Ankarada Vətən müharibəsi şəhidləri yad edilib

Ankara şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 27 sentyabr – Anım Gününə həsr olunmuş mərasim keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun və ölkəmizin Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan anım mərasimində qardaş ölkənin rəsmi şəxslərı, deputatlar, diplomatlar, Ankara ictimaiyyətinin tanınmış nümayəndələri və soydaşlarımız iştirak ediblər. SİA türk mətbuatına istinadən xəbər verir.

Mərasim Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi və hər iki ölkənin ərazi bütövlüyünün təmin olunması uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə çıxış edənlər Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən olan rəşadətli Zəfərdən danışıblar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şanlı döyüş yolu, böyük Zəfərin qazanılmasında qardaş Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstək yüksək dəyərləndirilib. Xalqımızın və türk dünyasının böyük Zəfəri bizə yaşadan şəhid və qazilərimizin qəhrəmanlığını heç vaxt unutmayacağı dönə-dönə vurğulanıb.

Tədbir çərçivəsində II Qarabağ müharibəsinin əzəmətli döyüş səhnələrini, xalqımızın Vətən uğrunda birliyini, həmrəyliyini və sair mühüm məramları əks etdirən fotosərgi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə