"Biz bu gün üçün bütün türk şəhidlərinə minnətdarıq" - PARTİYA SƏDRİ DANIŞDI

"103 il əvvəl Azərbaycan fəlakətlər yaşadığı bir vaxtda qardaş ölkənin Qafqaz İslam Ordusu Bakıya gəldi. Qafqaz İslam Ordusu Azərbaycanın yenicə yaradılmış ordusu ilə birgə çox böyük çətinliklərlə üzləşmələrinə baxmayaraq, bolveşik-daşnaq dəstələrini darmadağın edib Bakıya daxil oldular". SİA-nın verdiyi məlumata görə, bu fikirləri jurnalistlərə açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə bununla da Azərbaycanın müstəqilliyi üçün geniş imkan açıldı və Azərbaycan yeni dövrə qədəm qoydu: "Bu, ən çətin zaman kəsiyində Türkiyə-Azərbaycan münasibətlərinin bizə verdiyi tarixi qürurdur. Düz 102 il sonra yenidən sentyabr ayının 27-də Azərbaycan ermənilər və onların arxalarında duranlara qarşı özünün Vətən müharibəsinə başlayanda yenə qardaş Türkiyə bizimlə bərabər oldu. Bu dəfə həm siyasi, həm də mənəvi dəstək verdi. Qürurluyuq ki, biz türkük və bu gün çox sevincli anlar yaşayırıq".

F.Ağamalı vurğulayıb ki, artıq Azərbaycan Türkiyə ilə müttəfiqlik müqaviləsi içərisindədir: "Şuşa Bəyannaməsi Azərbaycana geniş imkanlar açır. Bu gün Azərbaycan, Türkiyə və Pakistan hərbiçilərinin birgə təlimləri keçirilir. Azərbaycan güclü üçlüyün içərisində Qafqazda parlamaqdadır. Biz bu gün üçün hər bir türk şəhidinə tarix boyu minnətdarıq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə