"Bundan sonra öz hərəkətlərini yüz ölçüb bir biçəcəklər" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ölkə başçısı cənab İlham Əliyev Türkiyənin "Anadolu" Agentliyinə verdiyi müsahibə zamanı "Əgər Ermənistandan hər hansı təhdid olarsa, o təhdid məhv edilməlidir", deyə fikir bildirib. Bu konkret olaraq Ermənistanın özünə deyil, həm də Ermənistana dəstək verənlərə konkret olaraq İranda və Rusiyada olan bəzi dairələrə açıq mesaj idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, aydındır ki, Ermənistan artıq nəsə etmək iqtidarında deyil. Artıq ordusu olmadığı üçün, silahlı qruplaşması ilə hansısa bir təhdid forması yarada bilər. Yəni gizlin bir basqın edə bilər, qarşıdurma yarada bilər. Amma bunun ümumilikdə Azərbaycana qarşı hər hansı ciddi bir təhdid yaratması real görsənmir. Samir Hümbətov bu haqda fikirlərini belə izah edib: "Məsələ burasındadır ki, Ermənistanın arxasında duran qüvvələr var. Konkret olaraq Rusiyada və İranda bəzi dairələr açıq şəkildə olmasa da, çox gizlin şəkildə dəstəklərini ifadə edirlər. Bu da, təbii ki, Azərbaycan tərəfindən açıq şəkildə görülmür. Cənab Prezident İlham Əliyev də bu məsələyə toxunub. Cənab Prezident konkret olaraq mesaj verib ki, Ermənistanı qızışdırıb üstümüzə yollamayın, əgər qızışdırıb yollasaz onu konkret olaraq məhv edəcəyik. Bu həm də sülhə çağırışdır. Deyir ki, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan.

Hesab edirəm ki, ölkə başçısı İlham Əliyev onlara mesaj verdi ki, Ermənistanın gələcəyini istəyirsizsə, siz sülh şəraitinə imkan yaratmalısız. Yoxsa Ermənistanı qızışdırıb müharibə vəziyyətinə gətirib onu Azərbaycana qarşı təhdid formasına gətirib çıxartmamalısız. Hesab edirəm ki, bu mesajı həm İran tərəfi, həm Rusiya tərəfi alıb. Oradakı həmin dairələr, anti-Azərbaycan dairələri, anti-türk dairələri bu məsələdən artıq xəbərdardırlar. Onlar Prezidentin nə qədər qəti və sərt bir mesaj verdiyinin şahidi oldular. Hesab edirəm ki, Prezidentin "Anadolu" Agentliyinə verdiyi müsahibə hər şeyi çılpaqlığı ilə ortaya qoydu. Ölkə başçısı, birinci şəxs öz dili ilə Azərbaycanın xarici siyasət strategiyasını və məqsədlərini ortaya qoydu. Mənə elə gəlir ki, ağıllı başlı siyasətçilər, diplomatlar bu müsahibəyə qulaq asdıqda, təbii ki, söhbət xarici siyasətdən gedir. Yəni xarici dairələrdə bu müsahibəyə qulaq asıldıqda onlara hər şey aydın olacaq. Bundan sonra öz hərəkətlərini yüz ölçüb bir biçəcəklər. Əgər Ermənistanın gələcəyini düşünürlərsə, Azərbaycanla mehriban qonşuluq əlaqələri qurmaq istəyirlərsə, bu belə olacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...