Erməni təcavüzkarları özlərini işğal edilmiş torpaqların həqiqi sahibləri hesab edirdilər. Şuşanı Qarabağın paytaxtına çevirmək, parlamenti ora köçürmək, müstəqil bir dövlət kimi fəaliyyət göstərmək fikrində idilər. Təcavüzkarlar belə qənaətə gəlmişdilər və düşünürdülər ki, işğal etdikləri ərazilər onlara məxsusdur və bu torpaqlardan onları heç kim çıxara bilməz. “Bu torpaqlar uğrunda qan tökmüşük” fikrində olanlar zənn edirdilər ki, artıq Azərbaycan məğlubiyyətlə barışmışdır. Buna görə də Ermənistanın baş naziri Nikol Paşinyan utanıb qızarmadan mötəbər tribunalardan “ Qarabağ Ermənistandır” bəyanatını səsləndirir, Şuşada yallı gedir, erməni faşistləri torpaqlarımızda kef məclisləri qurur, ən çirkin əməllərə yol verirdilər.

Əlbəttə bu beynəlxalq hüquq normalarına, dövlətlərin müstəqilliyinə, qəbul olunan qətnamələrə, qərarlara böyük hörmətsizlik, Azərbaycan xalqının hissiyyatına toxunmaq, dövlətimizin gücünə, imkanlarına inamsızlıq və əsl quldurluq, qudurğanlıq idi. Faşist ideologiyasını dövlət siyasətinə çevirən, qaniçən, başkəsən andraniklərə, nejdələrə heykəllər ucaldan, cəlladların şəninə dastanlar yazan, şərəfinə küçələr salan bir ölkədən bundan savayı heç nə gözləmək olmazdı. Təəssüflər olsun ki, dünya bunu görmürdü, qiymətləndirmirdi və faşistləri öz əməllərindən çəkindirən yox idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə bütün təsirlərə, təqiblərə baxmayaraq öz mövqeyində qətiyyətli, haqq yolunda dönməz idi. O böyük inamla, cəsarətlə bəyan edirdi: “Heç bir vaxt Azərbaycan torpaqlarında ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verməyəcəkdir,” “Sülh danışıqları fayda verməsə biz torpaqlarımızı hərb yolu ilə azad edəcəyik”, “Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır. Qarabağ Azərbaycandır!”.

Düşmən ölkəmizin rəhbərinin bu bəyanatlarını qulaq ardına vururdu. Müvəqqəti qələbə və havadarlarının dəstəyi onları kor etmişdi. Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq aləmdə qazanılan uğurları, nüfuz və etimadı, ordumuzun təkmilləşməsini, müasir silahlarla təmin olunmasını, əsgər və zabitlərimizin qələbə ruhunu, xalqımızın birliyini, öz Prezidentinə olan sonsuz məhəbbətini, inam və etibarın görmürdülər.

Ancaq onlar bunu Lələtəpə alınanda, aprel döyüşlərində ordumuz öz qətiyyətini göstərəndə görməli idilər. Cənab İlham Əliyev o vaxt qələbəmizə tam inanırdı. Üç il bundan əvvəl o düşmənə öz mesajını verərək bildirmişdi: “Bu gün Lələtəpədə və digər işğaldan azad edilən ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bizim bayrağımız Şuşada dalğalanacaq”.

Bəli Cocuq Mərcanlı işğal altında olan, illərlə düşmən əsarətində inləyən Qarabağ torpaqlarına - Şuşaya, Ağdama, Laçına, Kəlbəcərə, Fizuliyə və digər ərazilərimizə açılan qələbə qapısı oldu və az bir müddətdə qurulan, bərpa edilən kəndin timsalında Azərbaycanın qüdrətini, gücünü görməyənlər, qiymətləndirməyənlər əlbəttə ki, kor idilər.

Bunu yalnız Ermənistan deyil, dünya ölkələri, münaqişənin aradan qaldırılmasyla məşğul olan ATƏT - in Minsk qrupu, beynəlxalq təşkilatlar görməli idilər, torpaqlarımız vaxtında işğaldan azad edilməli, müharibəyə, insan qanının axıdılmasına, anaların gözü yaşlı qalmasına imkan yaradılmamalı, yol verilməməli idi. Cənab İlham Əliyev bu barədə ciddi düşünsə də təəssüflər olsun ki, beynəlxalq aləm bu barədə qəti qərarını vermədi, ermənilər danışıqlara gəlmədilər, onlar xalqımızın inamına, gücünə biganə yanaşdılar.

Ancaq 44 günlük müharibə nəinki erməni təcavüzkarlarına, bütün dünyaya göstərdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev böyük siyasətlə bərabər həm də mətin, uzaq görən sərkərdəlik məharətinə malikdir. Ordumuz onların gözlədiklərindən qat - qat güclü və qüdrətlidir. Azərbaycan xalqı əyilməzdir, çətin gündə dəmir yumuruğa dönməyi, döyüşlərdə qəhrəmanlıq göstərməyi, vətəni, torpağı uğrunda döyüşməyi, lazım gələrsə canını qurban verməyi bacarır.

Azərbaycanlı anaların, ataların nəsiyyətlərini, övladlarına “torpaq uğrunda ölmək şərəfdir. Şəhid olsan başımızı ucaldacaqsan” məsləhətlərini, şəhid olan iki oğlunun tabutunu çiyninə qaldıran ananın ağlamadığını, sızlamadığını, əsgər dostunu xilas etmək üçün düşmən qumbarasını sinəsinə sıxan igid oğlanların cəsarətini, ölümün gözünün içinə düz baxan, oxuya - oxuya, gülə - gülə döyüşə atılan oğullarımızın vətən eşqini duymayan, dərk etməyən düşmən belə ağır məğlubiyyətə düçar olmalı idi və öz korluğunun nəticəsini gördü. Axı onlar aprel, iyul aylarında təxribatlar törədəndə layiqli cavablarını almışdılar və bundan nəticə çıxarmağa çalışmalı idilər. 44 günlük müharibə Azərbaycanın hərb tarixində qızıl səhifədir. Bu müharibənin uğurları, faktiki gedişləri, əsgər və zabitlərimizin şücaəti, xalqımızın əzmi və birliyi, ilk növbədə Azərbaycan Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin uzaq görən siyasəti, qətiyyəti haqqında çox yazılıb və bundan sonra da müharibə mövzusu, qələbə müjdələri xalqımızın qəlbində zaman - zaman çağlayacaqdır.

Müharibədə qazandığımız qələbə dövlət rəhbərinin dediyi kimi, yeni reallıqlar yaratdı və bu reallıqlar Azərbaycanı bütün dünyaya təqdim etdi. Bu reallıq cənab İlham Əliyevin düşünülmüş düzgün siyasi xəttidir. Azərbaycanın iqtisadi inkişafıdır. Dövlətimizin beynəlxalq aləmdə böyük nüfuza və sözə sahib olmasıdır. Ordumuzun təkmilləşdirilməsi, əsgər və zabitlərimizin hərbi sirlərə mükəmməl yiyələnməsi və döyüş qabiliyyətidir, vətən, torpaq sevdasıdır. Xalqımızın birliyi və həmrəyliyidir.

Məhz bu reallıqlar xalqımızın ədalətli və tarixi qələbəsini təmin etdi. Düşmən üzərində qələbə həm də bütün dünyaya bir daha sübut etdi ki, təcavüz, qəsibkarlıq, qəddarlıq əbədi ola bilməz. Haqq, ədalət qalibdir, yenilməzdir.

44 günlük müharibə həm də xalqımıza, dövlətimizə kimin dost, kimin düşmən olduğunu anlatdı, dərk etdirdi. Bu çətin günlərdə Türkiyənin, Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk xalqının daim bizə maddi dəstək verməsi, yanımızda olmaları qələbə əzmimizi artırdı, hər birimizə yeni güc, qüvvət verdi Türkiyənin dövlət rəhbəri bütün məqamlarda ən mötəbər tribunalardan Azərbaycan xalqının ədalətli müharibə apardığını dünyaya yaydı, beynəlxalq təşkilatları haqlı mübarizəni dəstəkləməyə çatdırdı. Pakistan, İsrail, Ukrayna dövlətlərinin müharibə dövründə ölkəmizə, xalqımıza verdiyi dəstək unudulmazdır və həmişə xatırlanacaqdır.

BMT - nin, ATƏT - in, bir çox beynəlxalq təşkilatların münaqişənin nizamlanması yolunda uzun illər həll edə bilmədikləri və icra etmək istəmədikləri məsələləri Azərbaycan Prezidenti, şanlı ordumuz, xalqımız 44 gün ərzində özü təkbaşına həll etdi, erməni təcavüzkarları torpaqlarımızdan qovdular, Ermənistan ordusu darmadağın edildi. Dövlətimizin başçısı müharibədə qələbənin asan qazanılmadığını dəfələrlə xatırladaraq bildirir ki, “Biz bu müharibəni şəhidlərimizin canı - qanı bahasına, hərbiçilərimizin rəşadəti bahasına, dövlətimizin siyasəti hesabına qazanmışıq”.

Ancaq nə qədər çətin, ağrılı olsa da, şəhidlər versək də, şəhər və kəndlərimiz dağılsa da, iqtisadiyyatımıza külli miqdarda ziyan dəysə də qələbədən qürur duyuruq, uğurlarımızla, düşməni susdurmağımızla, təcəvüzkarları alçaltmağımızla fəxr edirik. İkinci Qarabağ müharibəsi Azərbaycanın qəhrəmanlıq tarixidir. 44 günümüzün hər anı bir mətinlik, igidlik, şücaət nümunəsidir. Əlbəttə qələbədən ən çox qürurlanan, sevinən dövlət rəhbəridir. Çünki onun yuxusuz gecələri, torpaqlarımızın azadlığı uğrunda cəhdləri, təşəbbüsləri hədər getmədi, öz parlaq nəticəsini verdi. İndi Prezident daha böyük qələbələr üçün imkanlarını ölçüb - biçir, dağıdılmış, viran edilmiş şəhər və kəndlərimizin, mədəni, tarixi, dini abidələrimizin bərpa edilməsi barədə düşünür. O deyir: Biz ərazi bütövlüyümüzü bərpa etmişik. Biz qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan - Azərbaycan sərhədlərini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq...”

Qalib olmağımıza baxmayaraq Azərbaycan Prezidenti yenə də sülhə, danışıqlara böyük önəm verir, sədaqət nümayiş etdirir, Ermənistanı təcavüzkarlıq əməllərinə bir dəfəlik son qoymağa, fitnələrə, ayrı - ayrı dövlətlərin çirkin niyyətlərinə uymamağa, revanş götürmək barədə sərsəm fikirlərdən, qıcıqlandırıcı bəyanatlardan, boş hay - küydən, şantajdan əl çəkməyə, reallıqları görməyə və qiymətləndirməyə dəvət edir. O, beynəlxalq təşkilatları, Ermənistana havadarlıq edənləri, münaqişəni yenidən qızışdırmağa çalışanları ciddi tənqid etməklə bərabər, onlara öz yerini göstərir, qətiyyətli mövqeyini bildirir və öz əməlləri, həyata keçirdiyi tədbirlərlə qurub yaratmaq eşqində olduğunu, vətəninə, torpağına, xalqına ürəkdən bağlı olduğunu, ədalətə, haqqa, sülhə, əməkdaşlığa böyük dəyər verdiyini və bunu əməlləri ilə sübut etdiyini bütün dünyaya çatdırır.

Qələbəyə gedən yolun ilk günlərini yaşadığımız və onun hər anını unudulmaz bir xatirə kimi qəlbimizdə əzizlədiyimiz bu günlərdə Prezidentimizlə, ordumuzla, xalqımızla, bizə dəstək verən dost ölkələrlə öyünməyə, fəxr etməyə haqqımız vardır. Əminəm ki, bundan sonra daha böyük qələbələrə imza atılacaq, Azərbaycan xalqı dövlətimizin rəhbərliyi altında özünün ən xoşbəxt günlərini yaşayacaqdır. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə