“İctimai qınaq korrupsiya ilə mübarizədə böyük effekt verir” - DEPUTAT ŞƏRH ETDİ

Ölkədə islahatlar həyata keçirilir və bu islahatlar təbii ki, yeni idarəetmə sistemlərinə kadrların, yeni kadrların, başqa təfəkkürə malik olan kadrların cəlb olunması ilə davam edir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı, siyasi şərhçi Asim Mollazadə deyib.

Millət vəkili vurğulayıb ki, ümidvaram, bu islahatlar, struktur islahatları idarəetmə sistemində də islahatları həyata keçirə biləcək.

“Çox vaxt korrupsiya, məmur özbaşınalığı məhz onların üzərində nəzarətin də az olduğunu görə olur. Cənab Prezidentin büdcə ilə bağlı vurğuladığı məqam da onunla bağlıdır ki, bilavasitə büdcədən məsuliyyətsiz məmurlar tərəfindən oğurluq baş verib. Bu bir çox faktlarla artıq təsdiqini tapıb, istintaqlar davam edir. Bunun qarşısını almaq üçün sistemli islahatlar, struktur islahatları aparılmalı və məmurların sayı çox ciddi azalmalıdır.

Yerli özünüidarəetmə sistemində də müvafiq dəyişikliklər ümidvaram ki, gələcəkdə nəzərdə tutulub və təbii ki, ictimaiyyətin, medianın rolu da bu proseslərdə çox mühümdür. Çünki ictimai qınaq qaranlıq məqamlara işıq salmaqda, korrupsiya ilə mübarizədə böyük effekt verir.

Bununla yanaşı, mən xüsusi olaraq, müsbət hal kimi, korrupsiya ilə mübarizə halı kimi yeni texnologiyaların istifadəsini də qeyd etmək istərdim. Asan Xidmətin yaradılması əslində, bir sıra sahələrdə xırda rüşvətxorluq və korrupsiya hallarının qarşısını alıb və bu proseslər daha da genişlənməlidir, nəzarət bu istiqamətdə daha da arta bilər”, deyə Asim Mollazadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə