Linn Treysi, Kaliforniya ermənilərinin statuslarını nə vaxt verəcəksiniz? SİYASİ REPLİKA+ÖZƏL

Və ya ABŞ-ın Ermənistandakı səfiri bir həqiqəti anlamalıdır ki..!

Yəqin ki, bir müddət əvvəl ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Qarabağın “statusu” barədə verdiyi təxribatçı bəyanatını unutmamısınız. Bu həmin “damadır” ki, ötən ay Zəngəzura səfər edərkən də bənzər sərsəmliyini ora-bura əyilərək nə danışdığının fərqinə vara bilmədiyi dilinə gətirmişdi. Sən demə, amerikalı səfirin “düşüncəsinə” görə, “Dağlıq Qarabağ münaqişəsi” onun “statusu” məsələsi dəqiqləşdirilmədən həll edilmiş hesab oluna bilməz və s. Düzdür, biz bu kimi təxribatçı bəyanatları “bla...bla...bla...” - yəni boş çərənləmə kimi də qiymətləndirib üzərindən sakit keçə bilərdik. Ancaq belə görünür ki, atalarımız demişkən, “Hürən köpəyə daş atmasan, zəncirini qırar” məsəlini də zaman-zaman xatırlamalıyıq.

Bəs nə deyir Linn Treysi? - “Dağlıq Qarabağın statusunun həll olunduğunu hesab etmirik... Amerika tərəfinin mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağın statusu Minsk qrupunun gündəliyində qalmaqdadır”

Amma məsələnin əsas tərəfi də budur ki, amerikalı səfir hələ də öz köhnə ab-havasında qalmaqdadır və eyni fikirlərini Arara tutuquşusu kimi təkrarlayır, “status” ətrafında təxribatçı manipulyasiyalara yol verir. Maraqlıdır ki, səfir bu iddialarını səsləndirərkən ABŞ dövlətinin adından danışdığını ya unudur, ya da elə təmsil etdiyi dövlətin sifarişini həyata keçirir. Buna da şübhə yoxdur. Yoxdur ona görə ki, təmsil etdiyi dövlət qondarma erməni soyqırımını tanıdı, təmsil etdiyi ölkə rəhbərliyi başdan-başa ermənipərəst lobbiçilərlə aşıb-daşır.Yəni sözügedən bəyanatdan hiddətlənsək də, ondan təəccüb etməməliyik.

Bir daha həmin təxribatçı və sərsəm bəyanata diqqət yetirək. Nə deyir Linn Treysi. SİTAT: “Vurğulamaq istəyirəm ki, mən dəfələrlə bu haqda demişəm: biz (yəni ABŞ) Dağlıq Qarabağın statusunun həll olunduğunu hesab etmirik. Biz iki ölkə arasındakı problemin kompleksli həllini görürük. Amerika tərəfinin mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağın statusu Minsk qrupunun gündəliyində qalmaqdadır”. Bax belə..!

Çox hörmətsiz Linni, siz, yəni ABŞ yaxşı olardı ki...

İndi isə bir zəhmət, Linn Treysiyə bəzi xatırlatmaları etməyin tam zamanıdır. Çox hörmətsiz Linni, siz, yəni ABŞ yaxşı olardı ki, torpaqları 30 ilə yaxın dövrdə erməni işğalına məruz qalmış Azərbaycan dövlətinin və xalqının hansı əziyyətlərə, əzablara, soyqırımlarına, talanlara tab gətirməsi haqqında danışardınız, amma danışmadınız. Ölkənizin də təmsil edildiyi Minsk qrupu bu illər ərzində yeyib-içərək boyunlarını yoğunlatmaqla məşğul oldular. Halbuki, Azərbaycan torpaqlarının işğala məruz qalması, bir milyon azərbaycanlının yurdlarından didərgin düşmələri, qətl edilmələri, tarixi, dini, mədəni abidələrimizin dağıdılaraq məhv edilməsi və s. faktları BMT-nin dörd qətnaməsində və s. nüfuzlu təşkilatların bəyanatlarında dəfələrlə vurğulanırdı. Heç ucuz ömrünüzdə bir dəfə də olsun bu haqda düşündünüzmü? Gerisinə ehtiyac da qalmır.

Bu da azmış kimi Linn Treysi həm də Ermənistanın revanşçı qüvvələrinin əllərinə oynayan kartı masaya atır. Yəni münaqişə ocağı tam sönməyib, onun üzərinə benzin tökməklə yenidən alovlandırmaq olar. Bu, amerikalı səfirin sərsəmləmələridir...

Vaşinqton Cənubi Qafqazda dəyişilən reallıqları, dağıdılan stereotipləri qəbul etmək, həzm etmək marağında deyil

Görünür, 44 günlük müharibədən sonra Vaşinqton Cənubi Qafqazda dəyişilən reallıqları, dağıdılan stereotipləri qəbul etmək, həzm etmək marağında deyil. Ona görə də bu amerikalı “damanı” ortalığa ataraq, əslində, aşkar mövqeyini ortaya qoymaqdadır. Amma nahaq yerə. Çünki bizim Prezidentimiz, bizim Ali Baş Komandanımız “Dağlıq Qarabağ” ifadəsinin mövcud olmadığını vurğulaması ilə yanaşı, “status” məsələsini də çoxdan - 10 ay əvvəl cəhənnəmə, göra göndərib, yəni gedər-gəlməzə!

İndi sən kim olursan ki, mənim dövlətimin, dövlət başçımın verdiyi qərarı üzərindən düşmən yuvasında oturmaqla günaşırı şəkildə banlayasan?

Linn Treysi inanırsa ki, dünya xəritəsinin hansısa nöqtəsində belə bir yer mövcuddur, getsin oralarda “status” adlı şeyi axtarsın

Hə, əgər ABŞ müharibədən sonra burada başlayan yeni nəfəsdən - iqtisadiyyat və nəqliyyat məsələlərində, siyasi proseslərdə iştirakıya çevrilə bilmirsə, bunun da günahı bizdə deyil, elə Vaşinqtonun özündədir. Hətta bu gün də həmin günahı özlərində axtarmalıdırlar, elə Linn Treysinin “siması” vasitəsi ilə.

Axı Minsk qrupunun üzvü olması ilə yanaşı, həm də dünyanın “jandarmı” olan ABŞ-a nə mane olurdu ki, BMT-nin məlum dörd qətnaməsi vaxtında və qeyd-şərtsiz qüvvəyə minsin, həyata keçirilsin? Bunundamı günahı Azərbaycandadır?

Artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi də mövcud deyil və Linn Treysi inanırsa ki, dünya xəritəsinin hansısa nöqtəsində belə bir yer mövcuddur, getsin oralarda “status” adlı şeyi axtarsın. Azərbaycanda isə bütöv, ayrılmaz, azad bir Qarabağ regionu mövcuddur və bu regionun qısa müddətdə dünyanın ən cənnətməkan yerlərindən birinə çevriləcəyinə kimsənin şübhəsi də yoxdur. Hələ biz Şərqi Zəngəzur regionunu demirik!

Sonda isə, əgər Linn Treysi həqiqətən də, heç bir riya və yalan danışmadan Azərbaycanla Ermənistan arasındakı problemin “kompleksli həllini” istəyirsə, dilini dinc qoysun və ölkəmizin daxili işlərinə amerikasayağı burnunu dürmələməsin. Özünü dünya jandarmı kimi hiss edən Vaşinqton isə onun iştirakı olmadan da hər hanası bölgələrdə problemlərin həll olunması faktı ilə barışmağa alışsın - məsələn, Azərbaycanda olduğu kimi!

O da yaxşı olardı ki, Linn Treysi Kaliforniyada yaşayan ermənilərin statusları barədə düşünsün və rəhbərliyinə bu məsələ ilə bağlı müraciət ünvanlasın. Konqres və Senat isə məsləhətləşmələr aparmaqla kaliforniyalı ermənilərə status versin. Üstəlik, Fransaya da tövsiyə etsin ki, Marsel erməniləri də status alsınlar. Məgər Fransa da ABŞ kimi Minsk qrupunun həmsədr ölkələrindən deyilmi?

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə