"Şəhid qardaşıma məktub" - TƏDBİR

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında 27 Sentyabr - Azərbaycan Respublikasında "Anım Günü"nə həsr olunmuş "Şəhid qardaşıma məktub" inşa-yazı müsabiqəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə ilk olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra "Şəhidlər ölməz" video-çarx nümayiş olundu.Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov 2020-ci ilin Azərbaycan xalqının uzunəsrlik tarixinə qızıl hərflərlə yazdığını bildirdi. Qeyd etdi ki, otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti sayəsində təcavüzkar Ermənistanın işğalından azad edildi: "Haqq və ədalət uğrunda 44 günlük Vətən müharibəsi möhtəşəm Zəfərimizlə nəticələndi. Tariximizin əbədi qəhrəmanlıq salnaməsi olan bu Zəfər yüzlərlə şəhidimizin qanı ilə yazıldı. Vətənin müdafiəsinin qalibiyyət simfoniyasının yazılmasında savaşa könüllü olaraq qoşulmuş yüzlərlə gəncimiz sağlamlıqlarını da qurban verdi. Müstəqilliyimiz, Vətənimizin ərazi bütövlüyü, namus və ləyaqətimiz uğrunda mübarizəyə qatılmış bu cəsur fədailər Azərbaycan xalqının başını uca etdilər. Heç vaxt unutmayacağımız bu qəhrəmanlar hər bir Azərbaycan anasının əziz övladı, xalqımızın qüruru və iftixarı oldu. Rəşadət rəmzi olan bu qəhrəmanlar bugünkü və sabahkı gəncliyin əbədi amalı və and yeri oldu. Onların uyuduğu məkan müqəddəs ziyarətə çevrilib".

Rayon təşkilat sədri qeyd etdi ki, bu il Azərbaycan xalqı ilk dəfə olaraq 27 sentyabr tarixini Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Şəhidlərin Anım Günü kimi qeyd edir və bu münasibətlə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən rayon ərazisində yerləşən ali məktəb tələbələri arasında "Şəhid qardaşıma məktub" inşa yazı müsabiqəsi keçirilib.

Tədbirdə çıxış edən millət vəkil Məlahət İbrahimqızı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində əldə edilən uğurların bu qələbəyə zəmin yaratdığını söylədi və bu Zəfərin Azərbaycan tarixinə əbədi həkk olunduğunu bildirdi. Sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyininin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, şəhid atası Kərimli Ceyhun və başqaları çıxış edərək 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərdən danışaraq, şəhidlərimizin qanı ilə 30 illik işğala son qoyulduğunu bildirdilər.Sonda inşa müsabiqəsinin qaliblərinə rayon təşkilatının sertifikatları təqdim olundu.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə